“AŞPA Ermənistandan təcavüzkar hərəkətlərini dayandırmağı tələb etməlidir” Siyasət

“AŞPA Ermənistandan təcavüzkar hərəkətlərini dayandırmağı tələb etməlidir”

Qənirə Paşayeva: "Ermənistan Suriya ermənilərindən öz təcavüzkar xarici siyasətində alət kimi istifadə edir"

Milli Məclisin Avropa Şurası Parlament Assembleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva yaz plenar sessiyası çərçivəsində keçirilən sərbəst müzakirələrdə çıxışında qurumu Dağlıq Qarabağ məsələsinə diqqəti artırmağa çağırıb.
Azərbaycanla Ermənistan arasında sərhəd regionlarından birinin nümayəndəsi olaraq regionda mövcud məsələləri diqqətə çatdırmaq istəyində olduğunu qeyd edən millət vəkili Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə aparılan danışıqlara zərər vurduğunu bildirib və AŞPA-nı təcavüzkar ölkədən bu hərəkətlərini dayandırmağı tələb etməyə çağırıb.
Qənirə Paşayeva xatırladıb ki, Ermənistan Silahlı Qüvvələri son vaxtlar atəşkəs rejimini müntəzəm şəkildə pozur, erməni snayperləri öz mövqelərindən sərhədə bitişik kəndlərdə yaşayan mülki şəxsləri atəşə tuturlar: "9 gün əvvəl millət vəkili olaraq təmsil etdiyim Tovuz rayonunun Əlibəyli kənd sakini, mülki şəxs Etibar Tağıyev Ermənistan silahlı qüvvələrinin onun evini atəşə tutması nəticəsində yaralanmış, ailə üzvləri isə ciddi xəsarətlər almışlar. Bundan başqa digər mülki şəxs Rəşad Əliyev və onun ailəsi eyni aqibətlə üzləşmişdi. Bir neçə gün əvvəl Ruhiyyə Hüseynova, Adil Musayev və Etibar Quliyev də Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində yaralanmışdılar. Mülki şəxslərin snayperlər tərəfindən vurulması kimi bu cür faklar digər sərhədboyu ərazilərdə də rast gəlinir. Mən bu siyahını uzada bilərəm. Biz AŞPA-nı Ermənistandan Dağlıq Qarabağ münaqişəsnin tənzimlənməsi üzrə aparılan danışıqlara zərər vuran hərəkətləri dayandırmağı tələb etməyə çağırırıq".
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün pozulduğunu deyən millət vəkili artıq 20 ildən bəridir ki, işğalçı ölkənin Azərbaycanın torpaqların bir hissəsini işğal altında saxladığını bildirib: "Ermənistan BMT Təhlükəsizlik Şurası və Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrə məhəl qoymur və bu gün onlar Azərbaycanın işğal edilmiş torpaqlarını tərk etmir, 100 minlərlə məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan vermir, snayperləri mülki şəxsləri atəşə tutmaqda davam edirlər. Cəbhə bölgəsində yaşayanlar bizdən AŞPA-nın 1416 saylı qətnaməsinin yerinə yetirilməsini gözləyirlər. Biz Assambleyanı bu məsələni ciddi müzakirə etməyə və bu istiqamətdə səylərini sürətləndirməyə çağırırıq. Mən 1 milyon qaçqın və məcburi köçkün adından danışıram, onlar 20 idir ki öz doğma torpaqlarına və evlərinə dönə bilmirlər və bu, Avropa zonasında insan haqlarının ən böyük pozuntusudur".
Qəninə Paşayeva əlavə edib ki, AŞPA Avropa Şurası üzv dövlətlərindən birinin ərazisinin digər üzvü tərəfindən uzunmüddətli işğalı faktına laqeyd yanaşmamalı və bu məsələlərə ciddi yanaşmalıdır: "AŞPA-da bu məsələ ilə bağlı son müzakirələrin nə vaxt aparıldığını yada salaq. Bu məsələ ilə bağlı apardığımız müzakirələrin tarixini xatırlayaq, təəssüflər olsun ki, mən xatırlaya bilmirəm. AŞPA-nın qeyd edilən qətnaməsi bəyan edir ki, Ermənistan Azərbaycan torpaqlarını tərk etməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə dönmələrinə imkan verməlidir. Bu qətnamənin qəbulundan 9 il keçməsinə baxmayaraq Ermənistan onu yerinə yetirməkdən imtina edir".
Millət vəkili qeyd edib ki, AŞPA təkcə müzakirələr aparmaqla və sənədlər qəbul etməklə kifayətlənməməlidir, qurum həm də qəbul etdiyi sənədlərə ciddi nəzarəti həyata keçirməlidir: "Sadəcə müzakirələri aparmaq və sənədlər qəbul etmək kifayət deyil. Bu adamlar sizi qəbul etdiyiniz qətnamələrin və sənədlərin yerinə yetirilməsi üzərində ciddi nəzarət həyata keçirməyə, daha effektiv mexanizmləri tətbiq etməyə və onların pozulmuş hüquqlarını müdafiə etməyə və bu məsələ ilə bağlı müzakirələr aparmağa çağırırlar. Bu gün AŞ ərazisində qaçqın və məcburi köçkünlərin təqrbən yarısı Azərbaycanda yaşayır. Mən bizim Assambleyanı yaxın gələcəkdə Cənubi Qafqazda məcburi köçkünlərin vəziyyəti ilə bağlı xüsusi müzakirələr aparmağa çağırıram. Çünki onların yerləşməsinə baxmayaraq, biz qaçqınların və məcburi köçkünlərin vəziyyətinə ciddi diqqət yetirməliyik və onlara kömək etməliyik. Mən Assambleyanı bu adamlara ciddi yanaşmağa və 1416 saylı qətnamənin yerinə yetirilməsi üçün öz təsir və təzyiq mexanizmlərini gücləndirməyə çağırıram".
Millət vəkili ciddi narahatlıq doğuran məsələlərdən biri kimi Suriyadan qaçqın düşmüş ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi faktına da diqqət yönəldib: "Suriyada baş verən son hadisələr hər kəsi narahat edir. Təəssüfedicidir ki, Ermənistan Suriyadan qaçqın düşmüş ermənilərdən öz təcavüzkar xarici siyasətinin aləti kimi istifadə edib, onları Ermənistanda deyil, işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirir. Ermənistan tərəfindən həyata keçirilən bu addımlar AŞPA-nın sənədlərinə, habelə ATƏT-in fakt araşdırıcı missiyasının müvafiq müraciətlərinə zidd olub, vəziyyəti daha da gərginləşdirməklə münaqişənin sülh yolu ilə həll edilməsinə xələl yetirir. AŞPA Ermənistandan bu təşkilat qarşısında üzərinə götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edən bu cür hərəkətləri dayandırmağı tələb etməlidir".
TURQUT