Bu gün Şuşa diplomatik mərkəz rolunda çıxış edir - Hikmət Hacıyev Siyasət

Bu gün Şuşa diplomatik mərkəz rolunda çıxış edir - Hikmət Hacıyev

Azərbaycan ilə BMT əməkdaşlığına baxdıqda müstəqilliyimizin ilk illərində Azərbaycan BMT-də daha çox yardımın, təhlükəsizliyin istehlakçısı qismində çıxış edirdisə, artıq bu gün Azərbaycan BMT sisteminə töhfə verən, BMT-nin məqsədlərini dəstəkləyən bir ölkədir.

Bunu Şuşada Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş toplantıda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

H.Hacıyev bildirib ki, BMT ilə Azərbaycan arasında münasibətlərin 30 illiyi məhz Azərbaycanın mədəni paytaxtı olan Şuşa şəhərində qeyd edilir:

"Azərbaycan 1992-ci ilin mart ayında BMT-yə üzv oldu və iki aydan sonra Şuşa şəhəri Ermənistan tərəfindən işğal edildi. Bu dövr ərzində Şuşa şəhəri işğal altında olmuş, dağıdılmış və xarabalığa çevrilmişdi. Ancaq Vətən müharibəsində Azəbaycanın əldə etdiyi qələbədən sonra Şuşa şəhəri azad edildi. Bu gün Şuşa şəhəri Azərbaycanın mədəni paytaxtı olmaqla bərabər BMT ilə Azərbaycan arasında münasibətlərin qarşıdan gələn dövr ərzində müzakirə olunduğu diplomatik mərkəz rolunda da çıxış edir və bunun böyük siyasi, diplomatik və rəmzi mənası var", - Prezidentin köməkçisi əlavə edib.