“Fikirlərimizi gələcək üzərində cəmləşdirməliyik” Siyasət

“Fikirlərimizi gələcək üzərində cəmləşdirməliyik”

Kristian Vigenin: "Aprel hadisələri ilə əlaqədar mənim hər hansı tərəfi ittiham etmək səlahiyyətim yoxdur"


Ermənistan mətbuatı ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, bolqarıstanlı deputat Kristian Vigeninlə müsahibə yayıb. "Bakı inandırmalıdır ki, mülki əhaliyə qarşı cinayət onun üçün yolverilməzdir" başlıqlı müsahibə ilə bağlı APA-nın Gürcüstan müxbiri Kristian Vigeninə bir neçə sual ünvanlayıb. Xüsusi nümayəndə ilə müsahibəni oxucularımıza təqdim edirik.

- Ermənistan mətbuatında müsahibəniz yayılıb və bu müsahibə Azərbaycan ictimaiyyətində müzakirələrə səbəb olub. Bu məsələyə ilə bağlı fikrinizi öyrənmək istərdik.

- Qeyd etdiyiniz müsahibəm yanlış anlaşılmamalıdır. Mənim baş vermiş hər hansı cinayətdə bu və ya digər tərəfi məsul tutmaq kimi səlahiyyətim yoxdur. Aprel hadisələri zamanı Azərbaycandan da qarşı tərəfin səbəb olduğu cinayətlər barədə çox məlumat almışam. Müsahibədə vurğulamaq istəmişəm ki, bizim araşdırma imkanlarımız, belə cinayətlərə görə kimin məsuliyyət daşıdığını deməyə imkan verəcək müstəqil araşdırma mexanizmimiz yoxdur. Bu nöqteyi-nəzərdən vurğulamaq istəyirəm ki, hər hansı tərəfi ittiham etmək məsuliyyətim və səlahiyyətim yoxdur. Əksinə, mənim məsuliyyətim sülhə töhfə vermək, gələcəkdə növbəti hərbi toqquşmaların baş verməsinin qarşısını almaq, habelə təmas xəttində və regionun hər hansı yerində müharibə cinayətlərinə, insan itkilərinə yol verilməməsinə yardım etməkdən ibarətdir. Bunlar mənim başlıca məsuliyyətimdir.

- Müsahibədə Sizə üvnanlanan sualda Azərbaycan tərəfinin əməlləri İŞİD-lə müqayisə edilir...

- Burda deməliyəm ki, müsahibənin yazılı mətnində bu suala cavabın bir hissəsi çıxarılıb. Düşünmürəm ki, biz hər hansı şəkildə İŞİD-i Azərbaycanla, Azərbaycan ordusu ilə müqayisə edə bilərik. Düşünürəm ki, bu, ifrat şişirtmədir. Yenə deyirəm, araşdırma mexanizmi olmalıdır ki, bu tipli iddialar sübut edilsin. Rəsmi olaraq heç vaxt eşitməmişəm və səmimi olaraq da inanmıram ki, Azərbaycanın İŞİD-lə hər hansı əlaqəsi və ya koordinasiyası olsun. Biz daha praqmatik, daha kooperativ yanaşma üzərində fikrimizi cəmləməli, bu məsələdə propaqanda vasitələrindən istifadə etməməliyik. Bu məsələdə emosiyaları, keçmişdəki məyusluqları kənara qoymalı, fikirlərimizi gələcək üzərində cəmləşdirməliyik. Çünki münaqişənin hərtərəfli həllinə nail olmaq üçün real şansımız var və buna töhfə verməliyik.

- Erməni jurnalist sualında Azərbaycan tərəfinin vəhşiliklər törətməsinə da diqqət yönəltmək istəyir...

- Müharibə olan yerdə həyatlar itirilir. Hər iki tərəfdən vəhşikliklərə yol verildiyinə dair iddialar olur. Mən nəyin düz, nəyin səhv, və ya nəyin gerçək və ya əks olduğunu deyə biləcək şəxs deyiləm. Bu kimi məsələlər müstəqil araşdırılmalı və aydın nəticəyə varılmalıdır. Əks halda, istənilən ittihamlar əsaslandırıla bilməz. Əlbəttə, cinayətlərin kim tərəfindən törədildiyini bilmək lazımdır, lakin daha vacibi odur ki, hamımız sülhə sadiq olmalı, əlimizdən gələn hər şeyi etməliyik ki, dialoq və danışıqlarla yaxşı nəticələr əldə edək. Əks halda, bu kimi hallar təkrarlanacaq və təmas xəttində hərbi toqquşmalar olacaq. Nə Ermənistan, nə də Azərbaycan xalqı buna layiqdir. Onlar sülhə layiqdirlər və biz bunun üçün əlimizdən gələni etməliyik.