“Cənubi Azərbaycan gec-tez öz müqəddəratını təyin edəcək” Siyasət

“Cənubi Azərbaycan gec-tez öz müqəddəratını təyin edəcək”

“İranda etiraz aksiyalarının tədricən güclənməsi və Cənubi Azərbaycan vilayətlərində milli hərəkata çevrilməsi, eyni zamanda təşkilatlanması Cənubi Azərbaycan Cümhuriyyətinin qurulması ümidlərini artırır”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O, bildirib ki, İran bunu separatçı hərəkat adlandırsa da, hüququ olaraq bu, Cənubi Azərbaycanın öz müqəddəratını təyin etməsidir: “İran Konstitusiyanın 15-ci və 19-cu maddələrini icra edərək cənubi azərbaycanlılara öz ana dilində təhsil almaq və digər vətəndaş hüquqlarını versə idi və ya Cənubi Azərbaycanın muxtariyyətini tanısa idi, bənzər situasiyanı separatçılıq adlandıra bilərdi. Lakin bütün bunları etməyən molla rejimi faktiki olaraq, cənubi azərbaycanlıları sıxışdırır, assimilasiya siyasəti aparır.
Beynəlxalq təcrübə göstərir ki, bir ölkə daxilində etnik azlıqların assimilasiya edilməsi, milli və mədəni kimliyinin pozulması kimi cəhdlər qarşılığında həmin azlığın başlatdığı siyasi və silahlı mübarizə seperatizm deyil, öz müqəddəratını təyin etmək adlanır. Buna görə də, deyə bilərik ki, indiki məqamda proseslərin bu tempdə inkişaf etməsi yekunda Cənubi Azərbaycan Cümhuriyyətinin qurulması ilə nəticələnə bilər. Proses bir müddət sonra səngisə belə, Cənubi Azərbaycan gec-tez öz müqəddəratını təyin edəcək və Cənubi Azərbaycan Cümhuriyyəti qurulacaq”.