Türkiyədə ikinci “Petkim” neft-kimya zavodu tikiləcək İqtisadiyyat

Türkiyədə ikinci “Petkim” neft-kimya zavodu tikiləcək

İkinci "Petkim" neft-kimya zavodunun qurulmasına gələn ilin iyun ayından başlanacaq. Anadolu agentliyi xəbər verir ki, bu barədə "SOCAR Turkey Enerji A.Ş."nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib. Z.Qəhrəmanov bildirib ki, SOCAR İzmirdə həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksi layihəsi üzrə yekun investisiya qərarının (FID) gələn ilin aprel ayına qədər qəbul olunmasını nəzərdə tutur. İyundan isə zavodun qurulması işlərinə başlanacaq: "Əliağada inşa ediləcək ikinci neft-kimya zavodunda 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlində istehsala başlanması planlaşdırılır. Bu investisiya ilə Türkiyənin neft-kimya məhsulları üzrə idxalının 40 faizinin təmin edilməsi nəzərdə tutulur".
Türkiyənin ilk neft-kimya zavodu olan "Petkim"in illik 3,6 milyon ton neft-kimya məhsulu istehsal etdiyini deyən Z.Qəhrəmanov ikinci "Petkim"in isə ölkədə böyük tələbat olan neft-kimya məhsullarının istehsalını həyata keçirəcəyini qeyd edib. Xatırladaq ki, cari ilin birinci rübündə "Petkim PetroKimya Holding A.Ş."nin xalis mənfəəti 131,4 milyon türk lirəsi təşkil edib. Hesabat dövründə "Petkim"in gəliri isə 1,88 milyard türk lirəsinə çatıb. Şirkətin 2017-ci ilin müvafiq dövründəki xalis mənfəəti 365,9 milyon türk lirəsi, gəliri 1,77 milyard lirə olmuşdu.
SOCAR 2008-ci ildə "Petkim" şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. Hazırda "Petkim"in 51 faizlik səhmi SOCAR-a məxsusdur. O dövrdə "Petkim"in dövriyyəsi 2,1 milyard türk lirəsi olub. 2017-ci ilin üçüncü rübündə isə bu göstərici 4,5 milyard türk lirəsi, mənfəəti isə 1 milyard lirə təşkil edib. Yəni, 2016-cı və 2017-ci illər "Petkim" üçün rekordlarla dolu illər olub. Bu illər ərzində "Petkim"in yaxşılaşdırılması üçün 760 milyon dollar investisiya qoyulub. Şirkət üçün ciddi bir sərmayə proqramı var və bu investisiya 2009-2012-ci illər arasında tədricən həyata keçirilib. Hazırda "Petkim" Türkiyənin ən böyük şirkətlərindən biridir. SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini "SOCAR Turkey Enerji A.Ş." adı ilə davam etdirir. STEAŞ "Petkim"də təxminən 51 faizlik paya sahibdir.