“Klinton Rusiyanı izolyasiyaya salmaq siyasəti aparacaq” Siyasət

“Klinton Rusiyanı izolyasiyaya salmaq siyasəti aparacaq”

"ABŞ ilə Rusiya arasındakı indiki soyuq müharibə SSRİ dövründəki soyuq müharibədən daha kəskin və sərt qaydada gedir. Yəni SSRİ dövründə nüvə silahlarının adı hallanmadı, amma bu gün vəziyyət daha da kəskinləşib". Bunu politoloq Mübariz Əhmədoğlu deyib.
O əlavə edib ki, ABŞ artıq yeni raketlərini, yeni silahlarını ortaya çıxarır: "Rusiya ekspertlərinin, hərbçilərinin rəyi ilə tanışam və belə başa düşürəm ki, Moskva aşkar şəkildə qorxur, çəkinir. Tərəflər arasında çox kəskin şəkildə soyuq müharibə başlayıb və hər şey ola bilər. Rusiya çalışır sübut etsin ki, fövqəldövlətdir. Dünyada iki dövlətdən biridir. ABŞ ekspertləri də belə hesab edirlər ki, Rusiyanın məqsədi dünyada özünün ikinci dövlət olduğunu sübut etməkdir. Amma burada hər variantı gözləmək mümkündür".
Mübariz Əhmədoğlu xatırladıb ki, hazırda ABŞ-da seçki kampaniyası dövrüdür: "Biz müşahidə edirik ki, kampaniyada hər an prezident Putinin adı hallanır. Putin ABŞ-dakı seçkilərdə sanki üçüncü tərəfdir. Klinton, Tramp bir tərəfdə, Putin başqa tərəfdə. Putinin adı Klinton, Tramp qədər seçkilərdə hallanır. Ona görə də hazırda ABŞ-ın Rusiyanı parçalayacağını söyləmək mümkün deyil. Amma Klinton prezident seçilsə, Rusiyaya qarşı fərqli siyasət aparacaq. Həm siyasi, həm hərbi və iqtisadi baxımdan Rusiyanı çox kəskin izolyasiyaya salmaq siyasəti həyata keçirəcək. Yalnız bundan sonra müəyyən nəticələr irəli sürmək mümkündür".