“Ən böyük arzularından birini reallaşdırmaq gücündə olan layihə erməni mifologiyasına qurban verilir” Siyasət

“Ən böyük arzularından birini reallaşdırmaq gücündə olan layihə erməni mifologiyasına qurban verilir”

Mübariz Əhmədoğlu: " Erməni mifologiyası və uydurma erməni tarixi isə erməni işğalçılığının mənbəyidir"

Rəsmi Yerevanın İran-Ermənistan dəmir yoluna ümidinin ölməsi mümkün deyil. Çünki rəsmi Yerevan Ermənistan ictimaiyyətini Ermənistan-İran dəmir yolu mifologiyasına dəstək verməyə vadar edir. "Rəsmi Yerevanın İran-Ermənistan dəmir yoluna ümidini itirməsi Dağlıq Qarabağ tənzimlənməsində ermənilərin mövqelərinə ümidlərinin itirilməsi deməkdir. Amma realpolitik siyasət coğrafiyası genişlənir. Gec-tez ermənilər realpolitik siyasətinin arealına düşməlidir. Bu areala ermənilər özləri özlərini salsalar daha çox uğur qazana bilərlər. Amma Ermənistanı sevənlər də onun bu areala düşməsini sürətləndirməlidir". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politloq Mübariz Əhmədoğlu deyib. O, bildirib ki, indi Ermənistanda bir qrup əhali İranla əməkdaşlığın tərəfdarıdır: "İranla Ermənistanın əməkdaşlığını ideallaşdıran bəzi erməni ekspertləri hətta İranın maraqları tələb edəcəyi halda, Ermənistanın Rusiyadan uzaqlaşmasını da məqsədəuyğun bilirlər.
Eləcə də Ermənistanda Rusiya ilə iqtisadi, hərbi, siyasi münasibətlərin qaçılmaz olduğunu da dərk edənlərin sayı da hədsiz çoxdur. Mərz bu parametrə görə, Ermənistan 2013-cü ilin 3-sentyabrda Gömrük İttifaqına başqa sözlə, indiki AİB-ə üzvlüyü seçdi".
Onun fikrincə, İranla Ermənistanın əməkdaşlığını ideallaşdıran erməni ekspertləri də əsasən Ermənistanın İranla AİB arasında körpü kimi təqdim edirlər, İran məhsulları AİB-ə və əksinə Ermənistan ərazisi vasitəsilə daşınacaqdır: "Amma bunun üçün ermənilərin təklif etdiyi yol gürcü-abxaz dəmir yolunun açılmasını və Ermənistan ərazisində 3,2 milyard dollarlıq dəmir yolu tikintisini həyata keçirilməsini tələb edir. Gürcü-abxaz dəmir yolunun açılması indi mümkün deyil. Hətta 2016-cı ilin yanvarın 1-dən sonra vəziyyət daha da mürəkkəbləşib. Gürcüstan Aİ-nin assosiativ müqaviləsinin üzvüdür. Ukrayna məsələsi göstərdi ki Aİ belə məsələlərdə Rusiya ilə dialoqu inkar edir. Ona görə, Aİ-nin assosiativ müqaviləsinin üzvü olan Gürcüstan ərazisindən Rusiyaya və ya Rusiyadan malların daşınması çox çətin olacaqdır. Gürcü-abxaz dəmir yolunun açılması da Gürcüstan cəmiyyəti üçün qeyri-məqbul şərt irəli sürür; Gürcüstan Abxaziyanı müstəqil dövlət kimi tanımalıdır. Gürcü-abxaz dəmir yolu birxətlidir və eləcə də bu dəmir yolunun altındakı süxurlar boşdur. Ona görə də ağır tonnajlı yüklər daşına bilməz".
Politoloq əlavə edib ki, İran-Ermənistan dəmir yolunun tikintisinə Ermənistan 10 ildən çoxdur investor axtarır və hələ tapa bilməyib: "Günü sabah gürcü-abxaz, İran-Ermənistan dəmir yollarının reallaşdırılmasına olan maneələr aradan qalxmağa başlasa, ən yaxşı halda yaxın 10 ildə bu layihə fəaliyyətə başlayacaq.
Amma Mehri dəmir yolunun işə düşməsi üçün cəmi bir dövlətin beynəlxalq hüquqa zidd addımından və ambisiyasından imtinası lazımdır. Ermənistan Azərbaycan torpaqlarının işğalçılıq siyasətini dayandırmalıdır. Mehri dəmir yolunun bərpası isə 4-5 milyard dollar deyil, 350-400 milyon dollar vəsait tələb edir. Ermənistan 10 ildir investor tapa bilmir. Mehri dəmir yolu isə Ermənistanı çıxmaq şərti ilə ən azı 3 imkanlı dövlətin ərazisindən keçir. Rusiya, Azərbaycan və İran investorları birlikdə bu vəsaiti qoya bilər. Hətta Azərbaycan özü təkbaşına bu vəsaiti qoya bilər.
Bax erməni budur. Ən böyük arzularından birini reallaşdırmaq gücündə olan layihə erməni mifologiyasına qurban verilir. Erməni mifologiyası və uydurma erməni tarixi isə erməni işğalçılığının mənbəyidir".