Kazım Karabəkirin qızından Sırrı Sakıka sərt cavab Müsahibə

Kazım Karabəkirin qızından Sırrı Sakıka sərt cavab

"Babam bu gün atamın heykəlini şəhərdən götürmək istəyən adamın nənə-babasının namusunu xilas edib"
"Ağrı bələdiyyə başqanının atamın heykəlini sökmək istəməsi Ermənistanı çox məmnun edib"

Türkiyənin İstiqlal savaşının qəhrəmanı, Şərq cəbhəsinin komandanı Kazım Karabəkir paşanın qızı Timsal Karabəkir APA-ya müsahibəsində Ağrı vilayətinin yeni bələdiyyə başqanı, kürd təmayüllü siyasətin radikal qanadının təmsilçisi Sırrı Sakıka sərt cavab verib

- Ağrının 1 iyunda seçilmiş bələdiyyə başqanı növbəti gün İstiqlal savaşında bölgəni erməni quldurlarından təmizləmiş komandan olan atanızın heykəlinin şəhərdən götürüləcəyini açıqladı. Bu barədə bizə nə demək istərdiniz?

- Bu məsələ ilə bağlı Azərbaycan mediasının mənə müraciət etməsindən son dərəcə məmnunam. Çünki atamı Türkiyədə olduğu kimi, Azərbaycanda da yaxşı tanıdıqlarını və çox sevdiklərini bilirəm. Bilirsiniz ki, Qars, Gümrü və Moskva müqavilələriylə Naxçıvan üzərindəki təminat haqqını Türkiyəyə atam qazandırıb. Hər dəfə Naxçıvana gedəndə atamın adı çəkilən kimi, orada hər kəsin atamı tanıdığını görüb özümü çox xoşbəxt hiss edirəm. Ağrı bələdiyyə başqanının şəhərdən atamın heykəlini götürəcəyinə dair sözləri Ermənistanı çox məmnun edib. O adam tarixi həqiqətləri bilmədiyi kimi, sözləri də qəflət içində xainlikdir. Tarix oxusaydı, görəcəkdi ki, atam bölgəni düşmən işğalından xilas edərək o adamın ata-babasına da istiqlaliyyət qazandırmış bir komandandır. Mən bölgənin tarixini azacıq da olsa bilən bir kürdün atamın heykəlini Ağrıdan götürmək kimi bir qəflətə qapılacağına ehtimal vermirəm. O adamın mənşəyində də şübhəli nöqtələr olduğunu düşünürəm. Ölkəmin vətəndaşlarının o adama layiq olduğu cavabı verəcəyinə əminəm. Çünki Kazım Karabəkir millətimizin qəlbində özünə heykəli hələ sağlığında qoyub. Türkün də, kürdün də ürəklərindən Kazım Karabəkir sevgisini silib atmaq mümkün deyil. İstiqlal savaşında atamın 6 min əsgərinin içində kürdlər olub, amma atam heç vaxt türk-kürd ayrı-seçkiliyi yapmayıb, onların hamısına "övladım" deyib. Ona görə də məncə, atamın heykəlini Ağrıdan götürmək istəyən adam ya divanədir, ya da bölgənin erməni quldurlarından təmizlənməsinin intiqamını İstiqlal savaşının qəhrəmanı olan atamdan almaq istəyir. Ruslar 40 il bölgədə qalıblar, onlar gedəndə yerlərini erməni dəstələri tutaraq yerli əhaliyə zülm ediblər. Kazım Karabəkir paşa bu gün atamın heykəlini şəhərdən götürmək istəyən adamın nənə-babasının namusunu xilas edib.

- "İstiqlal hərbimiz" adlı 2 cildlik kitabında atanızın bölgədə cərəyan edən proseslərə hərbi nöqteyi-nəzərdən olduğu kimi, siyasi nöqteyi-nəzərdən də strateji baxdığını görürük. Siz bu gün bölgəylə bağlı cərəyan edən proseslərə strateji nöqtədən baxanda tarixin müəyyən mənada təkrarlandığını görürsünüzmü?

- Buna şübhəniz olmasın. Bölgədəki "erməni məsələsi"ylə bağlı atam həmişə strateji düşünüb. Atam deyərdi ki, ağlı başında olan ermənilər bizimlə yaxşı yola getməlidirlər. Atamın fikirlərini təsdiq edən şəxslərdən biri Ermənistanın daşnak hökumətinin son baş naziri Ovanes Kaçaznunidir. O deyib ki, türklərin bizi bölgədən təmizləməsinin səbəbkarı biz özümüzük. Atamın kitab və xatirələrində bununla bağlı xeyli material var. 1918-ci ilin noyabrında Mondros sazişinin imzalanmasından sonra İstanbula gələn atam müdafiə naziri Abdullah paşanın yanına gedərək deyib ki, niyə Şərq bölgələrində ermənilərin xalqımızın başına açdığı oyunlarla bağlı yazdığım raportları vaxtında çap etmədiniz? Ermənilər yalan və saxta sənədlər hazırlayaraq gələcəkdə bizim başımızı çox ağrıdacaqlar. Atamın 100 il əvvəl dediyi sözlər, təəssüf ki, indi gerçəyə çevrilib. Türkiyənin indiki hökuməti elə bilir ki, 24 apreldə başsağlığı mesajı verməklə ermənilər öz torpaq, təzminat və tanıma tələblərindən (3 "t) əl çəkəcəklər. Qorxuram ki, başsağlığı mesajı daha sonra "üzrə" çevrilə və Türkiyəyə çox baha başa gələ .Ona görə millətcə çox sayıq olmalı, atamın gördüyü işlərin dəyərini mənasız mesajlarla azaltmamalıyıq.

- Türkiyənin Şərq bölgələrində cərəyan edən proseslər erməni işğalı altındakı torpaqlarımızın azad edilməsində bizə də mənfi təsir göstərir. Kürd təmayüllü siyasətin radikal aktyorları ardıcıl şəkildə dünyadakı daşnaklarla görüşüb Türkiyənin gələcəyində onlarla əməkdaşlıqdan danışırlar. Bu gəlişmələr barədə nə demək istərdiniz?

- Azərbaycan torpaqlarının illərdən bəri erməni işğalı altında qalmasını qəbul etmək mümkün deyil. Ora türk yurdudur, türk yurdunun tək qarışı belə heç vaxt düşmən işğalı altında qala bilməz. Bizə dost kimi gələnə dost əli uzadarıq, düşmən niyyətiylə gələnlərə isə bizim torpaqlarımızda heç vaxt yer olmamalıdır. Azərbaycan da, biz də həmişə eyni tikandan qanamışıq-erməni tikanından. Erməni işğalçılarının bir an əvvəl Qarabağdan rədd olub getmələrini istəyirəm, onlar oradan rədd olub gedənə qədər biz qərarlı şəkildə mübarizə aparmalıyıq. Ağrı bələdiyyə başqanının sözləri ermənilərin işğalçılıq siyasətini təşviqə xidmət edir, onları türkün torpağını işğal etməyə və torpaq, təzminat "tanıma" tələb etməyə həvəsləndirir. Kazım Karabəkir paşanın bizə vəsiyyət etdiyi söz vardır: "Cahan yıxılar, Türk yılmaz". Bu duyğuyla qardaş Azərbaycanımızı ürəkdən salamlayıram, oradakı hər nəfərə mənim salamımı çatdırmağınızı xahiş edirəm.