“ABŞ tərəddüd edir” Siyasət

“ABŞ tərəddüd edir”

"Ankara Bəşər Əsədin hakimiyyətdən getməsi tələbindən geri çəkilməyə başlayıb".
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Türkiyə artıqSuriya prezidentinin taleyi ilə bağlı ultimatumlardan imtina etməyə başlayır: "Türkiyə ilə münasibətlərimiz normallaşır. Ankara artıq anlayır ki, terror təhlükəsi onun milli təhlükəsizliyinə təsir edən əsas amilə çevrilir".
Rusiya XİN başçısı Qərb tərəfdaşlarının Suriyada prioritet məsələnin terrorçuluqla mübarizə olduğunu anladıqlarını da söyləyib: "Əsas milli maraq əlbəttə ki, terror, İŞİD və "Cəbhət-ən-Nüsra" ilə mübarizə aparmaqdır".
Sergey Lavrov ABŞ-la Rusiya arasında Suriya ilə bağlı anlaşmanın bəzi detallarını da açıqlayıb.
Lavrov Rusiya ilə ABŞ arasındakı razılaşmanın həm "Cəbhət ən-Nüsra" ilə, həm də İŞİD-lə mübarizəyə aid olduğunu bildirib: "Con Kerri ilə təsdiq etdiyimiz sənədlərdə açıq yazılıb ki, biz həm "Cəbhət ən-Nüsra"ya, həm də "İŞİD"ə qarşı fəaliyyətimizi koordinasiya edəcəyik".
Sergey Lavrov Vaşinqtonun Suriya ilə bağlı razılaşmanın ictimaiyyətə açıqlanmasında tərəddüd etdiyini söyləyib: "Biz bu addıma hazırıq. Biz, indi bu razılığın ictimaiyyətə açıqlanması üçün çalışacağıq. Gizli diplomatiya yolu ilə getmək istəmirik. Bizim amerikalı tərəfdaşlarımız isə hələlik tərəddüd edirlər. Bu addım problemin demokratik yolla həlli istəyini göstərmir. Demokratiya isə şəffaflıq tələb edir".