Formula 1: “Maklaren” FIA-nın qərarından apellyasiya şikayəti verib İdman

Formula 1: “Maklaren” FIA-nın qərarından apellyasiya şikayəti verib

“Maklaren” komandası Formula 1 üzrə Monako Qran-Prisindən sonra fransalı pilot Pyer Qasli ilə bağlı qəbul edilən qərara etiraz edib.

AZƏRTAC xəbər verir ki, Britaniya təmsilçisi Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Beynəlxalq Apellyasiya Məhkəməsinə rəsmi müraciət ünvanlayıb.

Komandanın narazılığı Monako Qran-Prisi zamanı pit-leyn sürət həddinin pozulmasına görə Qasliyə verilmiş cəzanın sonradan ləğv olunması ilə bağlıdır. “Maklaren” hesab edir ki, bu qərar idman prinsiplərinə ziddir və digər komandalar üçün bərabərsiz şərait yaradır.

Komandanın yaydığı bəyanatda bildirilib ki, bütün iştirakçılar yarış həftəsonu ərzində eyni qaydalar əsasında mübarizə aparıblar və qəbul olunmuş qərarlara uyğun hərəkət ediblər. Sonradan cəzanın ləğv edilməsi isə bəzi komandaların zərərinə işləyən presedent formalaşdırır.

“Maklaren” vurğulayıb ki, apellyasiya müraciəti hər hansı rəqib komandaya qarşı deyil, çempionatın ədalətli və şəffaf idarə olunması məqsədi daşıyır. Məsələ ilə bağlı digər komandalar da narazılıqlarını ifadə ediblər. Məlumata görə, “Red Bull” da FIA-nın qərarından apellyasiya şikayəti verməyə hazırlaşır. Komanda hesab edir ki, Qaslinin cəzasının ləğvi nəticəsində pilotu İsak Hacar podiumun üçüncü pilləsini itirib.

“Mercedes” rəhbəri Toto Volf isə komandasının qərarla bağlı yenidən baxılma proseduruna başlayacağını açıqlayıb. Hazırda Almaniya təmsilçisi FIA-nın müraciəti qəbul edib-etməyəcəyini gözləyir.