

Vüqar Bayramov: “Başqa alternativ yoxdur”
Ermənistan bölgədə vəziyyəti gərginləşdirməkdə maraqlıdır və bu prosesi müşahidə edirik. “Humanitar böhran” şousu ilə yanaşı silahlanma və dəgər məsələləri də bura əlavə etsək İrəvanın təxribatalara hazırlığını aydın şəkildə görə bilərik. Maraqlıdır, Azərbaycana qarşı aqressiv siyasət yürüdən Fransa prezidenti Makronun İrəvana gözlənilən səfəri ərəfəsində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ağdam-Xankəndi yolunun açılmasının vacibliyi ilə bağlı Rusiyanın mövqeyini dilə gətirdi. Bu və digər proseslər fonunda mütəxəssislər fikirlırini bölüşüblər.
Millət vəkili Vüqar Bayramov bildirib ki, bölgədə gərginlik qalmaqdadır: “Ordumuzun mövqelərinin atəşə tutulması halları artır. Bütün hallarda bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülməkdədir. Ermənistan baş nazirinin son açıqlaması da bir daha təsdiq edir ki, İrəvanda sülhə deyil, müharibəyə daha çox meyillidirlər. Doqquz gündür ki, 40 ton un Ağdam-Xankəndi yolunda gözlədiyi halda “acından öldüklərini” iddia edən ermənilər silahlanmaqdadırlar.
Yeni gərginlik nə siyasi, nə də iqtisadi baxımdan Qafqaz üçün məqbul deyil. Bununla belə, Azərbaycan sülhdə maraqlıdır və istiqamətdəki mövqeyində hər hansı dəyişiklik yoxdur. Təbii ki, istənilən razılaşma yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Başqa alternativ də yoxdur.
Məsələnin digər tərəfi savaşa meyillənən Ermənistanda xarici borclanmanın kəskin artmasıdır. Bu ilin iyul ayında əvvəlki ay ilə müqayisədə xarici borc məbləğinin 300 milyon dollar artdığı Ermənistanın indi 6.7 milyard dollar öhdəliyi var. Ümumi dövlət borcu isə 10 milyard dollardan çoxdur. Dövlət borcunun ÜDM-də payı 60.0 faizi keçib.
Göründüyü kimi, borc batağlığında boğulan Ermənistanda revanşist meyillər daha da güclənməkdədir. Amma İrəvanda nəzərə almalıdırlar ki, revanşizmi hər zaman dağıda biləcək güclü Azərbaycan ordusu var”.
Bölgədə qarşıdurma yaratma cəhdləri...
Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda yeni bir "siyasi ssenari" ortaya qoyub: “Bu ssenari, Parisdə hazırlanıb və məqsəd regionda Fransanın dominantlığı altında, yeni bir siyasi nizama sahib olmaqdır.
Nikol Paşinyan İtaliya mətbuatına verdiyi müsahibədə anti-Rusiya mövqeyini ortaya qoyaraq, regiondan Rusiyanın çıxacağının mesajını verdi. Ermənistan rəhbəri Qərbi regiona gətirməklə, bir neçə siyasi məqsədlərə nail olmağı planlaşdırır. Azərbaycana qarşı yeni bir təzyiq formalaşdıraraq, Lacin yolunu tam açmaq, Qarabağda separatizmi inkişaf etdirmək, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq, Türkiyənin artan geosiyasi mövqeyinin qarşısını almaq”.
Onun fikrincə, Paşinyan Qərbin regionda "etibarlı" müttəfiqi roluna girib və bölgədə geosiyasi reallıqları dəyişməyə çalışır: “Ona görə də 2 sentyabrda verdiyi açıqlamada Qarabağda ermənilərin təhlükəsizliyi təmin edilməsə, Qarabağın Azərbaycan daxilində ərazi vahidliyini qəbul edilməyəcəyi mesajını verdi. Bu, Paşinyanın artıq yeni bir siyasi "mərhələyə" başlamasını göstərir.
Məhz İran vasitəsilə silahların Ermənistana daşınması, Fransanın da birbaşa siyasi-hərbi dəstəyi Paşinyanın ikinci Qarabağ müharibəsindən sonra formalaşmış nizamı pozmağa çalışdığını göstərir. Türkiyə də cənub sərhədlərində Ermənistanın yeni təxribatçı siyasi hərbi planından xəbərdardır.
Fransanın və İranın Ermənistanın əli ilə yaratmaq istədiyi yeni vəziyyətin Ermənistan üçün ağır nəticələri olacaq. Yeni hərbi məğlubiyyət fonunda erməni xalqı Paşinyanı bağışlamayacaq. N. Paşinyanı devirib həbsxanaya göndərəcəklər, ya da Respublika meydanında edam edəcəklər. Ermənistan əhalisi sülh üçün Paşinyana səs verdi. Amma bu yeni geosiyasi planlara alət olmaq üçün deyildi. Paşinyan təhlükəli sularda üzür və bu, su onu batıracaq”.
Ermənilər təxribat təşkil etsələr...
Siyasi şərhçi Aqşin Kərimov isə diqqətə çatdırıb ki, Azərbaycanın Ağdam-Xankəndi yolu ilə Qarabağdakı ermənilərə ərzaq yükü çatdırmaq planına Moskvadan dəstək gəldi: “Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib ki, Kreml Ağdam-Xankəndi marşrutu ilə humanitar yüklərin maneəsiz şəkildə regiona çatdırılmasının tərəfdarıdır.
Moskvanın belə mövqe səsləndirməsi Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüşdən sonra diqqət çəkir.
Mümkün variantlardan biri budur ki, Ərdoğanla Putin razılıq əldə ediblər və bundan sonra Azərbaycanın Qarabağla bağlı addımlarında ciddi hərəkətlilik müşahidə edilə bilər.
Maraqlı məqamlardan biri də Rusiyanın Ağdam-Xankəndi marşrutu ilə yanaşı, Laçın yolu ilə regiona humanitar yükün çatdırılmasını dəstəklədiyini ifadə etməsidir. Ancaq bu, “Ağdam-Xankəndi yolunun açılmasından sonra Laçın yolu” məsələsinin qabardılması kimi başa düşülə bilər.
Deməli, Ağdam-Xankəndi yolu məsələsi daha aktualdır, bununla bağlı Azərbaycanla Ermənistan arasındakı razılıq Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşdə əldə edilmişdi”.
Ekspert əlavə edib ki, Rusiya bundan narahat idi, çünki o, Qərbin regionda Azərbaycan-Ermənistan münasibətlərinə təsirlərini artırmasından çəkinirdi: “Ancaq belə düşünə bilərik ki, Qərb mərkəzli danışıqlarda əldə edilmiş razılıqlar Rusiya ilə də uzlaşdırılıb və bu məsələdə rəsmi Bakının kanalları aktivləşdirməsindən söz aça bilərik.
İndi Rusiya sülhməramlı kontingentinin Ağdam-Xankəndi yolunda dayanan qüvvələrinin Azərbaycanın humanitar yükünü müşayiət etməsi qalır.
Zaxarovanın mövqeyi Rusiyanın Ağdam-Xankəndi yolu ilə bağlı ali səviyyədə qərar verdiyini göstərir, ancaq Müdafiə Nazirliyi qarşısında buna uyğun təlimat qoyub-qoymayacağı bəlli deyil.
Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana səfəri müəyyən dəqiqləşdirmələrin aparılması üçündür.
Nəticə olaraq, Azərbaycanın Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə yüklərin buraxılması barəsində danışıqlarda nəticə əldə etməsinə yaşıl işıq yandırıldı.
Əgər yüklər buraxılsa və orada Azərbaycanın humanitar karvanına qarşı ermənilər təxribat təşkil etsələr, onda rəsmi Bakı təhlükəsizlik tədbirləri görmək məcburiyyətində qalacaq.
Ancaq Azərbaycan Rusiyanın regiona müdaxiləsi üçün əsasların qalmamasına çalışmalıdır, çünki Zaxarovanın bəyanatı qeyd edir ki, Moskvanın ambisiyaları yeni mərhələyə keçə bilər”.
Əli