BAXCP-nin VI Qurultayı keçirilib - VİDEO Siyasət

BAXCP-nin VI Qurultayı keçirilib - VİDEO

Oktyabrın 27-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) VI Qurultayı keçirilib.

Dövlət himninin səsləndirilməsindən, sayğı duruşundan və Qurultayın keçirilməsi ilə bağlı müvafiq prosedur qaydalarının həyata keçirilməsindən sonra, gündəlikdə duran məsələlər müzakirə edilib, BAXCP-nın sədri Qüdrət Həsənquliyev, Ali Məclisin sədri Vaqif Abışov, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Mahir Zeynalovun hesabatları dinlənilib və qənaətbəxş hesab olunub.

Daha sonra təşkilat məsələlərinin müzakirəsinə başlanılıb. Qurultay nümayəndələri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrliyinə Qüdrət Həsənquliyevin namizədliyini irəli sürüblər. Təklif səsə qoyulub və Qüdrət Həsənquliyev yekdilliklə növbəti dəfə BAXCP-nın sədri seçilib.

Qurultayda müzakirə olunan növbəti məsələ Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) say tərkibinin müəyyənləşməsi və üzvlərinin seçilməsi ilə bağlı olub. Səsvermə ilə BAXCP MNTK-nın 9 nəfərdən ibarət say tərkibi üzvləri müəyyənləşib.

Daha sonra Qurultay Ali Məclis üzvlərinin tərkibinin təsdiqi və BAXCP-nın VI Qurultayının yekun qətnaməsinin qəbul olunmasıyla bağlı müvafiq qərarlar qəbul edib.

BAXCP-nin VI Qurultayının qətnaməsində deyilir:

“Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni Azərbaycan xalqının tarixi uğuru hesab edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının VI Qurultayı ölkədəki ictimai-siyasi vəziyyəti, regionda və dünyada baş verən prosesləri müzakirə edərək, aşağıdakı istiqamətlərin növbəti qurultaya qədər olan zaman kəsiyində partiyanın fəaliyyəti üçün priritet təşkil edəcəyini bildirir:

  • BAXCP Azərbaycan dövlətinin ölkənin bütün əraziləri üzərində suveren hüquqlarının bərpası istiqamətindəki səylərini dəstəkləyir.

  • BAXCP ölkənin xarici siyasətinin istisnasız olaraq, Azərbaycanın Qarabağ üzərindəki suveren hüquqlarının tam bərpasına xidmət etməsinin zəruriliyini vurğulayır və bu istiqamətdə həyata keçirilən fəaliyyəti müdafiə edir.

  • BAXCP Azərbaycanın qonşu ölkələrlə dostluq münasibətlərinin qorunub saxlanılması və inkişafı istiqamətində yürütdüyü siyasəti təqdir edir və dəstəkləyir.

  • BAXCP Şuşa Bəyannaməsini imzalamaqla strateji müttəfiqlərə çevrilən Azərbaycanla Türkiyənin qarşılıqlı münasibətlərinin, eləcə də də türk dövlətləri arasındakı əlaqələrin inkişafına, Türk Dövlətləri Təşkilatının formalaşmasına ölkəmizin verdiyi töhfənin tarixi əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə göstərilən bütün səyləri müdafiə edir.

  • BAXCP iqtisadi islahatların dərinləşdirilməsinin, iqtisadiyyatın əsas sahələrinin dövlətin nəzarətindən çıxarılaraq özəlləşdirilməsinin, ölkədə investisiyalar üçün cəlbedici olan daha əlverişli biznes mühitinin yaradılmasının zəruriliyini, eləcə də Konstitusiya islahatlarının və bu xüsusda ölkənin parlament tipli respublika modelinə keçidinin vacibliyini vurğulayır.

  • BAXCP mülkiyyətin toxunulmazlığının, qanunun aliliyinin tam təmin edilməsi məqsədilə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinin partiyanın əsas hədəflərindən biri kimi daim diqqətdə saxlanılacağını və bu istiqamətdə həyata keçirilən fəaliyyəti dəstəkləyəcəyini bəyan edir.

  • BAXCP hökuməti Azərbaycan vətəndaşlarının ölkəyə gəlişinin asanlaşdırılması, uşaqlara sosial müavinətlərin verilməsi, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının və iştirakçılarının sosial rifah halının yüksəldilməsi, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq qərarlar qəbil etməyə və həyata keçirməyə çağırır.

  • Bütün bunlarla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası ilə bağlı görülən işləri yüksək qiymətləndirən BAXCP-nin VI Qurultayı hesab edir ki, ata-baba yurdlarının, doğma evlərinin bərpasına öz maliyyə resursları hesabına töhfə vermək istəyən bütün azərbaycanlılara bunun üçün şərait yaradılmalı, Azərbaycan xalqı bütövlükdə Qarabağın bərpası prosesinə cəlb olunmalıdır”.

BAXCP-nin VI Qurultayından videoxülasəni oxucularımıza təqdim edirik: