BTC ilə ötən ay 2,5 mln. tondan çox neft nəql edilib İqtisadiyyat

BTC ilə ötən ay 2,5 mln. tondan çox neft nəql edilib

Bu ilin yanvar ayında Azərbaycanda magistral neft kəmərləri ilə 3 161,4 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 2,8% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, nəqletmənin 79,4%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və ötən il bu kəmər vasitəsilə 2 509,3 min ton neft ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5%-lik azalma).

"Dövr ərzində BTC kəməri ilə 276,1 min ton tranzit nefti də (27,8% azalma – red.) nəql edilib", - məlumatda deyilir.

Qeyd edək ki, ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

Xatırladaq ki, "BTC Co."nun səhmdarları sırasına isə BP (30,1%), "AzBTC" (25%), MOL (8,9%), "Equinor" (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), ITOCHU (3,4%), INPEX (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%) şirkətləri yer alıb.