
Azər Həsrət: "Bu adamların məqsədi sadəcə olaraq düşmən dəyirmanına su tökməkdir"
"Mediada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun alınmasına dair bir qrup vətəndaş cəmiyyətinin, jurnalistin və hüquqşünasın müraciət etdiyi barədə xəbər yayılmışdı. Bu məsələ aşkara çıxarılanda təəssüfləndim ki, orada mənim şəxsən tanıdığım, az-çox hörmət etdiyim adamların da adları var idi". Bunu siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, sonradan isə bəlli oldu ki, bəzi adamların özlərinin belə xəbəri olmadan həmin siyahıya adları salınıb və AŞPA-da Azərbaycanın səsvermə hüququnun əlindən alınması üçün çağırışa onlar da imza atmış kimi göstərilib: "Digər tərəfdən orada məlum şəxslər də var idi. Hesab edirəm ki, həmin müraciətin təşəbbüskarı da elə məhz onlardır. Bu addımlar Azərbaycan sataşmaq, ölkəmizin ayağından çəkməyə yönəlib. Əslinə qalanda öz Vətəninə, dövlətinə, xalqına doğurdan da bağlı olan, sevgisi olan heç bir insan belə bir addım atmamalı idi.
Burada söhbət ondan gedir ki, Azərbaycanın səsvermə hüququ əlindən alınarsa təbiidir ki, bu, ermənilərə daha geniş meydan aça bilər. Nəticə etibarilə ermənilər azərbaycanlıların, azərbaycanlı iştiraçıların, deputatların susqunluğu şəraitində istədikləri məsələni AŞPA-da keçirə bilərlər. Təbiidir ki, belə bir şəraitin yaradılmasına çağırış edənlər azərbaycanlı ola bilməz. Bu adamların məqsədi sadəcə olaraq düşmən dəyirmanına su tökməkdir. Biz də QHT nümayəndələri olaraq 100-dək QHT rəhbəri, yəni onların sayından iki dəfə artıq AŞPA-ya öz müraciətimizi göndərdik və təşəbbüsün qarşısının alınması üçün sözümüzü dedik. Əlbəttə ki, AŞPA onların o çağırışını eşitmədi və eşidəcəyini də düşünmürük. Sadəcə olaraq bu adamlar bir daha öz sifətlərini göstərmiş oldular".