Vaşinqtonun yeni prioriteti Siyasət

Vaşinqtonun yeni prioriteti

"Dondurulmuş münaqişələr həll olunmalıdır"

Elxan Şahinoğlu

Biz hər zaman böyük dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərməməsindən şikayət edirik. Həqiqətən sözdə böyük dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Ancaq əməldə bunu təmin edəcək alətləri işə salmırlar.
Buna baxmayaraq, Qərb dövlətləri Dağlıq Qarabağ və bənzəri münaqişələrin həllinin uzanmasının tək müharibəyə yol açacağından deyil, bölgədə daha böyük təlatümlərə səbəb olacağının fərqindədirlər. Məsələn, ABŞ dövlət katibi Con Kerri ölkəsinin 2016-cı il üçün xarici siyasət gündəliyini açıqlayarkən deyib ki, dondurulmuş münaqişələrin nizamlanmaya ehtiyacı var.
Məsələ burasındadır ki, dondurulmuş münaqişələri həll etmədən beynəlxalq terrorun kökünü kəsmək çətin olacaq. Kerrinin sonrakı fikri də bunu sübut edir: "Biz dondurulmuş münaqişələrin həlli istiqamətində nə qədər çox irəliləyiş əldə etsək, o zaman İŞİD-ə qarşı daha effektiv və dayanıqlı mübarizə aparmış olarıq".
Buna baxmayaraq, Vaşinqtonun qollarını çırmalayaraq dondurulmuş münaqişələrin həllinə girişəcəyini düşünmək çətindir.
Birincisi, Kerrinin də üzvü olduğu Barak Obama administrasiyasının ömrünə az qalıb. Obamanın 8 illik prezidentlik müddəti başa çatır. Əgər Obama və Kerri dondurulmuş münaqişələrin həllini bu qədər aktual sayırlarsa, gərək bu işə daha öncə başlayaydılar.
İkincisi, ABŞ dünyanın əsas supergücü olsa da, əli hər yerə çatmır. Məsələn, keçmiş sovet məkanını götürək. ABŞ Rusiyanın 2008-ci ildə Gürcüstanı parçalamasına, 2014-cü ildə isə Krımın ilhaqına və Donbas separatçılarına dəstəyinə mane ola bilmədi. Bunlar da artıq dondurulmuş münaqişələrə çevrilib. Çünki nə Gürcüstan, nə də Ukrayna Abxaziya, Cənubi Osetiya, Krım və Donbasın itirilməsiylə barışıblar.
Elə bunlardan da uzun tarixə malik olan Dağlıq Qarabağ münaqişəsi də dondurulmuş münaqişə sayılır. Dağlıq Qarabağın separatçı və terrorçu məskəni olduğunu xüsusi sübut etməyə ehtiyac yoxdur. Torpaqlarımızın işğalında ASALA və ona dəstək verən terrorçu qruplaşmaların xüsusi rolu olub. Buna baxmayaraq, Barak Obama administrasiyası Azərbaycanla Ermənistan arasında bərabərlik işarəsi qoyur.
Ancaq hər halda hətta Qarabağ məsələsində Vaşinqtonun mövqeyi Moskvanın mövqeyindən müsbətdir. Məsələn, ABŞ-ın Minsk qrupundakı həmsədri Ceyms Uorlik dəfələrlə deyib ki, Dağlıq Qarabağ ətrafındakı torpaqlar azad olunmalıdır. Onun rusiyalı həmkarından isə bircə dəfə də oxşar fikir eşitməmişik.
Yaxşı haldır ki, ABŞ-dan Azərbaycana səfərlərin sayı artıb. Bir neçə gün əvvəl ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kupçan Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə və müdafiə naziri Zakir Həsənovla görüşdü. Hər iki görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində fəaliyyəti geniş müzakirə olundu.
Bu görüş Azərbaycanla ABŞ arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıqda problemlərin olmadığını, tam əksinə, əlaqələrin inkişafını göstərdi. Bu səfərlərin birbaşa Dağlıq Qarabağ münaqişəsinin həllinə birbaşa aidiyyəti olmasa da, Bakının Vaşinqtona göndərdiyi və göndərəcəyi müsbət siqnallar ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə marağının artmasına səbəb ola bilər. Vaşinqton Ukraynanın ərazi bütövlüyünün təmini məqsədilə Kiyevlə sıx əməkdaşlıq edir, ona hər cür dəstək verir, Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Biz elə etməliyik ki, Vaşinqton Azərbaycanın ərazi bütövlüyünə də eyni prizmadan yanaşsın.