Prezident Cəlilabadda bir neçə obyektin açılışında iştirak edib Siyasət

Prezident Cəlilabadda bir neçə obyektin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Cəlilabad rayonunda səfərdə olub.
Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Prezidentinə abidənin ucaldığı Heydər Əliyev adına park haqqında məlumat verib.
Bildirildi ki, ümumi sahəsi 7500 kvadratmetr olan parkda sakinlərin və rayonun qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb. Parkın ərazisində iki fəvvarə, müasir işıq dirəkləri və oturacaqlar quraşdırılıb, yaşıllıq zolağı salınıb, yeni gül kolları əkilib.
Prezident İlham Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, inşasına 2014-cü ildə başlanılan Mərkəzin ümumi sahəsi 8800 kvadratmetrdir. Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən muzey yaradılıb. Muzeydə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər sərgilənir. Fotolarda Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik illəri, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrlər və Cəlilabada səfərləri əks olunub. Dahi şəxsiyyətin müxtəlif dövrlərdə Cəlilabad rayonuna etdiyi səfərlər zamanı çəkilən fotolar da böyük maraqla qarşılanır. Bu fotolar bir daha onu göstərir ki, müasir Azərbaycan tarixinin çox mühüm və taleyüklü səhifəsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin dövlətçilik fəlsəfəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, bütün sahələrin inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsini öyrənmək baxımından bu Mərkəzin çox böyük əhəmiyyəti var.
Mərkəzdə, həmçinin 110 kvadratmetr sahəsi olan sərgi salonu, qrim otağı, 700 yerlik böyük və kiçik konfrans zalları, amfiteatr, yeni ailə quranlara psixoloji məsləhət, ana və uşaq, geyim, milli rəqs, mərkəzi idarəetmə otaqları var. Burada məntiqi təfəkkür kursu, şən və hazırcavablar klubu, kompyuter kursu-virtual sinif, xarici dil kursları, rəsm studiyası-heykəltəraşlıq, gimnastika və aerobika otaqları, müasir formatlı 3D kinozal, fotostudiya, nikah salonu, gənclər klubu, adi və elektron kitabxanalar, xalça və tikiş otaqları, internet kafe də fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev Cəlilabadda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş körpələr evi-uşaq bağçasının açılışında da iştirak edib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası bu işlərin ardıcıl xarakter aldığını açıq şəkildə nümayiş etdirir. Görülən bütün bu işlər bir daha təsdiqləyir ki, dünyada xoş məramı, xeyirxah işləri ilə seçilən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva gələcəyimiz olan uşaqlara xüsusi diqqətlə yanaşır, onların sağlam, bilikli, savadlı və intellektli olmaları üçün səylə çalışır.
Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.
Körpələr evi-uşaq bağçasının ərazisində dekorativ hasar çəkilib, yaşıllıq zolağı salınıb. Uşaqların əyləncəsi üçün müasir tipli əyləncə attraksionları quraşdırılıb, oyun meydançası yaradılıb. Binanın inşasına 2014-cü ilin sonunda başlanılıb. Təmir-tikinti işləri yüksək səviyyədə həyata keçirilib.
Azərbaycan Prezidenti "Avanqard" MMC-nin Cəlilabad rayonundakı taxılçılıq təsərrüfatı ilə tanış olub.
Dövlətimizin başçısına iri fermer təsərrüfatları barədə məlumat verilib.
Sonra Prezident İlham Əliyev keçmiş dövlət kənd təsərrüfatı istehsalı müəssisəsinin bazasında 1300 hektar torpaq sahəsi üzrə müsabiqənin qalibi olmuş "Avanqard" MMC tərəfindən yaradılmış iri fermer təsərrüfatının sahələrinə baxıb.
Dövlətimizin başçısı yaradılmış imkanlardan səmərəli istifadə edilməsi ilə bağlı tapşırıqlarını verib.
Prezident İlham Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışında da iştirak edib.
Prezident əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon sakinləri Baxış Mustafayev, Lyubov Danilova və Böyükxan Bağırlı respublikamızın bütün bölgələri kimi, Cəlilabadın da inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdilər.
Sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Avtomobil yolunun ümumi uzunluğu 21 kilometr, eni 8 metrdir. Yol dördüncü texniki dərəcəlidir. Bu yola 130 min kvadratmetrlik ikiqat asfalt döşənib. Altı yaşayış məntəqəsini, o cümlədən Alar, Təzəkənd, Üçtəpə, Əliqasımlı, Cəfərxanlı və Gülməmmədli kəndlərini əhatə edən yol ümumilikdə 23 mindən çox əhaliyə xidmət göstərəcək.
Avqustun 11-də Prezident İlham Əliyev Göytəpə şəhərinin mərkəzində, Göytəpə çayının sahilində inşa edilmiş Heydər Əliyev adına park-bulvarın açılışında iştirak edib.
Park-bulvarın ərazisində ümummilli lider Heydər Əliyevin bürüncdən abidəsi ucaldılıb.
Bu istirahət məkanının ümumi ərazisi 30 min kvadratmetrdir. Burada iki artezian quyusu qazılıb. Park-bulvarda musiqili fəvvarə, müasir işıq dirəkləri, rahat oturacaqlar quraşdırılıb, 15 min kvadratmetr sahədə yaşıllıq zolağı salınıb. Ərazinin genişləndirilməsi və abadlaşdırılması məqsədilə burada qəza vəziyyətində olan beşmənzilli kommunal yaşayış binası, 69 saylı Cəlilabad-Biləsuvar-Masallı seçki dairəsinin inzibati binası və Göytəpə bələdiyyəsinin yerləşdiyi bina sökülərək başqa ərazidə əvəzi ödənilməklə yeni layihə əsasında tikilir. Bərbad vəziyyətdə olan Göytəpə şəhər xəstəxanası da başqa əraziyə köçürülür.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Parkla tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verilib ki, tikinti işlərinə ötən ilin mayında başlanılıb. Burada sakinlərin istirahətini dolğun və mənalı təşkil etmək məqsədilə bütün zəruri işlər görülüb.