"Ermənistan daima təhlükə içərisində yaşamalıdır" Siyasət

"Ermənistan daima təhlükə içərisində yaşamalıdır"

Azərbaycan Ermənistanla hər hansı səbəbə görə sülh müqaviləsi bağlayıb regionda stabillik planlaşdırırsa, bu, əvvəla, yaxın zamanlarda mümkün olmayacaq, sonra isə bu sülhün bağlanması, bağlansa belə etibarlılığı şübhə altına olacaq. Onda Ermənistanla sülh nəyə lazımdır?

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

Qeyd edib ki, Azərbaycanın hərbi yolla əldə etdiyi qələbəni diplomatik masada da sülh müqaviləsi imzalamaqla tamamlamaq cəhdlərini anlamaq olar, amma bu sülhün real dayaqları olmayandan sonra nəyə xidmət edəcəyi gün kimi aydındır:

"Ermənistan yenidən zaman gözləmək üçün hazırlığa başlayacaq.
Müharibələrin bir gün bitdiyi məntiqi doğrudur. Azərbaycan nə vaxtsa Ermənistanla olan problemini həll etməlidir. Amma müharibə heç vaxt düşmən tamamilə məhv edilməyincə bitmir. Bizim düşmənimiz isə tək Ermənistan deyil. Bunlar bir-birilərini ayaqda saxladıqca sülhdən danışmaq ancaq söz olacaq.
Azərbaycan sülh təklifini elan edən tərəf olmamalıdır. Bu təklif Ermənistandan gəlməyincə Azərbaycan sülhdən danışmamalıdır. Ermənistan daima təhlükə içərisində yaşamalıdır. Bu zaman Ermənistan məcbur şəkildə öz təhlükəsizliyini təmin etmək üçün yollar axtaracaq, necəki axtarır. Bu da düşmən gücləri qarşı-qarşıya gətirəcək. Hesab edirəm ki, bundan Azərbaycan udacaq.
Ermənistansız bizim itirəcəyimiz heç nə yoxdur, amma düşmənlərimizin çox şeyi var".

Cavid