“Qərb Ermənistanın Rusiyanın sanksiyalardan yayınmasında əsas həlqə olduğunu yaxşı bilir” Siyasət
Elçin Mirzəbəyli: “Amma İrəvanın silahlanması üçün buna göz yumur”
“Qərb Ermənistanın Rusiyanın sanksiyalardan yayınmasında əsas həlqə olduğunu hər kəsdən yaxşı bilir, amma Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistanın Rusiyanın forpostu olmasına göz yumaraq, bu marionet ölkəni himayə etdiyi kimi, indi də İrəvanın silahlanması üçün Rusiyanın sanksiyalardan yayınmasına yardım etməsinə göz yumur”. Bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini Elçin Mirzəbəyli səsləndirib. Onun sözlərinə görə, ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun hesabatına görə, 2022-ci ildə Ermənistan 2021-ci illə müqayisədə ABŞ-dan 515%, Avropa İttifaqından isə 212% daha çox çip və prosessor idxal edib: “Sənəddə, həmçinin qeyd olunur ki, bu çiplərin və digər elektron cihazların 97%-i qısa bir zaman kəsiyindən sonra Ermənistandan Rusiyaya təkrar ixrac olunub.
Sənaye və Təhlükəsizlik Bürosunun başqa bir sənədində qeyd olunur ki, Ermənistandan Rusiyaya silahların modernləşdirilməsi üçün kritik hesab edilən səkkiz kateqoriya üzrə çip, o cümlədən, qanadlı raketlərin istehsalında istifadə olunan komponentlər göndərilib.
2023-cü ildə öncə açıqlanan məlumatlarda isə qeyd olunur ki, 2022-ci ildə Vyetnamdan Ermənistana ixracat 380%, Yaponiyadan 252%, Qazaxıstandan 201%, Hindistandan 190%, Fillipindən 181%, Cənubi Koreyadan 102%, Avropa İttifaqına üzv ölkələrdən isə 70% artıb.
Onu da qeyd edim ki, son illər ərzində Ermənistanın hərbi sənaye kompleksində heç bir irəliləyiş baş verməyib, hərbiyönümlü yeni müəssisələr inşa edilməyib, mövcud müəssisələrin də istehsal gücü artırılmayıb”.
Elçin Mirzəbəyli əlavə edib ki, Ermənistana gətirilən çiplərin alıcıları, daha doğrusu təkrar ixracatçıları, əsasən Abovyanda yerləşən “Aşviç” MMC və “Atis” MMC, Eçmiədzindəki “Elektron” QSC, Gorusda yerləşən “Qamma” MMC, “Razdanmaş” QSC və digər müəssisələrdir. Maraqlı məqamlardan biri də “alıcı müəssisələr”ın əhəmiyyətli hissələrinin Rusiya ilə birgə yaradılmış təsisatlar, yaxud Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan qurumların törəmə müəssisələri olmasıdır: “Ukraynada müharibənin başladığı dövrdən, vaxtilə heç bir işə yaramayan bu müəssisələr dövriyyələrini və gəlirlərini birdən-birə, həm də misli görünməmiş bir səviyyədə artırıblar.
Xatırladım ki, 2023-cü il martın 24-də Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sullivan Ukraynadakı müharibəyə görə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarından yayınan ölkələrə, o cümlədən İrəvana səfər edəcəyini bəyan etmişdi və bildirmişdi ki, Ermənistandan müxtəlif məhsulların Rusiyaya idxalında birdən-birə 300% artımın baş verməsi şübhə doğurur və Avropa İttifaqının bununla bağlı müvafiq fəaliyyət həyata keçirməsinə ehtiyac yaranıb. Sitat: “Aİ ixrac edilən məhsulların hərbi məqsədlər üçün istifadə olunmasını və komponentlərinin Rusiyanın hərbi sənayesində istifadə olunmasını istəmir. Rusiyadan tranzit keçən malların orada qalmasından narahatlıq keçiririk. Biz bunun belə olmadığına dair təsdiqləyici faktlar əldə etmək istəyirik".
Ermənistan nəinki bu yazıda adı sadalanan ölkələrdən, o cümlədən İrandan, əsasən hərbi sənayedə istifadə olunan məhsulların Rusiyaya ötürülməsində də əsas “ötürücü” funksiyanı yerinə yetirir. Diqqətin cəlb edilməməsi və idxalla tələbat, həmçinin ixrac arasındakı fərqin ifrat dərəcədə böyüməməsi üçün məhsulların bir hissəsinin, guya Ermənistan ərazisində yaradılmış İran-Ermənistan birgə müəssisələrində istehsal olunduğu qeyd edilir. Daha sonra isə İrandan gətirilən, təxminən 5-7 min adda məhsul Ermənistanda istehsal edilən məhsullar kimi qablaşdırılır və sənədləşdirilir və Rusiyadan “keçməklə” Avrasiya İqtisadi İttifaqı “məkanı”na daxil olan ölkələrə “göndərilir”. Əslində Ermənistandan “ixrac edilən” İran məhsulları Rusiya ərazisində Avropa İttifaqının xüsusi nümayəndəsinin dolayısıyla dediyi kimi, yoxa çıxır. Yəni sanksiya altına düşən məhsullar Rusiya ərazisində boşaldılır, yerinə başqa məhsullar doldurulur, yaxud vaqonlar və yük maşınları elə yüksüz Avrasiya İqtisadi İttifaqına üzv olan “ölkələrə” yola salınır.
Maraqlıdır, Ukraynada müharibə başlayandan sonra Ermənistanın iqtisadi potensialına hansı amillər təsir göstərdi ki, bu ölkə birdən-birə biznes üçün cazibədar, əvəzolunmaz bir ölkəyə çevrilib?
Başqa faktlara müraciət edək:
2023-cü ilin dekabr ayında Ermənistanda ümumi dəyəri 82 milyard dram (203 milyon ABŞ dolları) olan təxminən 22 580 kq zərgərlik məmulatı istehsal edilib. 2022-ci ilin dekabr ayı ilə müqayisədə bu 9,4 dəfə artım deməkdir.
Təsəvvür edin, 2021-ci ilin dekabrında yaradılan İrəvan Zərgərlik Fabriki MMC 2023-cü ilin sonunda rekord sayda zərgərlik məmulatı istehsal edib...”.
Elçin Mirzəbəyli diqqətə çatdırıb ki, eyni zamanda, 2023-cü ilin dördüncü rübündə əvvəlki ilin eyni rübü ilə müqayisədə Ermənistandan zərgərlik məmulatlarının ixracı 7 dəfə artıb: “Bu, əslində Rusiyadan gətirilən, daha sonra isə “Ermənistan istehsalı” kimi zərgərlik məmulatı və ya külçə şəklində xaricə çıxarılan qızıldır.
Zərgərlik sektorunda nəzərə çarpan bu qeyri-adi sıçrayış 2023-cü ilin sonunda Ermənistanın bütün sənayesinə, eləcə də iqtisadi artım göstəricilərinə ciddi təsir göstərib.
Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, təkcə 2023-cü ilin son üç ayı, oktyabr-dekabr aylarında Ermənitandan ümumi dəyəri 419 milyon ABŞ dollarına yaxın olan 9591 kq zərgərlik məmulatı (qiymətli metallardan hazırlanmış, qiymətli metallarla üzlənmiş və ya üzlənməmiş) ixrac edilib. Və bu, cəmi üç aydır. Lakin onun böyük hissəsi noyabr və dekabr aylarında ixrac edilib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin eyni dövründə Ermənistandan cəmi 1290 kq zərgərlik məmulatı ixrac edilib ki, onun da ümumi dəyəri təxminən 24 milyon dollardır. Belə ki, 2023-cü ilin dördüncü rübündə əvvəlki ilin eyni rübü ilə müqayisədə Ermənistandan ixrac edilən zərgərlik məmulatlarının həcmi 7 dəfə, dəyəri isə təxminən 18 dəfə artıb.
2023-cü ilin dördüncü rübündə Rusiyadan 13 284 kq zərgərlik məmulatı idxal edilib ki, onların ümumi dəyəri cəmi 1,3 milyon, yəni qızılın 1 kq üçün 1 dollar təşkil edib.
Ermənistanda baş verən “sıçrayışın” səbəblərini araşdıran iqtisadçı ekspert Suren Parsyanın qənaətinə görə, Ermənistanın bir ay ərzində bu qədər zərgərlik məmulatı istehsal etmək üçün təkcə texniki resursları, avadanlıqları deyil, həm də insan resursu yoxdur: “Bir ayda hasilat həcmini 14 dəfə artırmaq üçün kifayət qədər resurslarımız yoxdur. Əslində Ermənistanda bu qədər də zinət əşyası istehsal olunmayıb, xaricdən gətirilən qızıl külçələri “zərgərlik məmulatı” adı ilə, sadəcə əzilərək təkrar ixrac edilib. Qızılın külçə halında təkrar ixrac olunmamasının səbəbi isə Rusiyaya tətbiq olunan sanksiyalardır. Rusiya qızılı Qərb sanksiyaları altındadır və onun alıcıları da, şübhəsiz ki, sanksiyalar altında düşə bilərlər. Amma zərgərlik məmulatlarının ixracı sanksiyalar altında deyil”.
Bütün bunlara baxmayaraq, sanksiyalardan yayınmaq üçün əsas platforma rolunu oynayan Ermənistanın adı, nədənsə hər dəfə sonuncu sıralarda çəkilir. Səbəbi bəllidir, şübhəsiz. Bu halda yenə də ABŞ Prezidenti Franklin Ruzveltin adına çıxılan və onun guya Nikaraquanın dövlət başçısı haqqında söylədiyi iddia edilən məşhur “Samosa ola bilsin ki, köpək oğludur, amma bizim köpək oğludur” deyimi yada düşür...