Hadisələrin qlobal qarşıdurmaya yol açacağını gözləmirəm Siyasət
Elçin Mirzəbəyli: “İsrail yaranmış vəziyyətdən istifadə etməklə, İranın bütün proksilərini, o cümlədən rəsmi Tel-Əviv üçün HƏMAS-dan daha böyük təhlükə olan Hizbullahı məhv etməyə çalışır”
Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, Əməkdar Jurnalist Elçin Mirzəbəylinin müsahibəsini oxuculara təqdim edirik.
- İsrail böyük oyunda payını artırır. Bu yaxınlarda Fələstinin HƏMAS hərəkatının siyasi lideri İsmayıl Haniyə öldürüldü. Ancaq bu, ən vacib şey deyil. Daha önəmlisi odur ki, raket zərbəsi Tehranın şimalında yerləşən SEPAH-ın hotel iqamətgahına endirilib. İranın cavabı nə olacaq: əvvəlki kimi simvolik, yoxsa real?
- HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin, SEPAH-a məxsus iqamətgahda, raket zərbəsi ilə öldürülməsi və bu hadisənin onun İranın yeni prezidentinin andiçmə mərasimindən sonra baş verməsi, bir sıra vacib suallara yol açır. Maraqlıdır, İsmayıl Haniyə İsrail üçün nə dərəcədə təhlükəli fiqur hesab oluna bilərdi? Məlum olduğu kimi Haniyə HƏMAS-ın Qəzzadakı silahlı qanadının İsrailə hücumundan, dolayısıyla xəbərsiz olduğunu bəyan etmişdi və baş verənlərə açıq dəstəyini ifadə etməmişdi. İsrailə məlum hücümun arxasında isə İran tərəfindən himayə edilən qrupların iştirakı isə bəlli idi. İsmail Haniyə İrandan daha çox Türkiyəyə yaxın siyasi lider kimi tanınırdı və onun Qətərdə məskunlaşması da təsadüfi deyildi. Məhz bu ehtimallar üzərindən irəli gedərək, bir sıra Türkiyə siyasətçiləri və ekspertləri Haniyənin ölümündə İranı və İsraili ittiham edirlər və onların qənaətinə görə, HƏMAS-ın siyasi qanadının rəhbəri İsraillə İranın işbirliyinin qurbanı olub. Təbii ki, bütün bunlar fərziyyələrdir. Amma Haniyənin öldürülməsinin problemin dialoq və İrailə siyasi təzyiqlər yolu ilə həllinin tərəfdarı olanların mövqelərini xeyli zəiflətdiyi, radikal meylləri artırdığı və ekskalasiyaya yol açdığı göz qabağındadır. Bəs bu kimin maraqlarına uyğundur? Problemi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun və dinc üsullarla həllinə çalışan Türkiyənin, sülh mesajları verən digər ölkələrin, yaxud İranın və İsrailin? Qənaətimə görə, bu sualların cavabı açıq qalıb və alternativ sualların ortaya çıxmasına zəmin yaradır. HƏMAS-ın silahlı qanadının İsrailə hücumu, nəticə etibarilə kimin işinə yaradı? Əgər İsrailin Qəzzaya müdaxiləsini və yeni ərazilər ələ keçirdiyini nəzərə alsaq, yəqin ki, sualın cavabı aydın olacaq.
İranın İsrailə cavab zərbəsi endirəcəyinə gəldikdə isə, bu proses hələlik videogörüntülərlə müşaiyət olunur. Reallıqda isə İranın proksiləri ilə İsrail arasındakı qarşıdurma, hər gün davam edir və heç bir effektiv nəticə vermir. Bu baxımdan düşünürəm ki, İran-İsrail münasibətləri, yaxud qarşıdurması haqqında real mənzərini tamamlamaq üçün, hələ bir müddət gözləmək lazım gələcək.
- Yeri gəlmişkən, amerikalıların himayə etdiyi Qahirədə HƏMAS ilə davam edən danışıqlar fonunda İsrail ABŞ-ın narazılığına səbəb olan vəziyyəti niyə gərginləşdirdi?
- İlk baxışda bunu İsrailin hərbi-siyasi rəhbərliyinin Baydenin hakimiyyətdə olduğu zaman kəsiyində sülh danışıqlarının irəliləməsinin qarşısının alınması üçün atdığı addım kimi də dəyərləndirmək olar. Bu, ümumi fərziyyələrdən biridir.
Başqa bir yanaşmaya görə isə, ola bilsin ki, İsrail radikal gedişlərin köməyi ilə ABŞ kimi ölkələri onun ardınca getməyə məcbur etməyə, problemə genişmiqyaslı xarakter verməyə, sonra isə onu birdəfəlik həll etməyə çalışır.
- İsrail Məcdəl Şama raket hücumuna görə Livan Hizbullahını cəzalandırmaq üçün Livanda kütləvi hücum həyata keçirmək niyyətindədir. Ankara öz növbəsində İsraili “Türkiyə Qarabağ və Liviyaya girdiyi kimi İsrailə də girə bilər” deyə hədələyib. Ankaranın hədəsi nə dərəcədə realdır?
- İsrail yaranmış vəziyyətdən istifadə etməklə, İranın bütün proksilərini, o cümlədən rəsmi Tel-Əviv üçün HƏMAS-dan daha böyük təhlükə olan Hizbullahı məhv etməyə çalışır. Bu prosesin nə qədər uzağa gedəcəyi isə düşündürücüdür. Çünki üçüncü hər hansı bir ölkənin prosesə müdaxiləsi ekskalasiya riskini artıra və Türkiyəni qarşıdurma tərəfinə çevirə bilər. “Türkiyə İsrailə Qarabağa və Liviyaya girdiyi kimi daxil ola bilər” ifadəsinin isə reallığı əks etdirdiyini və uyğun müqayisə olduğunu düşünmürəm. Qarabağ, 44 günlük müharibəyədək işğal altında olsa da, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və həmin ərazilərdə, məhz Azərbaycan Ordusunun qələbəsindən sonra ölkəmizin suverenliyi bərpa edilib. Türkiyə 44 günlük müharibədə Azərbaycana siyasi və mənəvi dəstək verib və bu amil ölkəmiz, xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirilir. Biz bir millət, iki dövlət fəlsəfəsi ilə, qarşılıqlı sayğı, etimad və qardaşlıq sevgisi üzərindən hərəkət edən ölkələrik. Məhz Azərbaycan və Türkiyənin qarşılıqlı münasibətlərinin doğurduğu nəticələr Türk Dövlətləri Təşkilatının arzudan reallığa çevrilməsinə imkan yaradıb.
Qarabağa isə işğalçı Ermənistan ordusu girmişdi, Azərbaycanın rəşadətli əsgər və zabitləri Ali Baş Komandanımızın liderliyi ilə təcavüzkarları müqəddəs torpaqlarımızdan qovdu. Qarabağ Azərbaycandır və şəhdilərimizin qanıyla suvarılmış bu torpaqlara girmək yox, gəlmək olar. Dost kimi, qardaş kimi, qonaq kimi...
- Yaxın Şərqdə baş verənlər İran, Livan, İsrail, ABŞ və onların ərəb müttəfiqlərinin iştirak etdiyi böyük regional müharibəyə çevrilə bilərmi?
- Hazırda hadisələrin qlobal qarşıdurmaya yol açacağını gözləmirəm. Çox güman ki, dekabr ayınadək İranla İsrail arasındaki qarşıdurma lokal müstəvidən kənara çıxmayacaq. İsrailin ABŞ-ın birbaşa və açıq dəstəyi olmadan İranla genişmiqyaslı qarşıdurmaya getməyə resursu yoxdur. Vaşinqtonun isə, hazırda qarşıdurmanın genişlənməsində, həm daxili, həm də xarici amillərə görə maraqlı olduğunu düşünmürəm.
- Yaxın Şərqdə vəziyyətin gərginləşməsi Azərbaycana necə təsir edəcək?
- Dünyanın bu və ya digər bölgəsində, xüsusilə Avrasiya məkanında baş verən istənilən qarşıdurma bu coğrafiyada yerləşən ölkələrin həyatına təsir göstərir. İndiki halda ekskalasiyanın idarə edildiyini düşündüyüm üçün bunun ölkəmizə ciddi təsirinin olmayacağını əsas götürürəm.