Özəl pensiya fondları yaradıla bilər İqtisadiyyat

Özəl pensiya fondları yaradıla bilər

Bunun üçün onlar zəruri infrastruktura malik olmalıdır

Tural

Dünən sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması sahəsində Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Avropa İttifaqının birgə layihəsinin Rəhbər Komitəsinin iclası keçirilib. DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, iclasda layihənin fəaliyyətə başlamasından ötən dövr ərzində görülən işlər, növbəti mərhələdə qarşıda duran vəzifələr müzakirə olunub.
DSMF-nin şöbə müdiri, Rəhbər Komitənin üzvü Nigar Pənahova bildirib ki, yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və inkişaf etdirilməsi konseptual araşdırma işinin aparılması, bu istiqamətdə ortalığa çıxa biləcək kompleks sualların aydınlaşdırılması, eləcə də müxtəlif inzibati, hüquqi, maliyyə və digər əlaqədar sahələr üzrə hazırlıq işlərinin həyata keçirilməsini zəruri edir. Bu baxımdan xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də fərdi uçot sisteminin tətbiqi ilə bağlıdır.
N.Pənahova qeyd edib ki, ölkəmizdə sığorta-pensiya sistemində fərdi uçotun tətbiqi mühüm əhəmiyyət kəsb edir. Belə ki, işləyən şəxsin gələcək dövlət pensiya təminatı onun sığorta stajından və fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından birbaşa asılıdır. Ötən dövr ərzində dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi və inkişafı məqsədi ilə mühüm vəzifələr yerinə yetirilib, bu sahədə normativ hüquqi baza yaradılıb, zəruri infrastruktur qurulub, 2 mln. 800 min nəfərdən çox şəxsə fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb. Eyni zamanda, sığortaolunanlara dair illik hesabatların qəbulu və müvafiq məlumatların fərdi şəxsi hesablarda əks etdirilməsi, sığortaolunanların bu məlumatları maneəsiz əldə edə bilməsi və öz pensiya kapitalına, həm də işəgötürəninin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanının təmin edilməsi üçün mühüm işlər həyata keçirilib.
Sığorta-pensiya sistemində yığım komponentinin məqsədləri üçün də fərdi uçotun müvafiq qaydada tətbiqinin təmin olunacağını deyən N.Pənahova vurğulayıb ki, bunun qeyri-dövlət pensiya təminatı sahəsində reallaşdırılması vacib olmaqla yanaşı, eyni zamanda, bu sahədə fəaliyyət göstərəcək özəl pensiya fondlarının zəruri infrastruktura malik olmasını şərtləndirir.
Xatırladaq ki, Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində təsdiqlənmiş və benefisiarı Dövlət Sosial Müdafiə Fondu (DSMF) olan Tvinninq layihəsi üzrə müqavilə qüvvəyə minib. DSMF sədri Elman Mehdiyev bildirib ki, qeyd edilən Tvinninq layihəsinin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin və özəl pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq. Bu əsasda məcburi dövlət sosial sığortası ilə yanaşı, könüllü sosial sığortanın inkişafı vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanlar yaradacaq.
Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində "Sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi və özəl pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna dəstək" adlı Tvinninq layihəsi üzrə ilkin danışıqlar 2010-cu ildə başlayıb. Ötən dövr ərzində, layihə ilə bağlı geniş müzakirələr və ilkin hazırlıq işləri aparılaraq detalları dəqiqləşdirilib, habelə layihə üzrə müvafiq müqavilə tərtib edilib. Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində müəyyən edilmiş prosedur qaydalarına uyğun şəkildə təsdiq olunaraq imzalanmış müqavilə cari ilin aprel ayında qüvvəyə minib. Qeyd edilən Tvinninq layihəsi Latviyanın Rifah Nazirliyi və Almaniyanın Əmək və Sosial İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək.
Bu sahədə hələlik bir çox suallar da var. İlk növbədə istər dövlət pensiya sistemində yığım komponentinin tətbiqi, istərsə də qeyri-dövlət pensiya fondlarının yaradılmasının kənar amillərdən asılılığı mövcuddur. Burada əsas məsələ vətəndaşın fərdi hesabında real toplanan pul vəsaitinin gələcəkdə, uzun müddətdən sonra, onun pensiyaya çıxacağı vaxta qədər bazar təsirləri, inflyasiya risklərindən, maliyyə bazarının mənfi tendensiyalarından qorunmasıdır. Ona görə də qeyd edilən komponentlərin tətbiqi ölkədə maliyyə bazarının inkişafını qabaqlamadan reallaşdırmaq lazımdır.
Məsələ ilə bağlı ikinci mühüm amilin yığım hesabları vasitələrinin hansı mənbə hesabına formalaşmasıdır ki, bir çox ölkələrdə bu, məcburi, digərlərində könüllü yığım komponentləri şəklində tətbiq olunur. Qlobal maliyyə böhranı və Fondun təcrübəsi göstərib ki, bir çox ölkələr məcburi yığım komponentindən imtina edib. Çünki məcburi yığılan vəsaitlər dövlət tərəfindən yerləşdirildikdən sonra, onlar konkret divident gətirilməli olduğu halda, bu, baş verməyib, əksində, sistemdə çökmə baş verib.
İkincisi, Azərbaycan kimi sosial sığorta normativləri aşağı olan dövlətlərdə məcburi hissənin hansı tərkibinin dövriyyədən kənarlaşdırılaraq yığım komponentinə yönləndirilməsi məsələsi həll edilməlidir. Belə ki, sosial sığorta normativlərinin artırılması ilə nə işəgötürən, nə də işçi razılaşır. Bir sözlə, bu sahədə araşdırmalar aparılıb və konkret nəticələr irəli sürülüb. Yekun təkliflər DSMF, Maliyyə Nazirliyi və s. qurumlarla yeni Pensiya İslahatı Konsepsiyasının yeni müddəalarını təşkili edir. Sənəd təsdiq olunandan sonra, ölkədə yığım komponentinin tətbiqi, həm də qeyri-dövlət pensiya fondlarının hansı əsaslarla fəaliyyət göstərəcəyinin aydın elementləri məlum olacaq. Məhz bu əsaslarla da normalara uyğun olaraq "Tvinninq" layihəsi ilə qanunvericilik formalaşdırılacaq.
Əslində Azərbaycanda üç pilləli pensiya təminatı sistemi qurulur. Birincisi, həmrəylik prinsipinə, nominal yığıma əsaslanan və bu gün qüvvədə olan sistemə əsaslanan sistemdir. İkinci sistem real yığıma əsaslanır, üçüncüsü isə özəl pensiya fondlarıdır. Bir ara DSMF-da hesab edirdilər ki, I və II sistemin normal fəaliyyət göstərməsi üçün sosial sığorta haqları 35%-ə çatdırılmalıdır. Artırılan 10%-in böyük hissəsinin işçilərin hesabına ödənilməsi məqsədəuyğun sayılırdı. Məsələn, Almaniyada sosial sığorta haqlarının yarısını işəgötürən təşkilat, yarısını işçi ödəyir. Doğrudur, hazırkı Azərbaycan reallığında sosial sığorta haqlarını bu həddə çatdırmaq mümkün deyil. Amma "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda sosial sığorta haqlarının tədricən artırılması nəzərdə tutulub.
Hazırda Azərbaycanda sosial sığorta haqlarının dərəcəsi 25%-dir. Bunun 22%-ni işəgötürən təşkilat, 3%-ni isə işçi ödəyir. Əslində indiki məqamda DSMF-nin sosial sığorta dərəcəsini artırmaq niyyəti düzgün strategiya sayıla bilməz.