Ermənistanda dialoq tərəfdarı olan şəxslər təqib olunur Siyasət

Ermənistanda dialoq tərəfdarı olan şəxslər təqib olunur

Ermənistanda "Bakı deklarasiyası" sülhməramlı platformasını dəstəkləyən və Azərbaycan xalqı ilə dinc dialoq tərəfdarı olan şəxslər təqib olunur.
Bu sözləri Trend-ə "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib:
"Ermənistanda xalqlarımızın barışması məqsədilə bir qrup erməni və azərbaycanlı tərəfindən imzalanmış Bakı deklarasiyası sərt qarşılanır".
O qeyd edib ki, bununla bağlı daha bir yolverilməz addım Xankəndi sakini, deklarasiyaya dəstəyini ifadə etmiş Lusine Nersisyanın həbsi olub.
Elxan Ələsgərov deyib: "O, bir qrup radikal millətçinin yaratdığı bu münaqişənin qarabağlılara gətirdiyi bəlalardan danışıb."
Elxan Ələsgərovun sözlərinə görə, erməni KİV-ləri bu barədə susur və xalqların barışması fikrinə qarşı çıxan xətt yürüdür: "Bəzi beynəlxalq təşkilatlar da bu proses barədə susur. Qərb mətbuatı da bu barədə susmağa çalışır, çünki bu onların barışıq anlayışına uyğun deyil. Onlar "barışıq masası" başında özlərini görmək istəyir və problemi öz maraqlarına uyğun həll etmək istəyir. Burada isə birbaşa dialoq aparılır və bu çoxlarını qane etmir".
Elxan Ələsgərov qeyd edib ki, Bakı platformasının əvvəlki QHT, jurnalistlər, təşkilatlar arasında görüşlərdən fərqi ondan ibarətdir ki, burada Dağlıq Qarabağ məsələsi müzakirə olunmayıb və Dağlıq Qarabağın Azərbaycana məxsusluğu sual altına alınmayıb.
Onun sözlərinə görə, Bakı deklarasiyasını dəstəkləyən ermənilər Azərbaycan və Ermənistan arasında ünsiyyətin ədalətli xarakter daşımasına tərəfdar çıxır:
"Onlar deyir ki, erməni və Azərbaycan xalqlarının bəlaları Qarabağ problemi ilə başladı və bu məsələ beynəlxalq qanunlar çərçivəsində həll olunmalıdır. İndi erməni cəmiyyətində Qarabağ klanının idarəetməsi ilə razı olmayan şəxslər Bakı deklarasiyasına qoşulur. Bu, xalqların barışığı nöqteyi-nəzərindən müsbət bir addımdır".