“KİV-lərdən xüsusi yanaşma tələb olunur” Siyasət

“KİV-lərdən xüsusi yanaşma tələb olunur”

"Referendum və seçki kifayət qədər həssas məsələdir. Burada KİV-lərdən xüsusi yanaşma tələb olunur". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, KİV-lər seçki və ya referendum prosesində yaydıqları materialları xüsusi qaydalar əsasında hazırlamalıdır: "Seçkilərdə təbliğat aparmaq və ya prosesə qoşulmaq üçün müəyyən prosedur tələb olunur. Mətbuat Şurası KİV-lərdə bu vərdişləri formalaşdırmaq üçün müəyyən tövsiyələr verməklə yanaşı, geniş tədbirlər keçirir. Bildiyiniz kimi ilk belə tədbir bir neçə gün bundan əvvəl media qurumlarının rəhbərləri ilə birgə keçirildi. Həmin tədbirdə medianın seçki prosesindəki davranışları onların diqqətinə çatdırılaraq, digər məsələlər ətrafında geniş müzakirələr aparıldı".
Müşfiq Ələsgərli bildirib ki, əhalinin bu sahədə düzgün istiqamətlənməsi, referendumla bağlı düzgün məlumatların çatdırılmasında medianın üzərinə çox böyük öhdəliklər düşür: "Təbii ki, proses zamanı Azərbaycanın informasiya məkanına müdaxilə etmək, çaşqınlıq yaratmaq istəyən qüvvələr olacaq. Lakin Azərbaycan mediası bu məsələlərə həssas yanaşmalı və kənar müdaxilələrin olmasına, prosesin pozulmasına yönələn informasiyaların yayılmasına imkan verməməlidirlər. Hesab edirik ki, Azərbaycan mediası bu işin öhdəsindən uğurla gələcək. Mətbuat Şurası da bu cür məsələlərə həssas yanaşaraq KİV-lərdə monitorinq aparır. Yanlış nəsə olduqda, onun düzəlməsinə səy göstərir".
Jurnalistlərin seçkiləri azad şəkildə izləməsi üçün ölkəmizdə hər cür şəraitin yaradıldığını dilə gətirən MŞ sədri qeyd edib ki, Referendum günü Mətbuat Şurasında "Qaynar xətt" fəaliyyət göstərəcək: "Bilirsiniz ki, Azərbaycanda jurnalistlər seçkiləri bütün məntəqələrdə azad şəkildə, heç bir akkreditə olmadan müşahidə etmək hüququna malikdirlər. Əgər seçki günü jurnalistlər hər hansı bir maneə ilə rastlaşarlarsa, o zaman "Qaynar xətt"ə zəng edib kömək ala bilərlər. Təbii ki, seçki günü jurnalistlər üçün hər hansı maneənin törədiləcəyi ehtimal olunmur. Amma buna baxmayaraq, KİV nümayəndələrinin hər hansı sualı olarsa, o zaman Mətbuat Şurasından yardım ala biləcəklər. Ümumiyyətlə, ümumxalq səsverməsi – Referendum xalqımız, dövlətimiz üçün taleyüklü məsələləri özündə əks etdirir. Əhali də öz növbəsində bu prosesdə diqqətli olmalıdır".