“Minsk qrupu qeyri-qənaətbəxş fəaliyyət göstərir” Siyasət

“Minsk qrupu qeyri-qənaətbəxş fəaliyyət göstərir”

Elman Məmmədov: "İşğalçıya heç bir təzyiq metodu tətbiq edilmir"

"Azərbaycan prezidentinin Lələtəpədən həm düşmənə, həm də onun himayədarlarına açıq şəkildə mesajı göstərir ki, düşmən işğala son verməsə, müharibə hər an alovlana bilər". Bunu millət vəkili Elman Məmmədov bildirib: "Münaqişənin dondurulmuş olmadığı, sonun nə ilə nəticələnəcəyini Azərbaycan prezidenti İlham Əliyev açıq şəkildə bildirib. Azərbaycan işğal olunmuş torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək və münaqişə sülh və ya güc yolu ilə Azərbaycanınn xeyrinə həll olunmalıdır. Azərbaycanın son genişmiqyaslı hərbi təlimləri göstərir ki, Ermənistan sülhə gəlməsə, münaqişənin güc yolu ilə həlli qaçılmazdır. Ermənistan sülhə gəlməli və işğala son verməlidir". E.Məmmədov vurğulayıb ki, münaqişənin həll olunmaması və vəziyyətin bu səviyyəyə gəlib çatmasına səbəb ATƏT-in Minsk qrupunun qeyri-qənaətbəxş fəaliyyəti və işğalçıya heç bir təzyiq metodunun tətbiq edilməməsidir: "Bu gün Azərbaycan öz gücü, qüdrətli ordusu, xalqının iradəsi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməyə hazırdır və biz buna doğru gedirik. Əgər düşmən işğala son qoymasa, proseslərdən düzgün nəticə çıxarmasa, yaxud bu məsələdə məsuliyyət daşıyan beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu işğalçını sülhə məcbur etməsə, güc yolu ilə işğala son qoymaq qaçılmaz olacaq. Genişmiqyaslı hərbi təlimlər sübut edir ki, Azərbaycan ordusu son hazırlıqlara başlayıb və bundan sonra qüdrətli Azərbaycan ordusu öz sözünü deməyə məcbur olacaq. Biz buna qadirik. Sadəcə Azərbaycan qarşı tərəfə, onun himayədarlarına başa salır ki, müharibə hər an alovlana bilər".