
Prezident İlham Əliyev: "Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın iki ölkə tapmaq çətindir"
Baş nazir Binəli Yıldırım: "Ankarada baş verən mənfur terror olayından sonra Azərbaycan prezidenti Türkiyəyə səfər etməklə Türk xalqının qəlbində taxt qurdu"
Dünən prezident İlham Əliyev və Azərbaycana rəsmi səfərə gələn Türkiyənin baş naziri Binəli Yıldırım arasında təkbətək görüş olub.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.
Prezident İlham Əliyev Binəli Yıldırımı yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib: "Çox şadam ki, ilk rəsmi səfərinizi məhz Azərbaycana edirsiniz. Bu, bir daha göstərir ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Bizim məqsədimiz Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirməkdir. İqtisadiyyat, nəqliyyat və digər sahələrdə uğurla əməkdaşlıq edirik. İki ölkənin münasibətləri bu gün yüksək səviyyədədir. Enerji və nəqliyyat layihələri uğurla icra edilir. İnanıram ki, yaxın vaxtlarda böyük əhəmiyyətə malik bu layihələrin açılışını edəcəyik. Türkiyə-Azərbaycan birliyi bölgədə sabitliyi möhkəmləndirir ".
Binəli Yıldırım isə xatırladıb ki, Türkiyədə yeni hökumət qurulan zaman hökumət başçısının ilk olaraq Şimali Kipr və Azərbaycana səfər etməsi ənənə halını alıb: "Biz tək millət, iki dövlətik. Səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm".
Görüş daha sonra qapalı şəraitdə davam edib.
Görüşdən sonra mətbuat üçün verilən birgə bəyanatda Prezident İlham Əliyev deyib ki, Türkiyənin baş nazirinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafı üçün önəmlidir.
O bildirib ki, bu gün iki ölkə əlaqələri ən yüksək səviyyədədir: "Bu il 3 dəfə Türkiyəyə səfər etmişəm, qarşılıqlı səfərlər də nəzərə alınanda, ümumilikdə 5 yüksək səviyyəli görüş keçirilib. Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın iki ölkə tapmaq çətindir. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşü çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təmas qrupu yaradılıb. Bu qərarın qəbul olunmasında Türkiyənin böyük rolu olub".
Prezidenti İlham Əliyev Azərbaycanın Türkiyənin yanında olduğunu, həmişə dəstək verdiyini vurğulayıb.
Dövlət başçısı deyib ki, Azərbaycan Almaniya Bundestaqı tərəfindən qəbul edilən, yalan üzərində qurulan qətnaməni pisləyir: "Bu, ədalətsizlik, ikili standart və tarixin təhrif edilməsidir. Biz buna dözə bilmərik, dözmürük. Diaspor təşkilatlarımıza təlimat verilib ki, daim Türkiyə diaspor təşkilatları ilə birgə hərəkət etsinlər. Biz bölgədə və dünyada birlik ortaya qoymalıyıq".
Prezident qeyd edib ki, Almaniya Bundestaqının qərarı siyasi sifarişdir: "Bunun siyasi tərəfləri var. Yəqin ki, Türkiyəni nəyəsə məcbur etmək, Türkiyənin müstəqil siyasətinə təsir etmək istəyirlər. Erməni məsələsi sadəcə, bəhanədir, böyük dövlətlərin əlində alətə çevrilib. Azərbaycan da oxşar vəziyyətlə üzləşib. Keçən il iyunun 12-də Almaniya parlamenti Azərbaycana qarşı ədalətsiz, yalana əsaslanan qətnamə qəbul edib. Guya Azərbaycanda insan haqları pozulur. Bu, yalandır. Azərbaycanda demokratiya inkişaf edir, azad internet mövcuddur. Azad internet olan yerdə söz azadlığı necə pozula bilər? Azərbaycanda sərbəst toplaşma azadlığı var. Biz bu gün görürük ki, Avropada dinc nümayişçilər necə təhqir olunur".
Dövlət başçısı xatırladıb ki, Birinci Avropa Oyunlarının açılışında Almaniya parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib: "Bu, bizə sataşmaq idi. Azərbaycan və Türkiyəyə qarşı bu qətnamələri qəbul edənlər böyük tarixi və siyasi səhv buraxdılar. Bizə qarşı aparılan təxribatlar göstərdi ki, biz ancaq birlikdə güclü ola bilərik. Türkiyə və Azərbaycan birliyi faktordur, bu faktoru heç kim inkar edə bilməz".
Prezidenti İlham Əliyev Dağlıq Qarabağ məsələsində Türkiyənin Azərbaycanın yanında olduğunu bildirib.
Dövlət başçısı deyib ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, etnik təmizləmə aparılıb: "Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul edib, məsələ həllini tapmır. BMT qətnamələrində göstərilir ki, erməni silahlı qüvvələri işğal olunmuş torpaqlardan dərhal çıxarılmalıdır. Lakin bu qətnamələr kağız üzərində qalıb, çünki ikili standartlar var. Bəzi hallarda BMT qətnamələri 1 gün ərzində icra edilir, Azərbaycana gəlincə, 20 ildir, yerinə yetirilmir. Bu, böyük ədalətsizlikdir".
Prezident bildirib ki, Azərbaycan Qarabağ məsələsində hərbi-siyasi üstünlük əldə edib: "Apreldə Azərbaycan ordusu əks-hücum əməliyyatı keçirib, 2000 hektar ərazi düşməndən təmizlənib. Biz çalışacağıq ki, bu məsələ danışıqlar yolu ilə həll edilsin. "Status-kvo" dəyişməlidir, bu isə torpaqlarımızın işğaldan azad edilməsi deməkdir".
Binəli Yıldırım Azərbaycana baş nazir kimi səfər etməkdən qürur duyduğunu bildirib. Türkiyənin baş naziri deyib ki, parlamentdə hökumət etimad aldıqdan sonra Şimali Kiprə, daha sonra Azərbaycana səfər edib: "Azərbaycan və Türkiyə münasibətləri bir millət, iki dövlət prinsipinə əsaslanır. Bu münasibətlər böyük inkişaf yolu keçib. Ankarada baş verən mənfur terror olayından sonra Azərbaycan prezidenti Türkiyəyə səfər etməklə Türk xalqının qəlbində taxt qurdu, böyük yer tutdu".
Binəli Yıldırım bildirib ki, Bakı sürətlə inkişaf edir, mənzərəsi dəyişir: "Azərbaycanda bu inkişafı siz təmin etdiniz".
Almaniya Bundestaqının qərarına diqqət çəkən Binəli Yıldırım deyib ki, tarixçilərin fərqli baxışı olduğu bir məsələ ilə bağlı qərar böyük bir yanlışlıqdır.
Bundestaqın qondarma "erməni soyqırımı" barədə qərarının tamamilə yanlış olduğunu vurğulayan Türkiyənin baş naziri deyib ki, qısa müddətdə bu yanlışlığın aradan qaldırılacağına ümid bəsləyirlər: "Almaniyada 3 milyon türk yaşayır. Bu qərar Almaniyadakı türkləri də məyus edib. Xocalıda bir soyqırımı törədilib, nə üçün bunu nəzərə almırlar? Almaniya tarixi xətasını, eybini adiləşdirmək üçün parlament xətti ilə belə bir qərar qəbul edib".
Binəli Yıldırım Türkiyənin tarixinin şəffaf olduğunu deyib: "Beynəlxalq ictimaiyyəti ikili standartlara son qoymağa, Yaxın Şərqdə yaşanan faciələrə müşahidəçi qalmamağa dəvət edirik. Almaniya parlamentinin qərarından sonra Azərbaycana ən yüksək səviyyədə mövqeyini ortaya qoyduğu üçün təşəkkür edirəm".
Türkiyənin baş naziri Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəklədiklərini bildirib və qeyd edib ki, Azərbaycanın dostu dostumuz, düşməni düşmənimizdir.
O bildirib ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistana "dur" deməyin vaxtı çatıb: "ATƏT-in Minsk Qrupu toplanıb, dağılışır. Artıq söz zamanı deyil, iş görülməlidir. Bir dəqiqədə qərar qəbul edib, həyata keçirənlər Azərbaycan və Türkiyəyə gəldikdə fərqli davranırlar. Azərbaycanın işğal olunmuş torpaqları qaytarılan zaman bu məsələ çözüləcək. Beynəlxalq ictimaiyyətin ikili standartdan vaz keçməsinin zamanı çatıb".
Binəli Yıldırım TAP və TANAP-ın enerji təhlükəsizliyində böyük rol oynadığını bildirib və 2018-ci ilin əvvəlində TANAP-ın tamamlanacağını xatırladıb: "Türkiyə və Avropa ölkələrinin qaz ehtiyaclarının ödənilməsində mühüm addım atılmış olacaq".
Baş nazir bildirib ki, avqustun 26-da Sultan Səlim Yavuz körpüsünün açılışı olacaq: "Açılış mərasiminə Azərbaycan prezidenti İlham Əliyevi də dəvət edirəm. Sizin bu mərasimdə iştirakınız bizim üçün böyük şərəfdir".
Prezidenti İlham Əliyev Azərbaycan və Türkiyənin birgə böyük layihələr həyata keçirdiklərini bildirib: "İki ölkə TANAP-la bağlı məsuliyyəti üzərinə götürməsəydi, bu gün də enerji məsələsi müzakirə mövzusu idi. İndi 45 milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsi icra edilir".
Dövlət başçısı qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsi bölgəyə sabitlik gətirəcək: "Həyata keçirdiyimiz birgə layihələr həm bizi, həm də bölgəni gücləndirir. Biz birliyimizi gücləndirəcəyik. Türkiyənin gücü bizim gücümüzdür, birliyimizi gücləndirəcəyik".