Nazirlik turizm şirkətlərini bir araya gətirir İqtisadiyyat

Nazirlik turizm şirkətlərini bir araya gətirir

Azərbaycan Konqreslər Bürosunun "Açıq qapılar" tədbiri keçiriləcək

Tərlan

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu 2014-cü il üçün fəaliyyət planındakı hədəflər çərçivəsində nəzərdə tutulan "Açıq qapılar" tədbiri üzrə hazırlıqlarını başa çatdırıb. Xatırladaq ki, Büronun ilk dəfə keçirəcəyi tədbir sentyabrın 4-də, saat 10:00-da "Fairmont Baku" mehmanxanasında baş tutacaq və tədbirə mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev sədrlik edəcək. Tədbir Büroya üzv olan mehmanxana və turizm fəaliyyəti ilə məşğul olan şirkətləri, Azərbaycanın biznes turizmi sahəsində çalışan müxtəlif şirkət və firmaları bir araya gətirəcək.
Tədbirin əsas məqsədi iştirakçıları Azərbaycan Konqreslər Bürosunun işi, məqsəd və hədəfləri ilə dahha yaxından tanış etmək, Büronun təsisindən bu vaxta qədər gördüyü işlər və gələcək planlarını təqdim etmək, Büronun üzvlərini tanıtmaqdır. Bu da öz növbəsində, Büronun fəaliyyəti barədə daha geniş kütlələrin məlumatlandırılmasına imkan verəcək.
Tədbirdə Büroya üzv olmaq istəyən şirkət və mehmanxanalara, eləcə də biznes turizmi bazarının digər iştirakçılarına Büroya üzvlüyün açacağı imkanlar təqdim olunacaq.
Büronun üzvlərindən "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti cənab Arif Məmmədov və "JW Marriott Hotel Absheron Baku" mehmanxanasının baş direktoru Martin Kleinmann tədbirdə çıxış edərək Büro ilə əməkdaşlıqları barədə öz təcrübələrini bölüşəcəklər.
Tədbir iştirakçıları arasında Almaniyanın MICE (biznes turizmi) bazarının təmsilçiləri də olacaq. Büronun təşkil edəcəyi tanışlıq səfəri çərçivəsində ölkəmizi ziyarət edəcək alman mütəxəssislər Azərbaycanda biznes turizmi sahəsinin inkişaf potensialı üzrə görüş və təkliflərini paylaşacaqlar.
Qeyd edək ki, 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Büronun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.
Ölkənin beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi iqtisadiyyatın hər bir sahəsinə müsbət təsir edəcək. Belə ki, biznes turizmi sahəsinin inkişafı nəqliyyat sahəsinin gəlirlərinin artmasına (transfer xidmət təminatçıları, ictimai nəqliyyat və taksi, avtomobil icarəsi), mədəniyyət, turizm və tədbir məkanlarının tanınmasına (konqres, sərgi və konfrans mərkəzləri, mehmanxanalar), tədbir təşkilatçısı firmaları, MICE agentlikləri, səyahət agentlikləri və əyləncə şirkətlərinin, habelə yüksək texnologiya sahələri, IT təchizatçılar, mobil telekommunikasiya şirkətləri və konfrans təchizatçılarının daha da inkişaf etməsi və daha çox gəlir əldə etməsinə imkan verəcək.
Büronun əsas hədəflərindən biri də yüksək peşəkarlığı və rəqabətə davamlılığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqı (Azerbaijan Meeting Alliance) yaratmaq və inkişaf etdirməkdir. Belə bir ittifaq ölkənin MICE bazarında işləyən təşkilat və müəssisələri bir araya gətirərək onların inkişafına və regional oyunçulara çevrilməsinə yardımçı olacaq.
Hazırda Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqə qurur, bazar iştirakçılarını ölkəyə cəlb etmək və bütün maraqlı MICE bazarı iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir ki, bunların arasında "EIBTM" və "IMEX" beynəlxalq işgüzar turizm sərgiləri, M&I Avropa Forumlarını və s. nüfüzlu tədbirləri qeyd etmək olar. Büro, eyni zamanda, üzvləri üçün seminar və treninqlər təşkil edir, hədəf bazarları - Rusiya və Almaniyadan olan biznes turizmi bazarının iştirakçıları üçün tanışlıq səfərləri təşkil edir.
Büronun üzvləri sırasında ölkənin biznes turizmində aparıcı mövqe tutan 14 şirkət var.