Qaval ifaçısı: Tarda dəyişiklik apardım, məni təhqir elədilər - MÜSAHİBƏ Müsahibə

Qaval ifaçısı: Tarda dəyişiklik apardım, məni təhqir elədilər - MÜSAHİBƏ

Azərbaycan Milli Konservatoriyasının müəllimi, qaval ifaçısı Mahmud Salahın APA-ya müsahibəsi

- Mahmud bəy, əslən haralısınız?

- Bakı bir üzükdür, dağlılar onun qaşı, dağlıyam.

- Sizi sima olaraq iranlılara daha çox bənzədirəm.

- Bir var deyirlər, dağlılar, bir də var xızılılar. Bizə sonradan dağlı deyiblər. Amma biz dağlı deyilik. Biz elə yeddi müqəddəs dağın sakinləriyik. Onlara dağlı deyərlər, hər xızılıya dağlı deməzlər. Biz Xızır peyğəmbər nəslindənik. Yəni bizim nəslimiz təmiz dağlılardır, Xızır nəslindəndir – bu isə peyğəmbərlər nəslidir. Əslinə baxanda, Bakının da kökü oradır. Baku – “əsas dağ” deməkdir. “Ba” qədim türk sözüdür, əsas mənasını verir. Atanın atasına niyə "baba" deyirlər? Çünki o, əsasımızın əsası, böyüyün böyüyüdür. “Ku” isə dağ deməkdir.

- İnanclı adamsınız.

- Nəinki, inanclı. İnanmaq başqa şeydir.

- Həm də hal əhlisiniz.

- Əsas odur.

- Halın inancla əlaqəsi var?

- Yox, mən halı yaşayan adamam. Halın içində olanlardanam. Hətta halı yaşadan, halə gətirə bilənlərdənəm.

- Ritm nədir sizin üçün?

- Deyərdim ki, ritm özüməm. Mən o ritmin içindəyəm.

- Məsələn, bəzi zikrlər var ki, onlar müəyyən ritm yaradır.

- Ümumiyyətlə zikrlərin hamısı ritmdir. Zikr deyilən şey nədir? Saydır. Say necə sayılır?

- Ardıcıllıqla.

- Həyatın ritmi də elədir.

- Bəs halın özünün gəlməyi daha yaxşıdır, yoxsa onu insanın özünün gətirməyi?

- Hal gəlmir. Hal hər yerdə var. Sən hala tərəf gedirsən. Məscid bizə gəlmir ki... biz məscidə gedirik. Biz o halı qazanmaq üçün məscidə gedirik. Məscidin özü haldır.

- O halı qazanmaq üçün neyləyirsiniz?

- Təbii ki, getmə yolları axtarıram. Bütün ritualların, meditasiyaların əsasını ritm təşkil edir.

Ritm insan bədənində üç formada olur

- Bəziləri islamda ritmin, musiqinin haram olduğunu iddia edir.

- Quranda bizə göstərilir: “And olsun din gününə”. Biz hələ dində deyilik. Biz dinlə məşğuluq. Din, sadəcə olaraq, insanların özləri üçün cəmiyyətdə yaratdığı bir formadır – necə ki, bir partiya yaradırlar. İslam din deyil, elmdir. Sadəcə, zamanla siyasiləşdirilib. Biz Allahın ardınca getməliyik, kiminsə yox.

- Həyatın ritmi deyirlər. Həyatın ritmi hansı tempdədir?

- Olar, sualı sualla cavablandırım? İlk iş günü başlayır da – həftənin birinci günü. Hansı hərəkətdə olursan? Yəni yalnız planlaşdırırsan. Tempin zəifdir. O qədər hərəkətdə deyilsən. İş gördükcə isə tempin artır. Həftənin sonuna qədər sənin işin gərginləşir. Ritm çoxalır, temp böyüyür. Hətta işlərini sürətlə görürsən, amma çatdırmırsan. Gördüyün işi növbəti həftənin birinci gününə çatdırmalısan. Bu, sənin həyatının ritmidir.

- Yəni get-gedə artır.

- Səhər yuxudan duranda, günorta gəzdiyin kimi gəzmirsən, günorta yediyin kimi yemirsən, danışdığın kimi danışmırsan, düşündüyün kimi düşünmürsən ki. Hələ təzə oyanırsan. Fikirləşirsən, götür-qoy edirsən.

Bir var insanın addımı, biri də var qarışqanın. Biz ritm deyəndə nə başa düşürük? Ancaq çalğıda olan ritmi? Biz ona da ritm deyirik. Sənin nəbzin atır. O da ritmdir. Nəyə görə təcili yardım gələndə xəstənin ilk növbədə kardioqramını çıxarırlar? Ürəyin döyüntüləri düz, ölçüləri bərabər deyilsə, onları bərabərləşdirmək üçün müəyyən tədbirlər görürlər. Ritm insan bədənində üç formada olur: biri ürəyin döyüntüsü, biri ağciyərin nəfəs almasıdır, üçüncüsü də qanın dövriyyəsidir, bunlar bərabərləşməlidir. Bir-birinə əks getsələr, ajiotaj baş verər.

- Atanız da nağara ifaçısı olub.

- Bəli, mənim atam da nağara ifaçısı olub. Özü dilçi, filoloqdur. Hətta əruzu gözəl bilib və füzulişünas olub.

İndi Xalq artisti adı toyda çalıb-oxuyana verilir

- Nağara ilə mütəmadi məşğul olub?

- Mütəmadi məşğul idi, mən toylara çıxanda dayandırdı.

- Mənim də atam nağara ifaçısı olub. Uşaq olanda atamı toylarda ifa edərkən görəndə sıxılırdım. Sizin atanız həm də filoloq, füzulişünas olub, atanızı toylarda görəndə sıxılmırdınız?

- O vaxtkı toylar indiki kimi deyildi. Onda toyda ifa edənlə efirdə ifa edən arasında fərq var idi. İndi isə Xalq artisti toyda çalana, oxuyana verilir, elmlə məşğul olana deyil.

- O vaxt toylar necə idi?

- O vaxt musiqiçilər var idi. İndi hamısı musiqi ilə məşğuldur. Toy haldır, əyləncə deyil. Biz artıq orada haldan çıxıb əyləncəyə keçmişik. Amma zaman-zaman uşaqlığım yadıma gəlir. O toylar əyləncə deyildi, hal idi, bayram idi.

- Belə çıxır ki, indi əyləndirənə ad verirlər?

- Bəli, həm əylənənə, həm də əyləndirənə. Mənim sözüm kimlərinsə xətrinə dəyə bilər. Dəyməsin. Mən heç kimi təhqir etmək fikrində deyiləm. Ümumi haldan danışıram. Bəlkə kimsə özünü o yerdə görürsə, özü bilər.

- Heç olubmu ki, hal sizə həyatda mane olsun? Çünki halla yaşamaq çətin məsələdir. Şairlər, ümumiyyətlə yaradıcı adamlar üçün bu daha da çətin olur. Üstəlik, siz digərlərindən fərqli olaraq halı hər yerdə görürsünüz.

- Olub.

Ailəmi sənətə qurban vermərəm

- Nədə mane olub?

- Həmişə. Hal insanı maddiyyatı fikirləşməyə qoymur. Heç onu düşünmək üçün vaxt da yoxdur, yaxud məkan. Amma o da var ki, maddiyyat sənə lazım olmasa da, ətrafındakılara lazımdır.

- Heç peşman olmusunuz?

- Yox, peşman deyiləm.

- Bəzi yaradıcı adamlar, sənət adamları ailələrini sənətə qurban verdiklərini deyirlər. Siz də onu deyənlərdənsiniz?

- Yox, mən ailəmi sənətə qurban vermərəm. Ailə Quranda da bizə müqəddəs göstərilib. Müqəddəs bir haldır. Onun müqəddəsliyini yaddan çıxarmaq olmaz, nəyəsə qurban vermək olmaz. Mən haldan danışıram, sənətdə nə edib-etmədiyimdən yox. Halıma görə lazım olsa, sənətdə də geri durmuşam. Hal sənətlə birbaşa bağlıdır. Amma müəyyən yerlərdə hal keçmir, sənət və əyləncə keçir. Mən ondan çəkilmişəm. Orada qabağa gedə bilərdim, amma onlara hal deyil, əyləncə lazımdır deyə çəkilmişəm.

- Sizin haqqınızda axtaranda qarşıma toyda ifalarınızdan bir-iki video çıxdı. Ritmdə çox fərqli və qəribə emosiya vardı.

- Mən toy çalmıram, orada da hal çalıram. Orada da hala girir, halı dəyişirəm.

Biz elə rəqs edirdik, rəqqaslar baxıb heyran qalırdılar

- Dağlı toyu deyəndə gözünüzün qabağına nə gəlir?

- Dağılıb, Bakı toyları qalmayıb. O zamankı toylarda sərpayı olardı, toyu idarə edərdi. Ona uşağından tutmuş böyüyünə qədər hamı qulaq asardı. Hətta hörmətli insanlar belə onun sözündən çıxmazdılar. Səbəbi isə o idi ki, həmin toylarda tək-tük halda bir, ya iki dəfə oxuyardılar. Onu da oynayanlar təşkil edərdi. 1-3 dəqiqə istirahət vermək üçün xanəndənin qarşısına yaxınlaşardılar. Xanəndə də bir dənə qəşəng qəzəl oxuyardı. Bizim dağlı toylarında gələn musiqiçilər həm sevinərdilər ki, dağlı toyuna gəliblər, həm də deyirdilər vay, gecəyə qədər çalacağıq. Hamı rəqs edirdi. Göbəkdən yuxarı yox ha, göbəkdən aşağı rəqs edirdilər. İndi göbəkdən yuxarıdır. İndi ayaqla heç kim rəqs etmir. Görmüş olarsınız, bir ara toylarda dəb düşdü, nağaranın qarşısında oynaşırdılar. Sonradan qrup da yaradıb oynamağa davam etdilər. Bizim dağlı toylarında ən zəif uşaqlarımız o rəqsi oynamazdılar. Biz elə rəqs edirdik ki, rəqqaslar baxıb heyran qalırdılar.

- Mahmud müəllim, niyə nağara yox, qaval?

- Uşaqlıqda oyuncaqlarım çubuq, qazan, stol, nağara olub. Nağara aləti asan deyil, çətindir. Son 15-20 ildə rəhmətlik Zöhrab Məmmədovdan sonra özbəklər də nağaraya keçiblər. O, toylarda o qədər ifa etdi ki, onlar Zöhraba görə nağaraya keçdilər. Gördülər ki, o deyil. Üstəlik, nağara hayqırtılı alətdir. Toylarda niyə qaval yox, nağara ilə çalınır? Çünki nağaranın səs imkanları böyükdür, rahat çalınıb, zərbələr güclüdür. Amma əl quruluşu tərsdir. Bu gün dünyanın yarısından çoxu soldan sağa yazır, amma ilahi kitablar sağdan sola yazılıb. Təsəvvür et, nağara soldan sağa yazmaqdır, qaval sağdan sola. Oxunuş fərqlidir, nəticədə orada müqəddəslik baş verir, ritm daha düz olur. Qavalda çalanda hal tamamilə başqa olur, zərifdir. Alətin sehri ondadır ki, aşağıdan yuxarıya tutulur.

- Həm də nağara bir az səs-küylü alətdir.

- Nağaranın spesifikası odur ki, ona güc gəlməlidir. Güc gəlməsə, mümkün deyil. Ona görə orada fiziki daha çox işləyirsən. Qaval fiziki halı qəbul etmir. Qavala fiziki döşəsən, ya əlindən çıxıb burnuna dəyəcək, ya da heç nə çala bilməyəcəksən.

- Bu cür hal alətinə gənclər tərəfindən maraq necədir?

- Mən xanəndələrə dərs keçirəm. Hələ qaval ifaçılığından dərsə gələn yoxdur, istəyən yoxdur.

- Niyə yoxdur? Bəlkə qavalın necə alət olduğunu bilmirlər, halın dadına baxmayıblar?

-YouTube”da arxivdən xanəndələrimizə baxırsan da, yanında nağara oturur? Görməmisən. Niyə?

- Çünki xanəndə qaval ifa etməyi bacarırdı.

- Bəli. Qaval ifa etməyi xanəndə mütləq bacarmalıdır.

- Qaval ifa etmək xanəndədən nə tələb edir?

- Hal istəyir. Hala girmədinsə, əlin-qolun nə qədər yaxşı işləsə də, çala bilmirsən.

- Belə çıxır ki, gənclərin içində hala düşən azdır?

- Çünki toylar, efirlər əyləncədir. Necə hala girsinlər? (gülür)

- Ola bilməz ki, öyrənmək istəyən olmasın.

- Bəlkə istəyən var, amma özündə hünər tapmır ki, görəsən öyrənə bilərəm, ya yox. Onu kənara qoyaq. Bu gün hər şey reklamdır. Nə reklam edəcəksənsə, odur. Bu gün qavalın reklamı varmı? Yoxdur.

- Xanəndələr reklam etmir?

- Əllərində atribut kimi tutmaq reklam deyil.

Hamı maddiyyata gedir, sənətə yox

- Belə çıxır, qavala ehtiyac yoxdur?

- Nağara varsa, qaval çalmağa ehtiyac varmı? Qaval çalan deyir ki, gedim nağara çalmağı öyrənim. Oxuyan məni nağara çalan kimi aparacaq, pul verəcək. Bu gün hamı maddiyyata gedir, sənətə yox. Musiqiyə gələnlər var, musiqiçi olanlar yox.

- Bu sənətdə çörək var? Toylara da az-az gedirsiniz.

- Quran göndərilməyib ki, molla pul qazansın (gülür).

- Bir gənc bu sənətə gəlmək istəsə, ona çörək vəd edirsiniz?

- Təbii ki, yox. Mənim də hər ehtiyaclarımı ödəmir, mane olur.

- Hazırda xanəndələrə dərs deyirsiniz. Onların qavala yanaşması sizi qane edir?

- Bəli, artıq maşallah, müəyyən qədər özünü dərk edə biləcək xanəndələr yetişir ki, qaval onlar üçün əsasdır. Hətta qaval onlara güc verir. Oxuduqları hər hansı melodiya və ya muğamı artıq qaval vasitəsilə hala çevirə bilirlər.

- Halı dərsdə qoyub çıxmırlar?

- Bilirsiniz necədir, heç kim heç kimə zəmanət vermir ki, bu sənətə gələcək və davam edəcək. Bu gün xanəndəliyə gələn uşaqlar olur ki, gəlib xanəndəliyi oxuyub, diplomunu alır. Amma sonra gedib İT mütəxəssisi olur. Belə bir döngə var ki, adamın təsəvvürünə gəlməz (gülür).

Efirlər muğamı gizlədir

- Amma dərsdə sizi qane edirlər.

- Xoş haldır ki, artıq tələbə ordusu var və bu ordu böyüdükcə, onların içərisində bəziləri bu halı hiss edir, bu formata yiyələnə bilir. Onların içərisində çoxaldıqca, hər dəfə iki-beş nəfər çıxanda, artıq digərləri onun ardınca gələ bilir. Bilirsiniz, bu nə məndən asılıdır, nə tələbədən. Şərait özü gətirməlidir. Şərait nədir? Təhsil ocağı təhsil verir. Şükürlər olsun ki, bizim təhsil ocaqları çox gözəl işləyirlər. Təhsil ocaqları tələbələrin oxuması, öyrənməsi üçün lazımi imkanlar yaradır. Baza var. Amma bu təkcə təhsil ocağının işi deyil. Tələbə ordan çıxdıqdan sonra onu efir gözləyir. Artıq orada qapılar bağlanır. Təsəvvür edin, əvvəl rəngsaz idi, əllə gözəl rəng çəkirdi. Rəngsazlıq etmək istəyənə isə deyirlər ki, yox, biz əllə istəmirik, filan texnika ilə divara rəng çəkən var, ondan gətirəcəyik. Kimsə həmin aparatı bilir, amma rəngsazlıqdan xəbəri yoxdur. Aparat rəngi çəkir, vəssalam. Texnika ilə hər kəs işləyə bilər. Amma hər adam rəngsaz ola bilməz. Musiqi özü rəngsazlıqdır. Hazırda isə əsas texnikadır. Mən gəncləri qınamıram. İndiki qədər tələbələrimiz var, maşallah, onların ardınca da axın gəlir. Bu da bizim sənətkarlarımızın, müəllimlərimizin hesabına mümkün olur. Nə qədər qabağımızı kəssələr də, hələ də var olduğumuzu göstəririk. Axın gəlir, amma bu axın üçün meydan yoxdur. Dövlətimiz meydan yaradır. Məsələn, Muğam müsabiqəsi keçirilir. Qarşıda Beynəlxalq Muğam müsabiqəsi var. Dövlətimiz muğamın göz qarşısında qalması üçün hər şəraiti təmin edir. Amma efirlər muğamı gizlədir.

- Deməli günah efirdədir?

- Bəli, efirlərdədir. Televiziyalardan da soruşursan, cavab gəlir ki, biz nə edək, camaat bunu istəyir. Amma camaat bunu istəmir. Sən onlara nə versən, odur.

- Qaval sinfi var? Ora gələn yoxdur, yoxsa necə?

- Yoxdur, yaratmaq lazımdır. Bilirsən, bu məsələlərlə mütəmadi məşğuluq. Təbii ki, nazirlik, müəyyən qurumlar, təşkilatlar səviyyəsində bu barədə danışırıq, söhbət edirik. Necə edək ki, musiqi məktəblərində bu məsələlər öz yerini alsın, dərslər və dərnəklər yaradılsın. Mən inanıram ki, məktəblərdə qaval sinifləri yaradılsa, üstəlik reklamı da getsə, o sinfə gələnlərin hamısı qaval ifaçısı olar. İndi isə artıq bayağı mahnı da qalmayıb, ancaq meyxana reklam olunur.

Meyxana adı altında sadəcə söz yığınıdır

- Deyəsən, siz də meyxanadan narazısınız?!

- Mən özüm meyxana ilə sənətə gəlmişəm. 14 yaşımdan 19 yaşıma qədər rəhmətlik Nizami Rəmzi ilə işləmişəm. Hər gün toyda olmuşam, meyxanaçılar və meyxana məclisləri görmüşəm. Hər günümüz meyxana ilə keçirdi. Amma bugünkü meyxana meyxana deyil. Meyxana adı altında sadəcə söz yığını deyirlər. Kimsə kiməsə sataşır, söz atır. Musiqili meyxana varmı? Belə şey yoxdur. Meyxana meyxanadır, musiqi isə musiqidir. Sən özün bir melodiya qoyursan, ona meyxana deyirsən.

- Bu gün meyxana cəmiyyətə zərər vurur?

- Yox, meyxana zərər vermir. Meyxananın özü deyil, onun forması var. Meyxana guya meyxanadır?

- O vaxtkı meyxanaçılar ilə indikilərin fərqi nədir?

- O vaxtkı qəzəlxanlarla indiki qəzəlxanları yan-yana qoyaq. Bu gün özünə qəzəlxan deyənlər var, amma hansı Füzulidir? Onlar necə Füzuli ola bilər?

- Füzuli ilə bugünkü şairlər arasında əsrlər var. Amma meyxananın tarixi o qədər uzun deyil.

- Mən Füzulini misal çəkdim. Meyxana ilahi mənadadır. İndikilər çayxana ediblər, özləri bilərlər. Meyxana başqa şeydir. Hər bir söz mənə təsir edib, bihuş etməlidir.

- Bu gün 6-8 ritm üzərində deyilən sözlə həqiqi meyxana təsirini almaq mümkündürmü?

- Burda söhbət hal meyindən gedir. “Qurani-Kərim”də deyir ki, məst olacaqsınız. Məst olmaq haldır. “Cənnətdə məst olacaqsınız”. Amma burada məst olmaq nədir? Ancaq gərək araq vurasan ki, məst olasan.

– Sizin vaxtınızdakı meyxanaçılar sizi məst edə bilirdimi?

- Az-çox edirdi. Meyxanaçı da şairdir. Biz necə deyə bilərik ki, Əliağa Vahid meyxana deyib, şair olmayıb?

Meyxanaçı o şəxsdir ki, ətraf cəmiyyətdə baş verən hadisələri, çirkablığı üzə çıxarsın

- Əliağa Vahid meyxana deyib, amma bu gün meyxanaçıların özlərinə qəzəlxan deməsində müəyyən qədər Əliağa Vahidin rolu var.

- Hə, özlərini bənzədirlər. Amma zahirən bənzətmək lazım deyil, batində bənzəmək lazımdır. Vahidin dediyi sözün arxasında dayanmağı bacarmalıdırlar. Çox mütaliə etməlidirlər. Meyxanaçı o şəxsdir ki, cəmiyyətdə baş verən hadisələri, çirkablığı üzə çıxarsın, onu ifşa etsin, ortaya qoysun. Xalqın dili ilə danışsın.

– Sizi görməzlikdən gəlirlər? Bildiyim qədəri ilə, heç bir fəxri adınız da yoxdur.

- Görməzlikdən yox, anlamazlıqdan gəlirlər. Görməməzlikdən o zaman gələrlər ki, kimlərsə mənim onlardan güclü olduğumu bilir və görməzlikdən gəlir. Anlamamaq isə başqa məsələdir. Bu, bizim xalqımıza xas bir xüsusiyyətdir. Tutaq ki, yuxarı təbəqədən bir nəfər çıxıb desə ki, Mahmud Salah yaxşı sənətkardır – vəssalam, hamı onun dediyinin arxasınca gedəcək və məni anlayacaqlar.

- Axı yuxarı dediyiniz Mədəniyyət Nazirliyi belə sizi tanıyır.

- Bu sualı onlardan niyə soruşmamısınız? Ümumiyyətlə nazirlikdəkilərin məni tanıyıb-tanımadıqları barədə sual vermisinizmi? Məni şəxsən tanımaq vacib deyil. Sənəti tanımaq lazımdır.

Arif Babayevin Əməkdar artist olmadığı vaxtları görmüşəm

Bu gün danışırıq, məsələləri müzakirə edirik, amma burda qalır. Mən 50 ildir böyük səhnədəyəm. Böyük səhnədə Xan Şuşinski kimi sənətkarlarla bir yerdə olmuşam. Arif Babayevin adi xanəndə olduğu vaxtları görmüşəm. O, Əməkdar, Xalq artisti titullarını mənim gözümün qabağında aldı. Yaxşı, onlar ala-ala, mən niyə almadım? Məndən sonra gələnlərin hamısı aldı, amma mən almadım. Eybi yox. Mənim bir adım var: Mahmud Salah. Ad özü böyük şeydir.

- Nə vaxtsa ritm qrupu yaratmaq istəmisiniz?

- Yox, fikirləşməmişəm.

- Bu gün bir sıra ritm qrupları var. Bəyənirsiniz?

- Biz də əvvəllər də ritm qrupları vardı. Çingiz Mehdiyevin qrupu olub, onun müəllimi, rəhmətlik Azərin qrupu olub. O dövrdə bir neçə başqa qrup da var idi. Sonra Filarmoniyanın Dövlət Rəqs Ansamblı da yaranıb. Rəqqaslar həm çalır, həm də oynayırdılar. Bu gün də var, nömrələr göstərirlər. Bir sözlə, qruplar mövcuddur. Yenisinə ehtiyac varmı? Sağ olsun, Natiq də bir qrup yaradıb. İndi onun arxasınca kimlərsə yaradır. Bizdə belə bir şey var - dəbbazlıq, modabazlıq. Modabazlıq isə ədabazlığa aparır.

- Həmin qrupların olması ritmim alətlərinin inkişafına təsir göstərir?

- Daha da ziyan vurur. Belə deyək, göstərmək üçün, müəyyən bir iş görmək üçün bir dənə lazımdır. Natiq yaradıbsa, sən niyə yaradırsan? Bir dənə “Qaya” vokal qrupu var. Vaqif Mustafazadə nə etdi? “Qaya” yox, “Sevil” yaratdı. Alternativ nəsə etmək lazımdır. Ona bənzər olsun, amma fərqli olsun.

Bizdə konservatoriyada keçmişdə qalmağı xoşlayırlar

- Sizin tara da müdaxiləniz olub?

- Olub. Mən ritmləri, şərq ritmlərini, şərq musiqi sistemini öyrəndikcə təkrar əruzla tanış oldum. Əruzu öyrəndikcə, ritmlərlə birlikdə muğama yönəldim. Muğamları öyrəndikcə gördüm ki, nəsə çatışmır. Bu muğamları niyə tam göstərə bilmirik? Mənim əlimdə dəzgah yox idi. Muğamda isə dəzgah tardır. Mən onu yenilədim, yeni sistemə uyğunlaşdırdım. Keçmişimizi öyrənib onu müasir sistemə gətirdim. Amma bizdə konservatoriyada keçmişdə qalmağı xoşlayırlar. Amma qədimdə yox, öz keçmişlərində qalırlar.

- Necə qəbul olundu?

- İradlar, etirazlar, hətta təhqirlər oldu. Yəni mahiyyətindən xəbərsiz bir adam elə çıxış etdi ki, özüm baxdım və düşündüm: “İlahi, bu nə qədər bilir?”

- Tarzən idi etiraz edən?

- Tarzəni də, xanəndəsi də, musiqişünası da vardı... (gülür)

- Heç belə üzbəüz oturub iradlarını bildirdilər?

- Üzeyir bəy yenilik gətirəndə tarixə baxsaq görərik ki, nə qədər maneələrlə qarşılaşıb. Çox tənqid olunub, hətta təhqir edilib. Nəticədə nə baş verdi? Yeni cəmiyyət formalaşdı, böyüdü və Üzeyir bəyi qəbul etdi.

- Nə qədər vaxtınızı apardı?

- 25 il. Ömrümdən getdi.

- Sizcə buna dəyərdi?

- Təsəlli bilirsən nədir? Dünya musiqisindən yazan alimlər qəbul etdilər.

- Dünya qəbul elədi, bizimkilər eləmədi?

- Hə, bizimkilər eləmədi.

- Adam da özününkündən inciyir.

- Yox, niyə ki. Mənə təsir edən o deyil, dünya bizdən nə qədər irəli gedir, amma bizimkilər hələ yerində sayırlar. Sənin ola-ola, özün ola-ola bununla fəxr etməkdənsə, özünü qapadırsan. Amma dünya fəxr edir.