“Elə bir hal da yoxdur ki, kimsə həyatını sığortalamaq istəsin” Müsahibə

“Elə bir hal da yoxdur ki, kimsə həyatını sığortalamaq istəsin”

Namiq Xəlilov devalvasiyadan sonra sığortaçıların üzləşdiyi əsas problemləri açıqlayıb

Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilovun "APA-Economics"ə müsahibəsi (ixtisarla)

- "Audatex" mükəmmələ yaxın bir sistemdir. Sizcə şirkətin fəaliyyətə başlaması Azərbaycanın sığorta sahəsində nə kimi köklü dəyişikliklərə səbəb olacaq?
- Doğrudan da, bu, mükəmməl bir sistemdir. Lakin sistemin 100% bütün problemləri həll edəcəyini gözləməməliyik. Təbii ki, hansı bir çox problemlər öz həllini tapacaq. Əsas problem hər hansı standarta uyğun qiymətləndirmənin həyata keçirilməsindədir. Məsələn, hər hansı zədə almış avtomobilin təmiri üçün müxtəlif avtoservislər müxtəlif qiymət təklif edir. Halbuki, avtomobil eynidir, zədə eynidir, təmir üçün eyni ehtiyat hissələri, o cümlədən, eyni usta işi həcmi tələb olunur. Bütün bunlar istər sığortaçılarla sığorta olunan arasında, istərsə də sığortaçılarla avtoservislər arasında daim mübahisələrə səbəb olur. "Audatex" və bu kimi digər sistemlərin mahiyyəti və üstünlüyü ondan ibarətdir ki, bu cür yanaşmanı eyniləşdirir, standartlaşdırır. Və qiymətləndirmənin kim tərəfindən aparılmasından asılı olmayaraq, standart qiymət müəyyən olunur. Qiymətlərdə fərqin olması da mümkündür. Bu isə o zaman olur ki, hər hansı servis sığorta şirkəti ilə əməkdaşlıq edir, və ya sığorta şirkətinə bildirir ki, siz hər ay bizim servisdə müəyyən sayda təmir sifariş etsəniz, ehtiyat hissələrinə müəyyən qədər endirim edəcəyik. Başqa bir misal, avtomobili istehsal edən şirkət həmin avtomobillə bağlı bütün təmir işləri üzrə normativlər müəyyən edir. Məsələn, avtomobilin köhnə faralarını çıxarıb yenisi ilə əvəzləmək yarım saat vaxt aparır. Yəni, səriştəli usta bu işi yarım norma saata yerinə yetirər. Nəticədə, neçə saata görülməyindən asılı olmayaraq hesablama eyni əməliyyata görə eyni norma saatla hesablanır. Bəzən avtoservislər arasında yaranan qiymət fərqi ondan ibarət olur ki, bir servis bir norma saat üçün 15 manat, digəri isə 20 manat müəyyən edir. Bu kimi fərqlər ola bilər. Mənə elə gəlir ki, bu sistem geniş yayılsa, bu, nəinki sığorta sahəsinə, eyni zamanda avtomobil təmiri sahəsinə də müsbət təsir göstərəcək. Çünki, avtomobil təmiri üçün yalnız sığorta şirkətləri deyil, vətəndaşlar da müraciət edir. Əgər hər hansı servis bu sistemlə işləyirsə, bu zaman o öz müştərisinə şəffaf qiymətlər təqdim edəcək.

- Sığorta sahəsinin inkişafına mənfi təsir edən amillərdən biri də insanların könüllü sığortaya pul xərcləmək istəməməsidir. Bu stereotipi qırmaq üçün nə dəyişilməlidir?

- İnsanlar belə düşünür ki, sığortalamağa ehtiyac yoxdur, çünki nə də olsa, dövlət yardım edəcək. Bizim hər şeyimiz sığortalıdır, sığortaçımız da dövlətdir. Ona görə də çox vaxt insanlarımız sığortaya biganə yanaşaraq pul xərcləmək istəmirlər. Bu yanaşma aradan maarifləndirmə yolu ilə qaldırılmalıdır. Maarifləndirmə isə sığortaçılar tərəfindən operativ, keyfiyyətli sığorta xidmətlərinin göstərilməsi ilə həyata keçirilə bilər. Bu gün insanlarda sığortaya inam artıb. Hətta insanlar çox vaxt dəymiş zərərdən də artıq pul əldə etməyə çalışırlar. Yəni, cəmiyyət bu gün sığortaya pul mənbəyi kimi baxır. Hətta təcrübədə belə bir şey olub ki, vətəndaş evinin 7 kvadratmetrlik eyvanı uçub və bu eyvanın təmiri üçün 7500 manat məbləğində pul tələb edir. Sığorta şirkəti də hesablayıb ki, bu eyvanın təmirinə cəmi 500-600 manat dəyərində pul lazımdır. Ümumilikdə isə, könüllü avtomobil sığortası əldə etmək üçün müraciətlərin sayı ötən ildən başlayaraq azalıb. Buna təsir edən amillər isə kredit şərtlərinin məhdudlaşdırılması və "Avro-4" standartına keçid nəticəsində ixrac olunan avtomobillərin sayının azalmasıdır.


- Sığorta agentlərindən söz düşmüşkən, onların bir çoxu iddia edir ki, "Atəşgah" sığorta şirkəti haqsız rəqabət aparır. Hətta iddia olunur ki, adıçəkilən şirkətin İcbari Sığorta Bürosunun bazasına çıxış imkanı var. Bu iddiaların əsası varmı?

- Bunun İcbari Sığorta Bürosuna heç bir aidiyyatı yoxdur. Məlumat toplamanın müxtəlif yolları var. Məsələn, insanlar avtomobili texniki baxışdan keçirməyə gedəndə orada sığorta haqqında məlumat var, və yaxud banka avtomobil üçün kredit almağa gedir, orada sığorta haqqında məlumat var. Yəni, ola bilsin ki, hansısa şirkətlər bu məlumatları toplamağı bacarır. Və bazar rəqabəti şəraitində bu məlumatlardan istifadə edirlər. Burada qanunsuz bir şey yoxdur. İkincisi, sual yaranır ki, niyə hansısa sığorta şirkətinin nümayəndəsi icbari sığortanın vaxtının bitməsinə bir gün qalmışadək öz müştərisinə məlumat vermir? Belə fərz edək ki, siz öz avtomobilinizi hər hansı sığorta şirkətində sığortalamısınız və sığortanın vaxtının bitməyinə bir gün qalıb. Həmin sığorta şirkətindən sizə heç kim vaxtın bitməyi barədə əvvəldən məlumat vermir. Və digər şirkətin nümayəndəsi sizin icbari sığortanın vaxtının bitməyi barədə sizə məlumat verir və təklif edir ki, o şirkətlə müqavilə bağlayasınız. İcbari sığortada qiymətlər, şərtlər eynidir, ona görə insanlar üçün fərq etmir hansı sığorta şirkətində sığorta olunur. Əsas odur ki, hansı sığorta şirkəti bu prosesi sizin üçün daha rahat edir və təbii ki, siz də daha rahat olanını seçirsiniz. Yəni, insanlar bu il bir sığorta şirkətində sığorta etdiriblərsə, gələn il həmin sığorta şirkətinə müraciət etmək məcburiyyətində deyillər. Sığorta şirkəti məhz özü müştərisini itirməmək üçün ona əvvəldən məlumat verməli, tədbir görməlidir. Əgər bunu o yox, digər bir şirkət edirsə, bazar rəqabəti şəraitində bu cür yanaşmada qeyri-qanuni, qəbahətli bir şey yoxdur.
Ümumiyyətlə, sığorta agentləri ilə bağlı problemlər mövcuddur. Hal-hazırda əsas planlardan biri kağız avtonəqliyyat sahiblərinin məsuliyyətinin icbari sığortası şəhadətnamələrinin ləğv edilərək elektronlaşdırılmasıdır. Yəni, bundan sonra icbari avtomobil sığortası da elektron formada olacaq. Bu da insanlara sığorta şəhadətnaməsini daha asan yolla evdə oturaraq internet vasitəsilə, və yaxud ödəniş terminalları vasitəsilə əldə etməyə imkan verəcək. Həmçinin, şəhadətnamələrin internet və yaxud ödəniş terminalı vasitəsilə alınması bizə onların qiymətini də daha ucuza endirməyə şərait yaradacaq.

- İcbari Sığorta Bürosunun rəhbəri Elxan Quliyev Sığorta Forumunda bildirdi ki, ölkə üzrə istismar olunan avtomobillərin 45%-i icbari sığortaya cəlb olunmayıb...

- Bizdə avtomobillərin sayı ilə bağlı mövcud statistika reallığı əks etdirmir. Çünki statistikada təqdim olunan rəqəmlər arasında mövcud olmayan, amma qeydiyyatdan çıxarılmayan avtomobillər var. Yəni, o avtomobillər ola bilsin ki, sovet dövründən qalıb, çürüyüb, istifadəyə yararsızdır, lakin hələ qeydiyyatdan çıxarılmayıb. Bu rəqəm 45% ola bilməz. Çünki, mövcud olan avtomobillərin sayını biz il ərzində texniki baxışdan keçən avtomobillərin sayı ilə müəyyənləşdiririk. Çünki, texniki baxış olmadan, avtomobil sürmək mümkün deyil. Ola bilər ki, avtomobillərin 5-10%-i texniki baxışdan keçməsin. Həmin avtomobillər alınıb, lakin şəxsi qarajlarda qalır, istifadə olunmur və s. Yəni, sığorta olmadan avtomobilin texniki baxışdan keçirilməsi mümkün deyil. Sığortalı avtomobillərin sayının 45% olması o deməkdir ki, deməli, texniki baxışdan keçən avtomobillərin sayı da 50-60%-dir. Bu isə real deyil. Çünki, texniki baxışa çox ciddi nəzarət var. Və texniki baxış olmadan avtomobil idarə etmək cərimə ilə nəticələnir. Ona görə də bu rəqəmlər bizə real görünmür. Çünki, texniki baxışdan keçən avtomobillərin sayı ilə rəsmi statistikada yer alan sığorta olunan avtomobillərin sayı arasındakı fərq kifayət qədərdir. Məsələn, 700 mindən çox avtomobilin texniki baxışdan keçirildiyi bildirildiyi halda, statistikaya görə isə 1 milyon 200 min avtomobil qeydiyyatdan keçib. Belə çıxır ki, 500 min avtomobil texniki baxış olmadan yol hərəkətində iştirak edir? Deməli, bu qədər maşın yol hərəkətində iştirak etmir, lakin qeydiyyatdan çıxarılmayıb. Bu da bir digər problemdir.

- Növbəti sual kənd təsərrüfatı sığortası ilə bağlıdır. Nəhayət ki, bu sahədə irəliləyiş müşahidə olunur...

- Azərbaycanda kənd təsərrüfatı sahəsinə subsidiyaların ayrılmasına baxmayaraq, bizdə kənd təsərrüfatının sığortası sahəsi inkişaf etməyib. Çünki, sığorta şirkətləri bu sahəyə maraq göstərmirlər. Məlumdur ki, kənd təsərrüfatının sığortası çox risklidir. Riskli olmaqla yanaşı, bu gün Azərbaycan sığortaçılarının kənd təsərrüfatı ilə bağlı beynəlxalq təkrarsığorta bazarına çıxışları çox məhduddur. Çünki, beynəlxalq bazarlar üçün tanış olmayan ərazidir, portfellər kiçikdir və s. Heç bir təkrarsığortaçı isə bu kimi riskləri öz üzərinə götürməz. Bunu həyata keçirmək üçün gərək biz yeni mexanizmlər yaradaq. Ona görə beynəlxalq təcrübə öyrənildi, Kənd təsərrüfatı Nazirliyi ilə birlikdə araşdırmalar apardıq və qərara gəldik ki, bu məsələləri sığorta daxılı vasitəsilə bu məsələləri həll edək. Bu mexanizmin işə salınması üçün iki əsas lazımdır; ilk növbədə bununla bağlı qanunvericilik olmalıdır. İkinci məsələnin texniki tərəfidir. Yəni, nəzərə alsaq ki, Azərbaycanda 9 iqlim qurşağı mövcuddur, bu zaman hər bir iqlim qurşağında yerləşən rayon üzrə risklərin qiymətləndirilməsi aparılmalı və buna uyğun olaraq, sığorta tarifləri müəyyənləşdirilməlidir. Bu isə, heç də asan iş deyil. Əlavə olaraq, bu sahədə fəaliyyət göstərən, xüsusi hazırlanmış mütəxəssislər lazımdır. İlk növbədə, həmin risk sahələrinə həm sığortadan əvvəl, həm sığorta müddətində baxış keçirmək, sığorta hadisəsi baş verdiyi zaman isə həmin əraziyə gedib dəymiş zərərin qiymətləndirməsini aparmaq üçün. Bu günə qədər tələb olunmadığı üçün Azərbaycanda bu sahədə mütəxəssis yoxdur. Məhz bu sahədə, o cümlədən, sığorta məhsullarının hazırlanması sahəsində bizə texniki yardım lazımdır. Bununla bağlı bir müddətdir ki, İFC (İnternational Financial Coorporation) ilə müəyyən danışıqlar aparırıq. Bundan başqa, sonuncusu ötən il olmaqla İFC burada 2 dəfə həm sığortaçılar, həm də kənd təsərrüfatı mütəxəssisləri üçün seminarlar keçirib. Artıq texniki yardımın göstərilməsi haqqında müəyyən sazişə gələndə, saziş yekunlaşsa, təlim proseslərinə, qiymətləndirmələrə başlaya bilərik.

- Bir sıra iri sığorta şirkətlərinin rəhbərləri bildirir ki, həyat sığortası ilə məşğul olmağa hazırdır. Hazırda bazarda 3 həyat sığortaçısı fəaliyyət göstərir. Dövlət Sığorta Nəzarəti Xidməti bazarda 4-cü həyat sığortaçısını görmək istəyirmi?

- Hələ ki, lisenziya üçün müraciət edən yoxdur. Yəni, elə bir hal da yoxdur ki, kimsə həyatını sığortalamaq istəsin, lakin imkan tapa bilməsin. Bu gün kapital tələbi də yüksəkdir və həyat sığortası şirkəti yaratmaq üçün 10 milyondan çox pul yatırmaq arzusunda olanlar yoxdur.