“Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları dünyada yaşayan bütün türklərin vətənidir” Siyasət

“Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları dünyada yaşayan bütün türklərin vətənidir”

Qənirə Paşayeva: "Hər bir türk Qarabağı hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır"

Millət vəkili Qənirə Paşayeva Kırşehirdə konfransda iştirak edib. O, sözügedən konfransda çıxışı zamanı deyib ki, dünyada ədalət bitib, beynəlxalq hüquq çöküb, BMT isə böyük güclərin marağını qoruyan təşkilata çevrilib. Türkiyənin Kırşehir vilayətində Ahı Evran Universitetində Türk dünyasının ağrılı problemləri və Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı konfransa qatılan millət vəkii deyib ki, belə bir dünyada haqlarını qoruya bilmənin tək yolu güclü olmaqdan keçir. "Bu güc idə birlik və bərabərlikdən keçir"- deyən millət vəkili türk dünyası gənclərini birliyə, bərabərliyə, bir-birinə daha çox sahiblənmyə və işbirliyini daha da artırmağa çağırıb. Rəsmi şəxslər, ziyalılar, alimlər, QHT, KİV təmsilçiləri və gənclərin geniş şəkildə iştirak etdiyi konfransın açılışında çıxış edən araşdırmaçı-yazar İmdat Avşar isə türk dövlət və torlumları arasında əməkdaşlığın genişlənməsinə böyük ehtiyac olduğunu vurğulayıb. Daha sonra Q. Paşayeva son günlər Türkiyədə terror hücümları, hadisələri zamanı şəhid olan insanlarımızın ailəsinə və qardaş Türkiyəyə başsağlığı verərək, terrora qarşı mübarizədə qardaş Türkiyənin yanındayıq, deyib. Qarabağ problemi ilə bağlı geniş çıxış edən millət vəkili bildirib ki, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları dünyada yaşayan bütün azərbaycanlıların, türklərin vətənidir: "Biz inanırıq ki, Ermənistanın işğal etdiyi gözəl Dağlıq Qarabağımız da, işğal altındakı digər o gözəl bölgələrimizin də işğaldan azad olduğu gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik". Q.Paşayeva qeyd edib ki, Qarabağın qədim tarixi var, Qarabağ əsrlər boyu Azərbaycan və türk tarix və mədəniyyətinin beşiklərindən biri olub, mədəniyyətimizə əvəzsiz töhfələr verən dahi şəxsiyyətlər orada yetişib: "Hər bir Türk insanı Qarabağı hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Qarabağı sevməliyik, xatırlamalıyıq ki, o, işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələrimizi məhv edirlər və dünya buna göz yumur".