“Dəri-zöhrəvi xəstəlikləri birbaşa millətin genefonduna zərər vurur” Müsahibə

“Dəri-zöhrəvi xəstəlikləri birbaşa millətin genefonduna zərər vurur”

Zülfüqar Fərəcov: "İnsanlar laqeyd olduqca bu xəstələrin sayı artacaq"

Respublikanın baş dermatoveneroloqu, Tibb Universitetinin dəri-zöhrəvi kafedrasının müdiri, professor Zülfüqar Fərəcovun Publika.az-a müsahibəsi (ixtisarla)
- Zülfüqar həkim, əvvəlcə istərdim ki, bu gün ölkəmizdə daha geniş yayılan dəri-zöhrəvi xəstəliklər barədə məlumat verəsiniz.
- Son illər pullu dəmrov, dərinin göbələk xəstəliklərinin bir çox formaları, əsasən ayaqlarda epidermofitiya, rubrofitiya, oğlan uşaqlarında tirxofitiya kimi xəstəlikləri müşahidə edirik. Trixofitiya daha çox başın tüklü hissəsi və hamar dəridə müşahidə olunur. Oğlan uşaqları idmanla məşğul olur, məsələn, güləşə gedirlər və eyni döşək üzərində məşq edərkən xəstəliyə yoluxurlar. İrsi dəri xəstəliklərinə tez-tez rast gəlirik. Bunun da başlıca səbəbi qohum evliliklərinin çox olmasıdır. Xüsusən də, cənub zonasında, Naxçıvandan müraciət edən xəstələrdə daha çox irsi dermatozlar, məsələn, ixtioz xəstəliyinə təsadüf edirik. Ölkəmizdə həmçinin sklerodermiya, qırmızı qurd eşənəyi kimi xəstəliklər yayılıb ki, əsasən autoimmun xəstəlikləri adlanırlar. Bədxassəli xəstəliklərdən dərinin limfoması, Kapoşi sarkoması kimi xəstəliklərlə bağlı da müraciət edirlər. Bununla yanaşı qotur xəstələri də qeydə alınır.
- Qotur adətən, müharibə şəraitində yayılan xəstəlik deyilmi?
- Qotur xəstəliyi əhali miqrasiya edəndə, ekstremal səraitdə daha çox yayılır. Lakin rayonla şəhər arasında əlaqənin genişlənməsi nəticəsində qotur xəstəliyinə də tez-tez təsadüf edirik.
- Zöhrəvi xəstəliklərindən ən çox hansılar yayılıb?
- Bildiyiniz kimi, bu xəstəliklər cinsi yolla ötürülən infeksiyalardır. Siflis, süzənək xəstəlikləri, torixomanyaz, xlamidiya kimi infeksiyalarla xəstələr müraciət edir. Lakin təəssüfləndirici haldır ki, əhali maariflənməyə meyilli deyil. Biz xəstəyə xəstəliyin fəsadlarını, hazırkı durumu izah edirik, lakin onlar lazım olan müalicəni tam yerinə yetirmirlər. Çox zaman müalicəni tam aparmadıqlarına görə xəstəliyin fəsadlaşmış mərhələsində müraciət edirlər. İnsanlar sanki özlərinə qarşı laqeyd olublar. Bunun nəticəsində sözsüz ki, xəstəliyə yoluxanların sayı da artacaq. Unutmaq olmaz ki, dəri-zöhrəvi xəstəlikləri birbaşa millətin genefonduna zərər vurur. Xüsusən də, zöhrəvi xəstəliklərdə həkim və xəstənin ciddi yanaşması mütləqdir. Zöhrəvi xəstəliklər ikincili sonsuzluqlar əmələ gətirir, bir sıra ağır fəsadlar verir.
- Gec aşkarlanma, türkəçarə və ya yarımçıq müalicə hansı fəsadlara səbəb ola bilər?
- Bizim yanımıza pepipus kimi ağır xəstəliklə müraciət edənlər olur. Belə xəstələr əvvəl ölümə məhkum idi. Son illər tibbin inkişafı ilə belə xəstələrin ömürləri uzanır, kliniki sağlamlıq da əldə edirik. Cənub zonasından bir cavan qızda bu xəstəlik aşkar edilmişdi. Bu, adətən 30 yaşdan sonra qeydə alınır, reproduktiv dövrdə daha aqressiv gedişə malik olur və adətən, 40 yaşdan sonra təsadüf edilir. Bu qızın isə 16 yaşı var idi. Onu xəstəxanada müalicə edilməsini tövsiyə etdik. Lakin ailə qəti şəkildə buna qarşı çıxdı. Ev şəraitində müalicə yazdıq, 1 həftə sonra təkrar müayinə məsləhət gördük. Ancaq ailə bizim diaqnozumuzdan sonra qızı rayonda başqa həkimə göstərib, sonra türkəçarə üsullarla müalicə etməyə çalışıblar. Qızı bir neçə ay sonra xərəkdə gətirdilər. Təəssüf ki, vətəndaşlar xəstəliyin öz-özünə keçib gedəcəyini düşünürlər. Lakin zaman göstərir ki, müalicəsiz heç nə keçmir, əksinə daha böyük fəsad verir. Eyni hal zöhrəvi xəstəliklərinə də aiddir. Siflis xəstəsi birinci dövründə müraciət edərsə, daha yaxşı nəticə əldə etməyə imkan verir. Ancaq xəstələr bəzən müalicədən yayınırlar. Bu zaman isə xəstəlik növbəti mərhələlərə keçir və müalicə çətinləşir. Belə xəstələrə vəziyyət izah edəndə, xəstəxanada müalicə edilməsi tələb olunanda haqlarının pozulduğunu deyirlər. Lakin zöhrəvi xəstəlik millətin genefonduna təsir edən xəstəliklərdəndir. Siflis getdikcə öz dövrlərini dəyişir, daha da ağırlaşır. Əvvəl yara məhdud nayihədə əmələ gəlirsə, sonra digər orqanlara da yayılır və artıq sistem halı daşıyır. Xüsusən, ürək, sinir sisteminə ağır fəsadlar verir. 1-2-ci dövrlərdə 100 faizə qədər nəticə əldə edə biliriksə, sonrakı mərhələlərdə nəticə o qədər də yaxşı olmur.
- 2 ildən artıqdır ki, ölkəmizdə nikahdan əvvəl icbari tibbi müayinələr aparılır. Müayinə olunan xəstəliklərdən biri də siflisdir. Bu dövr ərzində 1300-dən çox siflis xəstəsi aşkar edilib. Bu rəqəm gözləniləndir, yoxsa təəccüblü?
- Bu rəqəmə birmənalı şəkildə gözlənilən və ya gözlənilməz demək olmaz. Əsas məsələ bunun səbəbini müəyyən etməkdir. Siflis xəstəliyinə yoluxma hallarının artmasının başlıca səbəblərindən biri insanların gənc yaşlarında xaricə - Rusiya, Ukrayna, Belarus kimi ölkələrə olan səfərləridir. Gənclər emosional olur, bu səfərlər zamanı təsadüfi cinsi münasibətlərdən xəstəliklərə yoluxurlar. Ölkəyə gələndə isə onu yaymağa başlayırlar. Ən əsası vaxtında müraciət etmirlər. Siflisin mənfi cəhətlərindən biri də birinci dövründə əmələ gələn xora öz-özünə yox ola bilir. İnsanlar bunu sağalma kimi başa düşür. Lakin bir müddət sonra hər hansı soyuqdəymə, bədəninin immunitetindəki dəyişiklik nəticəsində xəstəlik yenidən baş qaldırır. İkinci dövründə xəstəlik allergiyaya bənzəyir, həkimlər ona allergik diaqnoz da qoya bilərlər, hətta bir müddət sonra bu allergiyalar da sağala bilər. Sonra isə bədənin məhdud nayihələrində - qoltuqaltı çuxur, qasıq, əllərin içərisi, ayaqların altı, boynun arxa hissəsində səpkilər əmələ gələ bilir.
- Xəstəlik yoluxmuş şəxs təkcə özü üçün deyil, bir evdə yaşadığı ailə üzvlərinə və həyat yoldaşına da təhlükə yaradır...
- Şübhəsiz. Xəstəliyin ikinci dövründə ağızda yaralar əmələ gəlir. Həmin şəxs ailəlidirsə, əşyalar, alt paltarları vasitəsilə də keçə bilir. Ona görə buna həm də məişət siflisi də deyirlər. Bu xəstəlik cinsi yolla yanaşı məişətdə eyni əşyalardan istifadə ilə də yayılır. Buna 97 faiz cinsi yolla keçirsə, 2-3 faiz məşiət yolu ilə yoluxmaq mümkündür. Həmçinin bu xəstəlik hamiləliyin ikinci yarısında anadan da dölə keçə bilər.
- Nikahdan əvvəl icbari tibbi müayinələr nəticəsində aşkarlanan siflis xəstələrinin hamısı müalicəyə cəlb edilib?
- Həmin xəstələrin hamısı dispanser müalicəyə cəlb olunur. Amma bir az sağalandan sonra xəstəlik ümumi vəziyyətlərinə təsir etmədiyindən özlərini sağlam hesab edirlər. Belə xəstələr müalicədən yayına bilirlər.
- Siflis aşkarlanandan sonra nikahdan imtina edən cütlük olub?
- Siflis müalicə olunan xəstəlikdir. Vaxtında müraciət edildikdə, tam sağalmaq mümkündür. Lakin təkrar yoluxma da inkar edilmir. 3-cü dövrdə artıq daxili orqanlar və sinir sistemində problemlər yaranır, ağır fəsadlar verir. Ürəkdə kardiovaskulyar sistemdə dəyişiklik olur. Bir dəfə qadında ikincili təzəli siflis aşkarlanmışdı. Yoldaşını da müayinə etdik, onda siflis gizli gedirdi. Kişi ailə qurmamışdan əvvəl şübhəli kontaktı olub və oradan süznək xəstəliyinə yoluxub. Poliklinikalarda ona iynə təyin ediblər və ifrazat dayanıb. Bununla da oğlan sağlam olduğunu düşünərək ailə qurub. Sonra yoldaşı hamilə olanda onda ikincili təzəli siflis aşkarlanıb. Qadını müalicə etdik, uşaq sağlam dünyaya gəldi. Həm də kişi müalicəyə cəlb edildi. Ona görə də siflis kimi xəstəliklərlə dermetonevroloq məşğul olmalıdır ki, problemi vaxtında aşkarlayıb, düzgün diaqnoz qoya bilsin.
- Dəri-zöhrəvi xəstəliklərinə yoluxmaların sayında artım varmı?
- Bəli, artım müşahidə edilir. Lakin bunu bütün xəstəliklərə aid etmək olmaz.
- Bölgələrdə və paytaxtda hansı növ dəri-zöhrəvi xəstəliklər daha çox yayılıb?
- Bizə bütün bölgələrdən müraciət edirlər. Cənub bölgəsində əsasən irsi dəri xəstəlikləri daha çox müşahidə olunur. Bunun da başlıca səbəbi qohum nikahların üstünlük təşkil etməsidir. Naxçıvan bölgəsində də oxşar vəziyyət var. Zöhrəvi xəstəliklər əsasən Şəmkir, Gəncə, Tovuz zonalarda yayılıb. Bu da həmin bölgələrdə insanların daha çox miqrasiya etməsi ilə bağlıdır.
- Dəri və zöhrəvi xəstəlikləri insana hansı yollarla yoluxur?
- Zöhrəvi xəstəliklərində əsas yol cinsi əlaqədir. Dəri xəstəliklərində isə konkret fikir demək çətindir. Çünki 2 mindən çox xəstəlik növü var, bunların çoxunun etiopotegenizmi məlum deyil. Bəzilərində isə məlumdur və ona uyğun müalicə aparılır. Bizdə dəri xəstəlikləri arasında ən çox irsi yolla ötürülənlər geniş yayılıb. Aortaimmun xəstəliklərə çox təsadüf edirik. Dəri xəstəliklərinin inkişafında ekoloji faktorlar da mühüm rol oynayır. Ekoloji faktorlar səbəbindən dərinin bədxassəli xəstəlikləri dəri xərçəngi, dəri törəmələri yarana bilər. Endokrinoloji dəyişikliklər də dəri xəstəliklərinə səbəb olur.
Peşə ilə əlaqədar olaraq yaranan dəri xəstəlikləri var. Ekzema, dərinin intihamı kimi xəstəliklər daha çox uzun müddət günəş şüalarının təsiri altında qalanlarda yarana bilər. Həmçinin küləyin təsirindən allergik övrə yarana bilər. Meteoroloji faktorlardan dodaqların forması dəyişə bilər, bu da dəri xəstəliklərindən biri hesab edilir.
- Saç tökülməsi də dəri problemidir. Deyərdim ki, son vaxtların ən aktual problemlərindən biridir. Bəzən heç bir üsul bu prosesi müsbət təsir etmir...
- Bu problemin qarşısını almaq üçün əvvəlcə səbəbi bilmək lazımdır. Saç tökülməsinin ocaqlı, total, ümumi seyrəlmə formaları var. Bunların hər bir fərdi yanaşma tələb edir. Saç tökülməsində qidalanma, ekoloji, endokrinoloji faktorlar mühüm səbəblərdəndir. Ən çox da endokrinoloji dəyişikliklər səbəbindən saçlar tökülür. Xalq arasında zob kimi tanınan xəstəlik, hətta siflis xəstəliyi, saçların tökülməsinə səbəb olur. Bu xəstəlikləri müalicə edəndən sonra tökülmə dayanır. Həmçinin bədxassəli şişlər zamanı bəzi dərmanların qəbulu da saç tökülməsinə səbəb olur. Eyni zamanda endrogenik saçların tökülməsi problemi də var ki, bu da hormonlardakı problem səbəbindən yaranır. Bu səbəbdən qaynaqlanan problemi də aradan qaldırmaq mümkündür.
- Son dövrlər tökülən saçların yeri əkdirməklə doldurulur.
- Saç əkdirmək texnologiyasına ehtiyatla yanaşmaq lazımdır. Məsələn, saç tökülməsi sebariya xəstəliyi səbəbindən baş verirsə, birinci xəstəliyi müalicə etmək lazımdır. Saç tökülməsinə səbəb olan xəstəliyi müalicə etməsək, bədən əkilmiş saçı da qəbul etməyə bilər. Çoxları isə insanlar problemin dərinliyinə varmadan addım atırlar.
- Əvvəllər müşahidə edilməyən hansı dəri-zöhrəvi xəstəliyinə artıq ölkəmizdə rast gəlirsiniz?
- Düzünü desəm? belə bir xəstəlik ağlıma gəlmir. Lakin bəzi dəri-zöhrəvi xəstəliklərinin rast gəlinmə tezliyi artıb. Sudurja, pepifus, siflis xəstəliyi son vaxtlar Azərbaycanda artıb. Burada ekoloji və irsi faktorların rolu böyükdür.