“Rusiya Suriyanın dağılmasını istəmir” Siyasət

“Rusiya Suriyanın dağılmasını istəmir”

Zərdüşt Əlizadə: "Bilirlər ki, Suriyadan sonra Türkiyəni, Türkiyədən sonra Rusiyanı dağıtmaq istəyirlər"

"Hazırda Hələbdə İŞİD-lə prezident Bəşər Əsədə sadiq qüvvələr döyüşür". Bunu politoloq Zərdüşt Əlizadə bildirib. Onun sözlərinə görə, İŞİD-in arxasında bütün "mürtəce ərəb rejimləri" dayanır. O rejimləri isə ABŞ müafiə edir: "Bəşər Əsədin tərəfində İran, Rusiya dövlətləri, "Hizbullah", onların hərbi hissələri, hərbi müşavirləri vuruşur...". Politoloq qeyd edib ki, İŞİD-in Bəşər Əsədə qarşı vuruşan müttəfiqləri də var: "Əvvəl adı "Cəbhətül-Nüsra" idi. İndi olub "Cəbhətül fəth əş-Şam", yənin "Şamın fəthi cəbhəsi". Bu həmin "Cəbhətül-Nüsra"dır ki, vaxtilə "Əl-Qaidə"nin tərkib hissəsi idi və İŞİD-lə də çox yaxındır. İŞİD müxtəlif radikal islamçı qüvvələrin birliyidir. Bunlar hamısı Bəşər Əsədə qarşı vuruşur. Çünki Amerika nəyin bahasına olur olsun, Bəşər Əsədi devirmək qərarına gəlib. Ona hər dəfə deyəndə ki, hər hansı dövlətin rəhbərini xalq özü və ya daxili qüvvələr seçir, deyir "yox, o getməlidir". Səddam Hüseyn devrilməzdən 6 ay əvvəl Bağdadda nəhəng nümayişlər gedirdi. Yüz minlərlə insan bağırırdı ki, "Səddam, ruhumuzla, qanımızla sənə qurbanıq". Səddamı devirdilər, sonra həmin adamlar kəndiri atdılar onun heykəllərinin başına, aşırdılar. Özünü də tutub asdılar. Qəzzafi Liviyaya sərt nəzarət edirdi. Hamı onu görəndə diz çökürdü. Elə ki, Qərb radikalları ayağa qaldırdı, onları silahlandırdı, Tripolini, Benqazini və digər şəhərləri bombaladı, ondan sonra Qəzzafini də tutub öldürdülər. Yəni, əlinə silah verilmiş azsaylı radikalların xalq kimi qələmə verilməsi düzgün deyil. İndi də Suriyada kiçik bir silahlı qrup xalqın adından danışmağa can atır".
Politoloq Hələbin mühüm şəhər olduğunu vurğulayıb: "Hələb Suriyanın iqtisadi paytaxtı idi. İndi isə heç nədir. Zəbt edilib, dağılıb, camaat qaçmağa yer tapmır. Ona görə öz məskənlərində yaşamağa davam edirlər. Hələb Dəməşqlə yanaşı ən mühüm tarixi şəhərdir. Onun çox hissəsini İŞİD ələ keçirmişdi, şəhər bölünmüşdü. Bəşər Əsədin qüvvələri şəhəri geri almağa çalışır. Ordunun isə buna gücü çatmır. Çünki müasir silahla silahlanmış 10-15 min İŞİD fəalları ələ keçirdikləri əsas qəniməti qoruyub saxlamağa çalışırlar. Onlar Hələbi itirsələr, hesab edin ki, Bəşər Əsəd müharibəni udub. Ona görə də Qərb şüvən salıb ki, Hələbdə dinc camaat ölür. Mosulda da dinc insanlar həlak olur da. Bombalayanda bomba baxmır ki, sən kimin tərəfdarısan".
Z.Əlizadə qeyd edib ki, Hələbin taleyinin həll olunması ilə Suriyada 5 ildən artıqdır davam edən vətəndaş müharibəsinin gedişində dönüş yarana bilər: "Hərbi ekspertlər bildirirlər ki, bununla dönüş yarana bilər. Ona görə də Hələbdə hər iki tərəf var gücü ilə savaşır".
Rusiyanın Suriyaya müdaxiləsinin nə ilə yekunlaşacağına dair sualımızı cavablandıran Z.Əlizadə bu amilin Bəşər Əsəd rejiminin ömrünü uzatdığını, Suriyanın bütövlüyünü təmin etdiyini vurğulayıb: "Rusiya Suriyanın bütövlüyünün sual altına düşməsini, ölkənin dağılmasını istəmir. Bilirlər ki, Suriyadan sonra Türkiyəni, Türkiyədən sonra Rusiyanı dağıtmaq istəyirlər".

Əli