

Qüdrət Həsənquliyev: “Azərbayacana münasibətdə Türkiyədə səsləndirilən fikirlərdən dərin təəssüf hissi keçirirəm”
“Dünən baş vermiş təxribat nəticəsində yenə də bizim bir əsgərimiz şəhid olub. Allah ona rəhmət eləsin! Yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Ermənistan, çox təəssüf ki, 44 günlük savaşdan nəticə çıxarmayıb. Onlar yenə də münaqişəni uzatmaq, hansısa möcüzələrin baş verəcəyini gözləməkdədirlər”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili əlavə edib ki, Ermənistanda indi də düşünürlər ki, bölgədə yeni geosiyasi dəyişikliklər baş verəcək və bundan sonra onlar istədiklərinə nail olacaqlar: “Çox təəssüf ki, bizim daxilimizdə də məhz ermənilərin güvəndiyi dairələrə bağlı müəyyən insanlar bu cür düşünürlər. Amma cənab Prezident Şuşada bəyan etdi ki, geosiyasi dəyişikliklər Azərbaycanı daha da gücləndirəcək və gücləndirir. Ona görə də onlar nahaq yerə bu cür ümidlərə qapılıb, pozuculuq fəaliyyəti ilə məşğuldurlar. 30 il danışıqları yubatdılar. Onlar konstruktiv mövqe tutsaydılar, beynəlxalq hüquqa sayğı göstərsəydilər, bəlkə də 44 günlük savaş da olmayacaqdı, minlərlə erməni və Azərbaycan əsgəri həyatını itirməyəcəkdi. Amma, yenə də söyləyirəm ki, bu millət xəstələnib, “Böyük Ermənistan” xəstəliyinə düçar olub. Onlar qonşuların ərazi bütövlüyünü tanımırlar, bizim daxili işlərimizə qarışmaqdan imtina etmirlər. Çox təəssüf ki, bu işlərdə onlara Fransa kimi dövlətlər də dəstək verir. Hətta bizim qardaş ölkədə müxalifət funksiyasını yerinə yetirən bəzi partiyalar da çox təəssüf ki, bu və ya digər formada onları dəstəkləmiş olurlar. Mən, deputat həmkarım Elnur Allahverdiyevin çıxışını tam dəstəkləyirəm və Azərbayacana münasibətdə Türkiyədə səsləndirilən fikirlərdən dərin təəssüf hissi keçirirəm. Cənab Ərdoğanla İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərini o səviyyəyə qaldırıb ki, orada hansısa hakimiyyət dəyişikliyi də bu münasibətlərə ciddi ziyan vura bilməz. Belə bir cəhd etmək istəyən şəxsləri də Türkiyə xalqı əfv etməz. Ona görə də mən növbəti dəfə Ermənistanın bu təxribatçı fəaliyyətini qınayıram. Azərbaycan Respublikası Prezidentinin Fransanın iştirakı ilə hər hansı bir danışıqda iştirak etməyəcəyinə dair mövqeyini növbəti dəfə dəstəkləyirəm və alqışlayıram. Hesab edirəm ki, Fransa Ermənistanın böyük bacısı kimi özünün tərəfsizliyini nümayiş etdirə bilməyib. Ona görə də, bu proseslərdə iştirak etməməlidir və Azərbaycan da buna imkan verməməlidir”.
Əli Zülfüqaroğlu