“Bir zaman Azərbaycan Respublikasının Parlamentinin üzvü olan Cəmil Həsənlidən bu cür fikirlər eşitmək çox əcaibdir” Siyasət

“Bir zaman Azərbaycan Respublikasının Parlamentinin üzvü olan Cəmil Həsənlidən bu cür fikirlər eşitmək çox əcaibdir”

Aydın Mirzəzadə: ""Azərbaycan müxtəlif dinlərin, xalqların dinc, rahat yaşadığı bir bölgədir"

"Bir zaman Azərbaycan Respublikasının Parlamentinin üzvü olan Cəmil Həsənlidən bu cür fikirlər eşitmək çox əcaibdir. Kim olursan ol, istər müxalifət yolu seç, istərsə də iqtidar, amma Azərbaycanda insan hüquqlarına necə hörmətlə yanaşıldığını düzgün şəkildə dilə gətir". Bu fikirləri Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Milli Şuranın sədri Cəmil Həsənlinin ölkədə Mulkulturalizm ilinin elan olunmasına radikal mövqe sərgiləməsinə münasibət bildirərkən deyib.
YAP rəsmisi qeyd edib ki, bu gün Azərbaycan bütün dünyada müxtəlif xalqların, dinlərin harmonik şəkildə yaşadığı, bir-birinin mədəniyyətinə, dünyagörüşünə hörmətlə yanaşıldığı bir ölkə kimi tanınır: "Azərbaycan müxtəlif dinlərin, xalqların dinc, rahat yaşadığı bir bölgədir. Ona görə də ölkəmiz beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirildiyi məkana çevrilib. İndiyə qədər Azərbaycanda dini və irqi zəmində hər hansı bir qarşıdurma olmayıb. Bu, bir tərəfdən xalqımızın tarixdən gələn mədəniyyətindən və formalaşmış dünyagörüşündən asılıdır, digər tərəfdən isə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, hazırda Cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparılan multikulturalizm siyasəti ilə bağlıdır. Bütün bunlara rəğmən bu gün öz maraqlarına xidmət edən radikal müxalifət hər şeyə qara eynəklə baxmağa davam edir. Onlar üçün Azərbaycanda inkişaf , müasirlik, yenilik yoxdur. Onlar ancaq və ancaq Azərbaycanda gərgin vəziyyət yaratmağa cəhd edirlər. Radikal müxalifətdə bir qayda olaraq Azərbaycan mövqeyinə zərbə vurmağa çalışan qüvvələrlə iş birliyinə girənlər toplaşıb. Ermənilərlə dostluqdan fəxr hissi duyan Rüstəm İbrahimbəyovun siyasətini müdafiə edənlərdən bundan artıq heç nə gözləmək olmaz. O cümlədən də ölkəmizdə silah gücünə dini öz maraqları çərçivəsində yayan, xarici kəşfiyyat orqanlarına işləyən Taleh Bağırzadənin müdafiəsinə qalxanlardan nə gözləmək olar ki? Mən bundan sonra da bu cür insanların əməllərinə təəccüb etmərəm. Əgər bir gün bu insanlar Zori Balayanla, Robert Koçaryanla, xaricdəki anti-Azərbaycan mərkəzlərinin rəhbərləri ilə əməkdaşlıq etsələr, bu heç kəsə təəccüblü gəlməyəcək". Aydın Mirzəzadə son olaraq radikal müxalifətdən gözləntilərini də dilə gətirərək bildirib ki, insanların qəlbində mənəvi borc deyilən bir anlayış yer almalıdır: "Çox istərdik ki, radikal müxalifət hakimiyyətlə siyasi görüşlər aparmaqla yanaşı, dövlətin adının qorunması, nüfuzunun yüksəlməsinə öz tövhəsini verə bilsin. Hələ ki, bunlar bu anlayışdan çox uzaqdırlar".