Putin hakimiyyətdən devrilməyincə sülh müqaviləsinin bağlanması mümkün olmayacaq Siyasət

Putin hakimiyyətdən devrilməyincə sülh müqaviləsinin bağlanması mümkün olmayacaq

Putin Ukraynanın dörd vilayətinin Rusiyaya birləşdirilməsi haqqında sazişləri təsdiqləyib. Bununla da Moskva Ukraynaya qarşı işğalçı müharibə apardığını və sülh danışıqlarında maraqlı olmadığını sübut etmiş oldu. Bundan sonra Kiyev və Moskva arasında danışıqlar mümkün deyil. Rusiya bu addımı ilə danışıqlar üçün heç bir yer qoymadı.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

Ukrayna prezidenti V. Zelenski V. Putinlə danışıqlar aparmaycağını elan etdi. Ümumiyyətlə, Moskva bu addımı ilə danışıqlara getməyəcəyini və bu birləşdirmənin də Kiyevin danışıqlarda maraqlı olmayacağını hesablamışdı. V. Putin Ukraynada hərbi uğursuzluğunu bununla manipulyasiya edir: "Birinci, daxildə mərkəzdənqaçma meyillərini və etirazları neytrallaşdırmaq. İkinci, Rusiyanın qismən qələbəsinə nail olmaq. Üçüncü, 7 ayın uğursuzluqlarını kompensasiya etməkdən ibarətdir".

Politoloqun fikrincə, həmçinin Kreml bununla Qərbin danışılarda maraqlı olacağını gözləyirdi. Demək olar ki, V. Putinin nüvə hədəsi də bir işə yaramadı. Ukrayna silahlı qüvvələri əks-hücumlar həyata keçirərək Rusiyaya
"birləşdirilən" əraziləri azad edir. Kreml bu əraziləri nüvə çətiri altına aldı. V. Putinin sazişi təsdiqləməsi ilə Kiyevin hücumlarını durdurmaq üçün mülki infrastrukturlari hədəf alması istisna deyil. Xerson şəhəri və Donbasda Rusiyanın nüvə silahına əl atması da mümkün deyil. Rusiyanın hərbi məğlubiyyəti davam edəcək:

"Qərb Rusiyanın Ukraynada qələbə əldə etməsinə dözümlü yanaşmayacaq. Bu ölkəni regional ölkə səviyyəsindən aşağı vəziyyətə salacaq. V. Putin məğlubiyyətlə barışmır. Məhz Ukraynanın dörd vilayətini birləşdirməsi məğlubiyyətlə barışmadığını göstərir.
Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdən devrilməyincə sülh müqaviləsinin bağlanması mümkün olmayacaq".
Cavid