ABŞ hərbi gəmisində Qarabağ bəyanatı Siyasət

ABŞ hərbi gəmisində Qarabağ bəyanatı

Rumıniya prezidenti: "Rusiyanı qəzəbləndirməyə risk etsəm də deməliyəm ki, Moskva Dağlıq Qarabağ münaqişəsinə görə məsuliyyət daşıyır"

"Postsovet məkanında bütün dondurulmuş münaqişələrin açarı Moskvanın əlindədir. O, öz maraqlarından asılı olaraq bu münaqişələri çox tezliklə həll də edə bilər, partlada da bilər - növbə ilə və ya hamısını birdən".
Virtualaz.org xəbər verir ki, bu bəyanatla Rumıniya prezidenti Trayan Basesku ABŞ Hərbi Dəniz Qüvvələrinin hazırda Qara dənizdə olan "USS Donald Cook" esminetsinin göyərtəsində keçirdiyi mətbuat konfransında çıxış edib. Hərbi gəmi Rumıniyanın Konstanta limanında lövbər salıb.
T.Baseskunun sözlərinə görə, o, hətta Rusiyanı qəzəbləndirməklə risk etsə də deməyə bilməz ki, Moskva Dağlıq Qarabağ münaqişəsinə görə məsuliyyət daşıyır.
"Rusiya Abxaziyanı, Cənubi Osetiyanı, Dnestryanı bölgəni işğal edib, indi də Krımı ilhaq edib. Lakin bu, o demək deyil ki, mən Rusiyanın düşməniyəm" - deyə Rumıniya prezidenti bildirib.
Trayan Basesku əlavə edib ki, əgər bu deyilənlər Moskvanı qəzəbləndirsə belə, Rusiya onu düşmən kimi görməməlidir: "Mən təkcə dostluq xatirinə deməyə bilmərəm ki, Qara dəniz ətrafında oddan dairə yaradılır: Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı, indi isə Krım. Hesab edirəm ki, biz coğrafiyanı eyni ölçüdə bilirik - həm biz Buxarestdə, həm də diplomatlar Moskvadan".
T.Basesku deyib ki, Qara dənizə tamamilə Rusiya qüvvələri tərəfindən nəzarət olunur. O cümlədən Moskvanın idarə etdiyi dondurulmuş münaqişələr vasitəsilə.