Zatulin ermənilərə görə Putinə qarşı çıxdı Siyasət

Zatulin ermənilərə görə Putinə qarşı çıxdı

Ermənistana girişi yasaqlanan deputat haradan bilir ki, Azərbaycan 8 km irəliləyib?

Rusiya Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitənin üzvü Konstantin Zatulin Nikol Paşinyan hakimiyyətinin onunla bağlı Ermənistana gəlmək qadağasına baxmayaraq, yenə də ermənipərəst mövqe ortaya qoyub. Bu dəfə o, KTMT-ni, dolayısı ilə bu qurumda əsas söz sahibi olan Rusiya Prezidentini “düzgün addım atmamaqda” ittiham edib.

Qeyd edək ki, Paşinyan hakimiyyətinə tənqidi münasibətinə görə Zatulinin Ermənistana girişinə qadağa qoyulub. Halbuki uzun illərdir ki, erməni lobbisindən yallanan Zatulin Ermənistanın maraqlarını qorumaq üçün dəridən-qabıqdan çıxır. KTMT-nin son İrəvan toplantısı ilə bağlı Zatulin deyib ki, qurum gərək Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı fəal olaydı: “Mən Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə, KTMT-nin daha fəal olmasının tərəfdarıyam. Biz hər şeyi öz adı ilə deməliyik. Azərbaycan qoşunlarının Ermənistan "ərazisi"ndə 8 kilometr irəliləməsi “pozuntu”dur və KTMT bunu çox əvvəl açıq şəkildə bəyan etməli idi. Vladimir Putinin İrəvana səfəri və Ermənistanın paytaxtında sammitin keçirilməsi KTMT-yə etimadı bərpa etmək üçün nəzərdə tutulmuşdu. Lakin Paşinyanın hərəkətləri, ictimai imtinası bu işi çətinləşdirdi və bu gün blokun tənqidçilərinə öz mövqelərini inkişaf etdirməyə imkan verdi".

Zatulin açıqlamasında özünü Rusiyaya canıyananlıq etmiş kimi göstərsə də, əslində Ermənistanın dəyirmanına su tökür, İrəvana KTMT-dən çıxmaq üçün “pas” verir. Bu isə onu deməyə əsas verir ki, Zatulinin “persona non qrata” elan edilməsi də bir oyun ola bilər. Doğrudur, o, Paşinyanı Qərbə tərəf yıxıldığına görə zaman-zaman tənqid də edib. Amma Zatulinin pulunu verən, onu danışdıran birbaşa erməni lobbisidir - ABŞ-dakı erməni lobbisi, daha dəqiq desək, Kaliforniyada kök salmış Erməni Milli Komitəsi. Rusiyanın ayrı-ayrı siyasət adamları erməni lobbisinin xoşuna gəlmək üçün Azərbaycan əleyhinə böhtanlar danışırlar. Ermənistana giriş qadağasını “özünə təhqir hesab edən” Zatulin, göründüyü kimi, hələ də ermənilərin təəssübünü çəkir.

Yada salaq ki, Rusiya Zatulinin Ermənistana giriş qadağasını “qeyri-dost və müttəfiqlik münasibətlərinə zidd addım” kimi dəyərləndirmişdi.

Niyaməddin Orduxanlı

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Zatulinin bu dediklərində Kreml izi görür: “Rusiyanın siyasi rəhbərliyində erməni kökənli və ermənipərəst şəxslərin olmasını hamımız çox yaxşı bilirik. Hətta Putinin komandasında olan nazir Lavrovun erməni millətindən olmasını və bu günə qədər hər zaman bütün imkanları ilə erməniləri dəstəklədiyini də görürük. Bundan əlavə, Rusiyada çox güclü erməni diasporası və lobbiçiliyi mövcuddur. Bizim 44 günlük Vətən müharibəsində bu adamlar Putinə çox böyük təzyiqlər edirdilər. Və təsadüfi deyil ki, həmin zaman Putin dəfələrlə bəyan etdi ki, Qarabağ Azərbaycan ərazisidir və müharibə Azərbaycanın ərazisində gedir. Zatulin və onun kimilərin hər zaman Azərbaycanın əleyhinə danışdığını, təhdid etdiyini görürük. Belə adamları Kreml qəsdən danışdırır. İstər Ermənistana qarşı olsun, istərsə də Azərbaycana. Bunlar Kremlin "danışan dili"dir. Kreml açıq şəkildə deyə bilmədiklərini əvvəllər Jirinovskinin vasitəsilə deyirdi. İndi də Zatulin və digərlərinin vasitəsilə deyir. İndi də Zatulinə Kreml KTMT-nin iclasından bəhs etdirir. Ona başa salmaq lazımdır ki, sənin bu çıxışın Azərbaycana qarşı növbəti böhtandır. Bu gün Azərbaycanla Ermənistan arasında demarkasiya, delimitasiya aparılmayıb və bunu Putin də dəfələrlə bəyan edib, sərhəd xətlərinin nişanlanması və tanınmasını. Belə olan halda, Zatulin haradan bilir ki, Azərbaycan 8 km irəlidədir? ABŞ-dakı erməni lobbisi, daha dəqiq desək, Kaliforniyada kök salmış Erməni Milli Komitəsi tək Rusiyanın ayrı-ayrı siyasət adamlarını deyil, bir sıra Avropa ölkələrinin siyasi liderlərini, Makron və s. kimi siyasətçilərini də pulla ələ alıblar və Azərbaycan əleyhinə danışdırırlar. Zatulinin Ermənistana giriş qadağasından narazı qalması təbii ki, Kremlin xoşuna gəlməməliydi. Kreml öz nökərlərinin qayğısına da qalmağı bacarır..."

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Zatulini başıbəlalı siyasətçi sayır: “Zatulin Rusiyanın əsas təbliğatçılarından və ideoloqlarından biridir. Dediyiniz kimi, bir müddət əvvəl onun Ermənistana girişinə qadağa qoyulmuşdu. Bu gün isə həmin siyasətçi ermənilərə görə Rusiya hakimiyyətini tənqid edir. Bu, onu deməyə əsas verir ki, "aysberqin görünməyən tərəfləri də var". Ümumiyyətlə, Zatulin “başıbəlalı siyasətçidir”. Zaman-zaman onun haqqında müxtəlif iddialar səslənir. Düşünürəm ki, bu ssenarilər xeyli dərəcədə Kremldən idarə olunur. Yəni Zatulin və onun kimi digərləri hakimiyyətdən aldıqları direktivlər üzrə hərəkət edirlər. İstisna deyil ki, Zatulinin öz iradəsi ilə Rusiya hakimiyyətinin direktivləri arasında ziddiyyət var. Və məhz bu ziddiyyət onun “gah nala, gah mıxa vurması” ilə nəticələnir. Ehtimal edilən qarşıdurmanın Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı olması da mümkündür. Fikrimcə, gələcəkdə Kreml rəhbəri ilə Zatulin və digər siyasətçilər arasında ziddiyyət arta bilər. Çünki “çevrə daralır”. Zatulinin ermənilərə görə Rusiya hakimiyyətinə qarşı çıxmaq cəhdi bəlkə də onun “meydan oxumaq” “təşəbbüsüdür”. Amma Putin buna cavabsız qalmaz. Gələcəkdə Rusiyadaxili siyasətdə qarşıdurma güclənə bilər".