Ağ Evdən Qarabağ petisiyasına cavab Siyasət

Ağ Evdən Qarabağ petisiyasına cavab

Ağ Evin rəsmi saytının "Biz xalqıq" (We the People) bölməsində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşəbbüsü ilə açılan "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" adlı petisiyaya Administrasiya rəhbərliyi cavab verib:
"Dağlıq Qarabağ petisiyasını imzaladığınız üçün təşəkkür edirik.
ATƏT-in Minsk Qrupunun həmsədri kimi, ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması səylərini dəstəkləyir. Biz bu məsələ barədə sizin fikirlərinizi yüksək qiymətləndiririk və şadıq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli və humanitar məsələlərə diqqət cəlb etmək üçün gördüyümüz işlər barədə sizinlə ünsiyyət imkanı qazanmışıq.
Biz Avropa Şurası Parlament Assambelyasının (PACE) 2085 saylı qətnaməsi ilə tanışıq. Baxmayaraq ki, ABŞ PACE üzvü deyil, biz maraqlı tərəflərlə Dağlıq Qarabağ sülh prosesinə dair fikir mübadiləsi etmək üçün təşəbbüslərə müsbət yanaşırıq.
Hal-hazırda bizim mövqeyimiz belədir:
Mayın 6-da Dövlət katibi Con Kerri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan ilə müzakirələr aparıb. Danışıqlarda Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Fransanın Avropa Məsələləri üzrə Dövlət katibi Harlem Dezir də iştirak edib. Prezidentlər atəşkəsə sadiqliyini bir daha təsdiq etdilər, Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində gərginliyi azaltmaq üçün qarşılıqlı inamın bərpasının vacibliyini qəbul etdilər və İyun ayında münaqişənin hərtərəfli nizamlanmasına dair danışıqların növbəti raundunun keçirilməsi barədə razılığa gəldilər.
Biz tərəfləri münaqişənin hərtərəfli nizamlanmasına, o cümlədən Dağlıq Qarabağ ətrafı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasına və Dağlıq Qarabağın statusunun müəyyən olunmasına dair təcili danışıqlar aparmağa və təmkinli olmağa çağırırıq.
Tərəflərlə davam edən dialoqun bir hissəsi kimi, biz humanitar məsələlərə dair müzakirələrin təşkilinə çalışırıq və buna davam edəcəyik. Sərsəng su anbarının idarə olunması və qüsurların aradan qaldırılması mühüm məsələdir. Biz suyun tənzimlənməsi və su anbarının yoxlanışı məsələlərini müzakirə etmək üçün hər iki tərəfdən ekspertlərin birgə görüş keçirməsinə müsbət yanaşırıq. Həmsədrlər belə bir görüşün təşkili üçün hazırdır.
Nəticə etibarilə, bu uzunmüddətli münaqişənin həlli Azərbaycan və Ermənistan Prezidentlərinin siyasi iradəsindən asılıdır. Minsk Qrupunun həmsədr ölkəsi kimi, biz regionda sülhün və əmin-amanlığın möhkənləndirilməsi üçün səylərimizi davam etdirəcəyik.
Bu platformu istifadə edərək səsinizi bizə çatdırdığınız üçün təkrar təşəkkür edirik."

Ərizəyə Ağ Ev rəsmilərinin cavab verməsi üçün 100 min imza atılması kifayət etsə də, 331913 nəfər imzalayıb.
Xatırladaq ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" adlı petisiya layihəsinin icrasına aprelin 6-da start vermişdi. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət ünvanlanmışdı.
Müraciətdə Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılırdı. Həmçinin Ağ Ev Administrasiyasına AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım olunması üçün çağırış edilirdi.