Ermənistan müxalifəti Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı referendum keçirilməsini tələb edir Siyasət

Ermənistan müxalifəti Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı referendum keçirilməsini tələb edir

Ermənistan müxalifəti Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı referendum keçirilməsini tələb edir.

Trend xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

“Ermənistan hakimiyyəti bilmir ki, sərhədin demarkasiyası ilə bağlı işlərə nə vaxt başlanacaq və bunun üçün hansı xəritələr hüquqi əsas kimi qəbul ediləcək. Bu, dünən parlamentdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və baş nazirin müavini Mher Qriqoryanın iştirakı ilə keçirilən qapalı müzakirənin nəticələrindən sonra aydın olub.

Üstəlik, birincisi baş nazir Nikol Paşinyanın tezislərini ümidsizcəsinə müdafiə edib, ikincisi isə daha konstruktiv olub, mövzu ilə bağlı növbəti müzakirələrdə iştirak etməyə hazır olduğunu bildirib”, - Ermənistanın “Joğovurd” nəşri yazır.

Qeyd edək ki, Ermənistan Milli Assambleyası (parlamenti) müxalifət partiyalarının fraksiyalarının təşəbbüsü ilə aprelin 9-da Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası məsələsini müzakirə edib. Bu məsələnin müzakirəsi bağlı qapılar arxasında aparılıb. Ermənistanın keçmiş müdafiə naziri, parlamentin “Hayastan” müxalifət fraksiyasının rəhbəri Seyran Ohanyan və Ermənistan parlamentinin daha 9 deputatı iclasa buraxılmayıb.

Xatırladaq ki, martın 7-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib.

Tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.