“Ermənistanda siyasi vəziyyət qarışıb” Siyasət

“Ermənistanda siyasi vəziyyət qarışıb”

Fikrət Sadıqov: "Bu, Ermənistanın Qarabağ münaqişəsindəki mövqeyini zəiflədəcək"
Rüstəm Məmmədov: "Dağlıq Qarabağ probleminin həllinə yaxınıq"

Rusiya-Türkiyə yaxınlaşması və Türkiyənin Azərbaycanın yanında olması bizim xeyrimizədir. Bu iki amillə yanaşı, Azərbaycanın prinsipial mövqeyini də nəzərə alsaq, Dağlıq Qarabağ məsələsinin həllində müəyyən addımlar atılacaq.
Bu sözləri politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, Türkiyə-Rusiya münasibətlərinin hazırkı inkişaf tempi Azərbaycanın maraqlarına cavab verir: "Çünki bu ölkələr arasındakı gərginlik bir sıra məsələlərin həllinə mənfi təsir göstərirdi. Rusiya son zamanlar fəallaşıb, artıq Minsk Qrupu həmsədrləri də görüşüblər. Türkiyə faktiki olaraq hazırda regionda aparıcı bir oyunçudur. Azərbaycan-Türkiyə-Rusiya formatı Dağlıq Qarabağ məsələsinin həll yollarının axtarışını daha da asanlaşdıra bilər. Fikir verin, Ermənistanda siyasi vəziyyət qarışıb, iğtişaş və nümayişlər dərinləşir, ölkədə çox ciddi hökumət dəyişikliyi gedir. Bu, Ermənistanın Qarabağ münaqişəsindəki mövqeyini zəiflədəcək. Ancaq bu hələ məsələnin həlli anlamına gəlmir. Hər halda Rusiya-Türkiyə yaxınlaşması və Türkiyənin Azərbaycanın yanında olması bizim xeyrimizədir. Bu iki amillə yanaşı, Azərbaycanın prinsipial mövqeyini də nəzərə alsaq, Dağlıq Qarabağ məsələsinin həllində müəyyən addımlar atılacağını düşünməyə əsas yaranır".
Politoloq Rüstəm Məmmədov isə deyib ki, Rusiya-Türkiyə tandemi bizi Qarabağ məsələsinin həllinə yaxınlaşdırır: "Bu, münaqişənin həllinə müsbət təsir göstərəcək. Bizə bu gün Qarabağ lazımdır. Ona görə də birmənalı surətdə Türkiyə kiminlədirsə, biz də onunlayıq. Qərb dünyası ilə əlaqələr çox zəiflədi. Bundan sonra da zəifləyəcək. Qərb dünyası Rusiyanı özünə düşmən etdi. Qərb dünyası bu gün Rusiyaya qarşı embarqolar qoymaqla Rusiyanı çıxılmaz vəziyyətə saldı. Rusiya isə öz siyasəti ilə Qərb dünyasını çıxılmaz vəziyyətə qoydu. Bu gün ABŞ və Qərb siyasətinin regionda təsiri çox zəifləyib. Bunu biz qəbul etməliyik. Regiondakı proseslər Azərbaycanı Avrasiya İttifaqına qoşulmağa yaxınlaşdırır. Əgər Qarabağ məsələsində Rusiya düzgün mövqe tutsa, biz Avrasiya İttifaqına qoşula bilərik və qoşulacağıq da. Ona görə də Çin, Rusiya, İran, Türkiyə birləşəcəklər. Bundan başqa variant yoxdur. Hətta sabah Avropa dövlətlərindən də kimsə bu prosesə qoşula bilər. Geosiyasi durum dəyişdisə, dövlətlərin xarici siyasəti də dəyişəcək. Hesab edirəm ki, Dağlıq Qarabağ probleminin həllinin ucu görsənir. Hiss edirəm ki, biz bu prosesə yaxınıq".