Araz Əzimovdan çağırış Siyasət

Araz Əzimovdan çağırış

"Minsk qrupunun bütün üzvlərinin görüşü keçirilsin"

"Dağlıq Qarabağmünaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupu fəaliyyətini aktivləşdirməlidir".
Bu barədə Vyanada ATƏT-in Daimi Şurasının iclasında Azərbaycan XİN rəhbərinin müavini Araz Əzimov bildirib. Araz Əzimov Azərbaycanın Minsk prosesinə sadiqliyini bəyan edib və münaqişənin həllində formatdan tam istifadəni təmin etmək üçün Minsk qrupunun bütün üzvlərinin görüşünün keçirilməsinə çağırıb: "Dağlıq Qarabağmünaqişəsinin nizamlanmasının yubanması və hazırkı status-kvo regional təhlükəsizliyə mənfi təsir edir, regional layihələrin reallaşdırılmasına mane olur".
XİN rəhbərinin müavini Azərbaycanın terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və radikalizm kimi beynəlxalq təhdidlərlə mübarizədə beynəlxalq normalara sadiq qaldığını olduğunu qeyd edib.
"Həmçinin iqtisadi islahatların aparılması və sərmayə qoyuluşu üçün əlverişli şəraitin yaradılması Azərbaycan üçün prioritet istiqamətlərdən biridir" - deyə Əzimov vurğulayıb.
Korrupsiya ilə mübarizə sahəsində Azərbaycanın elektron dövlət xidmətləri vasitəsilə əldə etdiyi nailiyyətlərdən söz açan nazir müavini ölkənin bu təcrübəni ATƏT-in digər üzv dövlətləri ilə bölüşməyə hazır olduğunu qeyd edib. O, Azərbaycanın Almaniyanın ATƏT məkanında iqtisadi mübadilənin yaxşılaşdırılması üçün stimulların yaradılması istiqamətində səylərini dəstəklədiyini bildirib.
"2016-cı il 25-27 aprel tarixlərində Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumu keçiriləcək. Bu ölkənin mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına növbəti töhfəsi olacaq. Multikulturalizmin təşviqi - Azərbaycanın dövlət siyasətidir" - deyə A. Əzimov qeyd edib.