“Rusiyaya qarşı kütləvi etiraz aksiyalarının arxasında Ermənistan dövlətinin məqsədli siyasətinin dayandığı aydın görünür” Siyasət

“Rusiyaya qarşı kütləvi etiraz aksiyalarının arxasında Ermənistan dövlətinin məqsədli siyasətinin dayandığı aydın görünür”

İlqar Altay: "Yoxsa Ermənistan hökuməti bu cür kütləvi aksiyalara qəti imkan verməzdi"

Aprel hadisələrindən sonra ağaları sayılan Rusiyadan bərk inciyən ermənilər xeyli müddətdir ki, anti-Rusiya aksiyaları keçirir, rəsmi Moskvanı İrəvana dayaq durmamaqda ittiham edirlər. Artıq erməni qəzəbi o həddə çatıb ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri ərəfəsində ermənilər paytaxtda etiraz aksiyaları keçiriblər. Bəs görəsən ermənilərin bu siyasətinin arxasında nə dayanır? Ümumiyyətlə, Rusiyadan üz döndərən Ermənistanı Qərb, Avropa öz ağuşuna alacaqmı?
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq İlqar Altay deyir ki, erməni ictimaiyyətinin bu günlərdə Rusiyaya qarşı kütləvi etiraz aksiyaları, Rusiyanın təşkil etdiyi dövlətlərarası siyasi-hərbi birliklərdən çıxma barədə çağırışlarının arxasında Ermənistan dövlətinin məqsədli siyasətinin dayandığı aydın görünür: "İndiyə qədər 5-10 nəfərin toplantışını belə zorakılıqla dağıdan Ermənistan hökuməti, bu cür kütləvi aksiyalara, özü də Rusiyaya qarşı qəti imkan verməzdi. Ermənilərin bu etirazlarını isə Rusiyanın ermənilərə 2-5 apreldə Azərbaycan tərəfinin Qarabağ təmas xəttindəki sarsıdıcı əks-həmləsi zamanı dəstək verməməsi ilə əlaqələndirmələrinə inanmaq sadəlöhvlük olardı. Hamı yaxşı bilir ki, Rusiya, Kreml bu işə qarışmasaydı, Azərbaycan ordusu bir-neçə gün ərzində Qarabağı tam azad edirdi". İlqar Altay onu da deyib ki, Rusiya KİV-ləri və siyasiləri bütün bu müddət ərzində birmənalı olaraq ermənipərəst mövqe sərgilədilər: "Ermənistandakı Rusiya hərbi bazaları həmin vaxt yüksək döyüş hazırlığı vəziyyətinə gətirildilər. Rusiya diplomatiyası, xüsusi xidmıət şəbəkəsi ermənilərin bu gərgin dövründə hansı dəstək üsullarına əl atdılar, bunu hər kəs bilir". Mərkəz rəhbərinin sözlərinə gör, Rusiyanın Azərbaycana silah satması da ermənilər üçün bir bəhanədir: "Rusiya daim Azərbaycana və hər bir pulunu ödəyən ölkəyə silah satıb. Ermənistana isə, silahları həmişə pulsuz verib. Azərbaycan həmin böyük pullarla başqa ölkələrdən də silahlar ala bilər və alır da. Bəs, nədir onda ermənilərin dərdi? Nədir, son atəşkəsə görə Rusiyaya minnətdar olmaq əvəzində, etirazlar səsləndirməyin səbəbi? Səbəb tamam başqa, çox da sadə və bu saat dəbdə olandır. Söhbət Rusiyanın imperiya mərkəzi və ümumiyyətlə dünya güc-qütb mərkəzi olaraq zəifləməsi və hər cəhətdən çökməsindən gedir. Hazırda Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə ən yaxın müttəfiqləri olan Qazaxıstan və Belarus təşkilatdan uzaqlaşmaq ərəfəsindədir. Üstəlik, onlar indiki dövrdə regionda Rusiyaya qarşı ugurlu əks-qütb yaratmış Türkiyənin yanında olmağa cəhd edirlər. Təsəvvür edin, İstanbulda islam dövlətləri başçılarının sammitinə Putinin ən yaxın müttəfiqləri, müsəlman Qazaxstan lideri Nazarbayevlə bərabər, pravoslav-xristian Belarus rəhbəri Lukaşenko da qatılır, Bununla Ərdoğanla böyük strateji planlar qurmaqla, Rusiyaya qarşı açıq demarş sərgiləyir". İlqar Altay bildirib ki, bütün bunları nəzərə alan ermənilər də Rusiya ilə birliyin perspektivinin olmadığını görərək hərəkətə keçiblər: "Beləliklə ermənilər təcili halda batan Rusiya gəmisindən qaçmağa qərar veriblər. Tarixi boyu arxa axtarışında olan bir millət növbəti möhkəm dayaq üçün hərəkətə keçib.Və bundan sonra, onların üz tutacağı yer sözsüz ki, Qərb, Avropa olacaq. Ancaq, Qərbin bundan sonra Ermənistanı, İrəvanı qəbul etməsi də asan keçməyəcək və keçsə belə, onu ikinci sort, başıaşağı bir ölkə kimi qəbul edəcəklər. Ona müstəqil yaşam qabiliyyəti olmayan və buna heç istəyi də olmayan, ancaq böyük dövlətlərin hesabına varlığını saxlayan dövlət kimi baxacaqlar.
Çünki, Ermənistanın illərlə Rusiyanın əlində marionetka olması, Kremlin bütün aqressiv hərəkətlərini müzakirəsiz dəstəkləməsi, Rusiyanın yaratdığı bütün birliklərə qoşulması, Nikaraqua kimi ölkəyə qoşulub Ukrayna Krımını Rusiya ərazisi kimi tanıması kimi hərəkətləri Qərbdə, Avropada heç kəsin gözündən yayınmayıb. Rusiyanın Azərbaycana və bütün Cənubi Qafqaza təzyiq üçün yaratdığı Qarabağ problemində Ermənistanın illərlə vasitə olması da ona çox baha başa gəlir. Buna görə o bütün region ölkələrinin, əhatəsində olduğu 150 milyondan çox türkmillətli xalqların, çoxmilyardlı islam dünyası ölkələrinin gözündən düşüb. Ən pisi də odur ki, havadarına arxalanıb oğurlamaq istədiyi Qarabağı və digər Azərbaycan ərazilərini bu illərdə dünyaya tanıtdıra, özününküləşdirə bilməyib. Erməni milli-ideoloji mərkəzlərin Azərbaycan üzərində qurdugu strateji "baş plan" biabırçılıqla pozulub".