“Ermənistandakı strateji əhəmiyyətli silah növlərinin istifadəsi İrəvanlıq deyil” Siyasət

“Ermənistandakı strateji əhəmiyyətli silah növlərinin istifadəsi İrəvanlıq deyil”

Tofiq Abbasov: "Həmin sistemlərin açar kodları heç erməni hərbi dairələrinə də məlum deyil"

"Rusiyanın Ermənistana "İsgəndər" raket kompleksləri verməsini Qarabağ böhranı çərçivəsində müzakirə etmək əsaslı görünmür. Çünki sözügedən silah Moskvanın Vaşinqton və onun müttəfiqləri ilə apardığı qlobal qarşıdurma çərçivəsində dəyərləndirilməlidir". Bu fikri politoloq Tofiq Abbasov deyib. Politoloq qeyd edib ki, ABŞ Fars körfəzi ölkələri ilə bərabər "Persopro" layihəsini gerçəkləşdirməkdə israrlıdır: "Sözdə Pentaqon iddia edir ki, guya həmin hazırlıqlar İrana qarşıdır. Lakin reallıqda bu, əlbəttə ki, bəhanədir. İran ABŞ və NATO üçün bir o qədər də güclü rəqib deyil ki, onunla ola biləcək toqquşmada genişəhatəli hücum və müdafiə sistemlərindən istifadə edilsin". T.Abbasovun sözlərinə görə, Qərbin hazırda bir nömrəli hədəfi Rusiyadır və Suriya qarşıdurmasında müşahidə edilən qorxunc dinamika göstərir ki, iki fövqəlqüvvə artıq soyuq müharibə atributikasından istifadəyə qərar verib. Politoloq bildirib ki, Ermənistan ərazisində yerləşdirilmiş Rusiya hərbi bazasının potensialı gücləndirilir və gələcəkdə də gücləndiriləcək: "Bu kontekstdə rəsmi İrəvan yenə blef gedişlərə əl atmaqla Bakını hədələməyə çalışır. Lakin nəzərdən qaçırmaq olmaz ki, Rusiya Ermənistan ərazisində digər strateji əhəmiyyətli silah növlərini yerləşdirib və onların istifadə olunması İrəvanlıq deyil. Həmin sistemlərin açar kodları heç erməni hərbi dairələrinə də məlum deyil".
T.Abbasov vurğulayıb ki, buna baxmayaraq Azərbaycan indiki şəraitdə düzgün qərarlar qəbul etməklə bütün variantlara qarşı cavab tədbirləri görür: "Bu sözün əsl mənasında ehtiyatlı yanaşmadır. Buna görə də Bakı İsrail istehsalı olan "Dəmir tavan" sistemlərini əldə edib lazımi bölgələrdə yerləşdirib".
Politoloqun fikrincə, bu da ondan xəbər verir ki, silah-sursat sahəsindəki balans yenə Azərbaycanın xeyrinədir və əgər İrəvan genişmiqyaslı təxribatlara əl atarsa, o, dərhal adekvat cavabını alacaq.