"Xankəndi yolunda mütləq nəzarət sistemi tətbiq edilməlidir" Siyasət

"Xankəndi yolunda mütləq nəzarət sistemi tətbiq edilməlidir"

Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərdə məhz Kremlin canişini Ruben Vardanyanın təşkilatçılığı ilə keçirilən etiraz aksiyasının hədəfi növbəti dəfə "Rusiyaya birləşirik" ola bilər. Ona görə də bu mintinqin davamı olacaq və mütəşəkkil şəkildə prosesə hazırlıq gedir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, Rusiya bununla ölkəmizə təzyiq etməyə çalışır. Azərbaycan belə bir təzyiqlə barışmayacaq:

"R. Vardanyanın zərərləşdirilməsi istiqamətində iş aparılmali və Xankəndi yolunda mütləq nəzarət sistemi tətbiq edilməlidir.

Qeyd edim ki, Ermənistan hakimiyyəti prosesin Rusiyanın inhisarina keçməsində maraqlıdır. Məhz A. Mirzoyan Rusiya və Azərbaycan xarici işlər nazirləri ilə birgə görüşə ona görə qatılmadı ki, Azərbaycan və Rusiya bu məsələdə qarşı-qarşıya olsun. MDB dövlət başçılarının sammitində də N. Paşinyan prezident İ. Əliyevlə görüşdə maraqlı deyil. Çünki, prosesdə Moskva ilə Bakının mübahisə etməsini, R. Vardanyan vasitəsilə böhran yaradılmasında maraqlıdır.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin müzakirələri Tiflisdə başlayıb və burada da sülh müqaviləsinin bağlanması ilə nəticələnəcək. Proses ABŞ vasitəçiliyi ilə reallaşacaq. Bunun nə vaxt olacağı isə, yaza qədər aparılacaq danışıqlar prosesindən asılı olacaq. Xüsusilə, Rusiyanın Ukraynada məğlubiyyəti fonunda".
Cavid