Yenilənən “Baku Steel Company” regionda bənzəri olmayan layihə həyata keçirir İqtisadiyyat

Yenilənən “Baku Steel Company” regionda bənzəri olmayan layihə həyata keçirir

“Baku Steel Company”də istehsalatın müasirləşməsinə, məhsulların keyfiyyətinin daha da yüksəldilməsinə, avandanlıqların yenilənməsinə diqqət artırılıb.

Əsas fəaliyyət profili poladəritmə olan şirkətdə hazırda iki fasiləsiz pəstahtökmə maşını (FPTM) mövcuddur. Lakin Azərbaycan iqtisadiyyatına daha böyük töhfələr verməyi hədəfləyən BSC üçüncü, daha müasir, yeni nəsil FPTM və vakuumator qurğusu quraşdırmağa başlayıb. Regionda ilk dəfə olaraq istifadəyə veriləcək yeni istehsal xətti indiki ilə müqayisədə daha qısa müddətə, daha az itki ilə, daha çox və yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan verəcək.

Türkiyənin tanınmış “Demora” şirkətinin istehsalı olan 10,25 metr radiuslu yeni FPTM-nın yaxın günlərdə işə salınması planlaşdırılır. Bu istehsal xəttinin köməyi ilə poladın markasından asılı olaraq həm standart ölçüdə, həm də sifarişçinin tələbinə uyğun uzunluqlarda kvadrat və dairəvi pəstahlar tökmək mümkün olacaq. Yeni istehsal xəttindən (ø130 ÷ 250 mm-lik) dairəvi pəstahları qapalı şırnaqla və elektromaqnitli qarışdırıcı ilə tökmək üçün istifadə ediləcəkdir. Vakuumator qurğusundan istifadə edərək poladın tərkibini qeyri-metallik birləşmələrdən təmizləməklə, maşınqayırmada, hərbi-müdafiə sənayesində, aviasiyada və s. sahələrdə istifadə olunan daha yüksək keyfiyyətli poladların istehsalı mümkün olacaqdır. Bu legirli poladların hamısı əsasən xaricə ixrac olunacaqdır. Yeni maşın xüsusən neftçıxarma sənayesində istifadə edilən daha yüksək sıxlığa malik boru pəstahların da tökülməsinə, bu isə öz növbəsində yüksək dərinlik təzyiqinə davamlı boruların istehsalına imkan verəcək.

Bu günlərdə isə BSC-da korroziyaya davamlı poladlar sinfinə aid olan “13ХМФА” markalı ilk təcrübi ərintinin tökülməsi həyata keçirilib. Bu ərintinin bütün kimyəvi və metalloqrafik analizləri müvafiq standartların tələblərinə uyğundur. Bu pəstahlardan Rusiyanın neft- qaz istehsalçı şirkətlərinin sifarişi ilə korroziyaya davamlı borular istehsal etmək üçün istifadə olunacaqdır.

Qeyd edək ki, 2001-ci ildə fəaliyyətə başlayan “Baku Steel Company” MMC Cənubi Qafqazın ən böyük özəl metallurgiya şirkətidir. BSC hazırda bir ədəd 60 tonluq və bir ədəd 30 tonluq elektrik qövs sobasından ibarət 2 əritmə sexinə, 3 çeşidli yayma xəttinə, bir ədəd tikişsiz boru istehsal edən yayma xəttinə, bir ədəd spiralvari tikişli boru istehsal edən yayma xəttinə, bir ədəd fasonlu tökmə istehsal edən mini zavoda və bir oksigen zavoduna sahibdir.

“Baku Steel Company” yüksək keyfiyyətdə armatur, katanka (məftil), kvadrat və dairəvi pəstahlar, kvadrat və dairəvi çubuqlar, tikişsiz və spiralvari tikişli borular, habelə çeşidli fasonlu tökmələr istehsal edir. Burada həmçinin şveller, künclüklər, ikitavrlar da buraxmaq mümkündür. BSC-nin İSO 9001:2015 də daxil olmaqla bir çox uyğunluq sertifikatlarına cavab verən məhsulları ölkə daxilində yüksək tələbatla satılmaqla yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan, Türkiyə və s. ölkələrə də ixrac olunur.

Ümumiyyətlə, 2021-ci ilin fevralında “Baku Steel Company”nin rəhbərliyində baş verən dəyişiklikdən sonra şirkət qısa müddətdə fəaliyyətində ciddi dönüş yaratmağa və kəskin şəkildə uğurlar qazanmağa nail olub.