“Ermənistana vaxt verməlidir” Siyasət

“Ermənistana vaxt verməlidir”

Beynəlxalq birlik ermənilərə reallıqları, sərhədləri göstərməyə başlayıb


Ermənistanın təxribatı nəticəsində cəbhədə baş vermiş son gərginlik həm siyasi, həm də hərbi baxımdan Azərbaycanın üstünlüyü ilə yadda qaldı.
3-4 günlük müharibənin nəticəsi olaraq hərbi uğurlar, həmçinin dünya birliyinin ilk dəfə olaraq ölkəmizə qarşı ədalətli mövqeyi müşahidə olundu.
Dünya birliyi anladı ki, illərdir işğalda qalan torpaqlarını azad etmək Azərbaycanın haqqıdır və sülh danışıqları nəticə verməyəcəyi halda hərbi toqquşmaların davam etməsi gözləniləndir.
Ölkəmizin ədalətli mövqeyinin beynəlxalq ictimaiyyət tərəfindən müdafiə olunmasını Ermənistanda da etiraf etdilər və hətta buna görə, Sarkisyan hakimiyyəti tənqid olundu. Məsələn, Ermənistan Strateji və Milli Araşdırmalar Mərkəzinin direktoru Karapet Kalençiyanın analitik məqaləsində bu məğlubiyyəti açıq şəkildə ortaya qoyub.
O etiraf edir ki, Ermənistanı nə MDB, nə də Avropada müdafiə etdilər:
"Hərbi əməliyyatlar göstərdi ki, bizim nə MDB-də nə də Avropada müttəfiqlərimiz var. Biz fiziki, həm də siyasi cəhətdən blokadada qaldıq. Ermənistan Avropa Şurası, AŞPA, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avroasiya İqtisadi Birliyinin (AAİB) üzvü olduğu halda bu təşkilatlarında heç birindən dəstək ala bilmədi. Bu azmış kimi AŞPA sədri Pedro Aqramunt Azərbaycanın ərazi bütövlüyünü dəstəklədyini bəyan etdi.
Ermənistandan başqa, Rusiya, Qazaxstan, Qırğızıstanın da daxil olduğu KTMT-nin üzvü olan Belarusun prezidenti Lukaşenko vəziyyəti elə şərh etdi ki, Ermənistanın xarici işlər nazirliyi bununla bağlı bəyanat verməli oldu.
Rusiya və Qazaxstan prezidentləri Qarabağ münaqişəsini müzakirə etdilər. Amma hamıya aydındır ki, KTMT və AİB-nin üzvü olan Qazaxstan daim Azərbaycanın tərəfində olacaq. Ermənistan öz siyasətini köklü dəyişməlidir. Zaman irəli gedib, amma bizim xarici siyasət 60-cı illərin səviyyəsindədir".
Bütün baş verənlərdən sonra isə işğalçı Ermənistana qarşı təzyiqlərin olacağı gözlənilir. Düzdür, ekspertlər bu təzyiqlərin daha yumşaq olacağını ehtimal edirlər. Almaniyanın Ermənistandakı səfiri Matias Kislerin dünənki açıqlamasını isə bu məsələdə ilk siqnal kimi qəbul etmək olar.
Diplomat İrəvanda keçirilən mətbuat konfransında deyib ki, Ermənistan investisiyalara cəlbedici olması üçün qonşularla münasibətlərini yoluna qoymalıdır:
"Müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar var. Amma qeyd etməliyəm ki, Ermənistanın təcrid olunması investorlar üçün problemlər yaradır. Buna görə də, yaxşı olardı ki, Ermənistan bütün qonşuları ilə yaxşı münasibətdə olardı".
Təbii ki, burda ilk növbədə yaxın qonşu Azərbaycan nəzərdə tutulur, diplomat da məhz Ermənistanın işğalçılıq siyasətinə eyham vurur.
Ermənistana gözlənilən təzyiqlər və diplomatın məlum fikirlərini Gün.Az-a şərh edən politoloqElxan Şahinoğlu hesab edir ki, cəbhədəki son döyüşlər artıq Azərbaycan ətrafında informasiya blokadasının olmadığını, ədalətli mövqeyinin Qərb mətbuatında da işıqlandırıldığını göstərdi.
Onun sözlərinə görə, qərbli diplomatlar da etiraf edirlər ki, münaqişənin həlli üçün Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibdir:
"Bu, yaxşı əlamətdir. İndi biz gözləyirik ki, onlar bu faktordan çıxış edərək, Ermənistana təsir və təzyiqləri artırsınlar. Rusiya, Qərb dövlətləri və digərləri bunu anlatmağa çalışsınlar. Almaniya səfirinin dediyində də böyük həqiqət var. Əgər münaqişə vaxtilə həll olunsaydı və Ermənistan Qarabağı separatizm yuvasına çevirməsəydi, indi Ermənistan- Azərbaycan, Ermənistan- Türkiyə münasibətləri də normal idi.
Ermənistan bütün regional layihələrdə iştirak edirdi, bəlkə də bu gün Gürcüstandan keçən bütün boru xətləri Ermənistan ərazisindən keçərdi və milyardlarla dollar qazanc götürərdi.
Bütün hallarda itirən Ermənistan oldu. Amma indi də gec deyil. Əgər Ermənistan bu siyasətindən vaz keçərsə, münasibətlərin normallaşması və layihələrdə iştirakı mümkündür".
Bununla belə Elxan Şahinoğlu avropalı diplomatların dediklərinə rəğmən, Ermənistan hakimiyyətinin geri addım atacağını düşünmədiyini də deyib.
"Düzdür, indi onların da vəziyyəti gərginləşəcək. Cəmiyyətlə aralarında problemlə yaranacaq, amma yenə də Ermənistana 15 ildən çoxdur ki, məhz separatçılar rəhbərlik edirlər. Onlar da nə qədər təzyiq olsa belə, geri addım atmaq barədə düşünmürlər. Ona görə də yeganə alternativ cəbhədə onlara daim təzyiq etməkdir".
Politoloq xatırladıb ki, indiyə kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çox güclü sənədlər var: "Avropa Parlamentinin, AŞPA nın sənədlərini qeyd etmək olar. Sonuncu Sərsəng su anbarı ilə bağlı sənəd də bu sıradadır. Əsas məsələ budur ki, qətnamələr işlək bir mexanizmə çevrilsin.
Məsələn, AŞPA işğalçıya necə təsir edə bilər? Bu qurumda qəbul edilmiş iki qətnamə var və hər ikisində də Ermənistan qoşunlarının işğal altında Azərbaycan torpaqlarını boşaltması tələb olunur. Ermənistan bunu etmir. Deməli, AŞPA məsələ qaldırıb, Ermənistana vaxt verməlidir. Həmin müddət ərzində qarşı tərəf tələbi yerinə yetirməsə, ya Ermənistan qurumdan çıxarılmalı, ya da səsvermə hüququndan məhrum edilməlidr. Artıq bu olacaq təzyiq".
Millət vəkili politoloq Rasim Musabəyov isə hələ ki, Ermənistana qarşı təzyiqlərin olmadığını vurğulayaraq, almaniyalı diplomatın dediklərinin reallıq olduğunu əlavə edib. Onun sözlərinə görə, Ermənistan özünü qonşularından təcrid etməklə maraqsız bir dövlətə çevrilir: "Çünki Ermənistanın daxili bazarı çox cılız və balacadır və heç kəs üçün maraqlı deyil. Kimsə gəlib orda hansısa müəssisə yaratmaq niyyətində olsa, düşünməlidir ki, istehsal etdiyi malları Türkiyə, Azərbaycan bazarlarına çıxara biləcək. Ancaq münasibətlər yoxdursa, sərhədlər bağlıdırsa, təbii ki, heç kim gəlib Ermənistanın bazarına hesablanmış investisiya qoymayacaq. Yəni səfirin sözündən belə çıxır ki, Ermənistan özü müəyyən addımlar atmalıdır. Yaxşı olan budur ki, ermənilərə o reallıqarı göstərməyə başlayıblar. Amma təəssüf olsun ki, hələ nəinki sanksiya tətbiq etmirlər, heç Ermənistanı yardımlardan məhrum etmirlər. Demirlər ki, özünü düzgün aparsan yardım alacaqsan, pis aparsan yox".
Bununla belə, Rasim Musabəyov hesab edir ki, reallıqları, sərhədləri Ermənistana göstərməyə başlayırlar: "Sarkisyan dərhal Almaniyaya Merkelin yanına qaçdı. Merkel bəyan etdi ki, atəşkəsə əməl olunmaldır, qan tökülməli deyil. Eyni zamanda bildirdi ki, işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmaq barədə düşünmürsənmi? Düşünmək vacibdir. Sözlə olsa da ermənilərə çərçivələri göstərməyə başladılar".
Onun fikrincə, artıq beynəlxalq birlik həqiqətin, ədalətin yanında durmağa başlayıb. Azərbaycanın istədiyi də beynəlxalq hüququn aliliyinin təmin olunmasını istəyir: "Erməniləri ağıla gətirməyə, bununla onları xilas etməyə başlasalar, Azərbaycan konstruktiv münasibət bildiməyə hər zaman hazırdır".