Azərbaycana qarşı formalaşan Qərb şəbəkəsi Siyasət

Azərbaycana qarşı formalaşan Qərb şəbəkəsi

Təzyiqlərlə nəyə nail olmaq istəyirlər?

Son zamanlar Azərbaycana qarşı Qərb tərəfindən təzyiqlər artır. Xüsusilə gələn ay Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyası Bakıda keçirilməsi ərəfəsində təzyiqlərin intensiv xarakter alması təsadüfi deyil.

Məqsəd nədir, nəyə nail olmağa çalışılır? Xalqcebhesi.az mövzunu deputatlar və siyasi şərhçilərlə müzakirə edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Qərbi təmsil edən müəyyən qrupların və dövlətlərin şəbəkə formasında Azərbaycana qarşı bu addımları atmasından bəhs edib. O, bildirib ki, burada əsas məqsəd və hədəf Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq, ölkəmizin nüfuzuna xələl gətirmək, Azərbaycanı dünyada yanlış istiqamətdə təbliğ etməkdir: “Ən əsası isə ölkəmizin bu tədbiri yüksək səviyyədə keçirməsinə mane olmaqdır. Yəni Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi onları çox narahat edir və ona görə də onlar bu cür təbliğatı, təxribatları ölkəmiz əleyhinə davam etdirirlər. Ancaq bu prosesə mane ola bilməyəcəklər, Azərbaycan bütün məqsədlərinə nail olacaq”.

Təzyiqlər daha da artacaq

Milli Məclisin deputatı Vüqar İskəndərov söyəyib ki, Azərbaycan COP29-a ev sahibliyi etməklə 200-ə yaxın ölkənin Azəbaycana olan etimadını, etibarını qazandığını bariz nümunə kimi göstərir: “Yəni bu ölkələrin böyük əksəriyyəti bilir ki, Azərbaycanda sabitlik, dinamik iqtisadi irəliləyiş var”. Deputat ölkəmizin bütün sahələrdə inkişaf etdiyini, qlobal anlamda nüfuzlu bir ölkəyə çevrilməkdə olduğunu bildirib: “Azərbaycan çağdaş, dünyaya açılan, demokratik üsul-idarəli inkişaf edən bir ölkədir və artıq bu mötəbər tədbirə böyük hazırlıq işləri gedir, proses uğurla davam etməkdədir. Dövlət başçısı öz çıxışlarında dəfələrlə söyləyib ki, COP29 yaxınlaşdıqca antiazərbaycan qüvvələr, bir çox dövlətlər Azərbaycana təzyiq və təsir göstərməyə çalışacaqlar. Bu, daha da artacaq. Lakin bütün bunların heç biri bizi getdiyimiz yoldan döndərə bilməz və biz hər tədbirdə olduğu kimi, bu, qlobal, mötəbər tədbiri də ən yüksək səviyyədə hazırlayıb keçirəcəyik”.

ABŞ, Fransa, Niderland

V.İskəndərov vurğulayıb ki, burada əsas məqsəd tədbirin səviyyəsini aşağı salmaqdır: “Təbii olaraq burada bir məsələ ortaya çıxır ki, Azəbaycana qarşı təzyiq göstərən ABŞ, Fransa, Niderland və digər bir neçə ölkələr nə qazanmaq istəyirlər? Əvvəla, bu təzyiqlərlə onların məqsədi tədbirin keçirilməsinə kölgə salmaq, Azərbaycanı təzyiq altında saxlamaq, narahatlıq yaratmaq, tədbirə gələn ölkələrin sayını azaltmağa cəhd göstərmək və ümumi olaraq tədbirin səviyyəsini aşağı salmağa çalışmaqdır. Təbii ki, bu, alınmayacaq. Paralel olaraq həm də Ermənistanla olan münasibətlərdə hər hansı bir güzəştləri qoparmaq məqsədi güdürlər. Amma yəqin ki, unutmayıblar ki, qarşılarındakı İlham Əliyevdir”.
Deputat bildirib ki, Azərbaycan dövləti hər şeyi görür, incələyir, analiz edir və tədbirlər həyata keçirir: “Ona görə də bütün bu təzyiqlər heç bir effekt verməyəcək, Azərbaycan tədbiri ən yüksək səviyyədə keçirəcək. Düşünürük ki, indiyədək keçirilən tədbirlərin içərisində COP29 digər ölkələrə də nümunə göstəriləcək tədbirlərdən biri kimi tarixdə qalacaq”.

Antiazərbaycan cəbhəsi

Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, politoloq Yeganə Hacıyeva qeyd edib ki, Azərbaycanın adı ətrafında müxtəlif dezinformasiyalar, daxildə insan haqları ilə bağlı süni mənzərə yaratmaqla, beynəlxalq təşkilatlarda davamlı təbliğat aparmaqla anti-Azərbaycan cəbhəsi formalaşdırılıb: “Burada da əsas hədəf COP29 seçilib”.
Y.Hacıyeva bunun bir neçə səbəbinin olduğunu deyib: “Azərbaycanın təqdimatında COP29-un iqlim təşəbbüslərinin yerli və beynəlxalq səviyyədə siyasi, iqtisadi və sosial iştirakçılıqla stimullaşdırılması, daha öncəki bu tip tədbirlərdən fərqli olaraq yerli və beynəlxalq təcrübənin öyrənilməsi, iqlim dəyişikliyinin fəsadlarını önləyəcək faydalı təşəbbüslərin ortaya çıxarılması aparılır. Bunun da özündən əvvəlkilərdən fərqi, mütərəqqi təcrübə və nümunə olmasıdır”.

“Bunun nəticəsi olmayacaq”

Siyasi şərhçi İlyas Hüseynov COP29 öncəsi Azərbaycana qarşı təzyiqlərin daha çox erməni lobbisinin Azərbaycanın uğurlarından narahat olması ilə əlaqəli olduğunu deyib. O, sosial mediada Azərbaycana qarşı qarayaxma kampaniyasından danışaraq bu kimi kampaniyaların nəticə verməyəcəyini dilə gətirib: “Sosial mediada da bir müddət öncə məhz ölkəmizə qarşı qarayaxma kampaniyasının başında duran şəxslər, onların maliyyələşməsi yönündə ifşa materialları dərc edilmişdi və aydındır ki, Amerika erməniləri Luis Moreno Okampo və digər şəbəkə vasitəsilə Azərbaycana qarşı hücuma keçir. Elə ilk başlarda da bu aydın idi. Çünki müxtəlif təlimatlarla, tezislərlə silahlanaraq, alışdığımız ənənəvi məsələləri qabardaraq məqalələr dərc olunurdu. Bu məqalələrin müəlliflərinə baxanda onların soyadlarının sonundakı yan hər şeyi biruzə verirdi. Lakin bunun bir nəticəsi olmayacaq”.

“İşimizi elə qurmalıyıq ki...”

Azərbaycanın idman, mədəniyyət, siyasət, iqtisadiyyat sahəsində həyata keçirdiyi uğurlu tədbirlər sırasına həm də BMT-nin İqlim Dəyişikliyi Konfransının yazılacağını deyən siyasi şərhçi əlavə edib ki, ölkəmiz bütünlükdə bu il ərzində bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün əlindən gələni edib: “Azərbaycan diplomatiyası yüzə yaxın xarici səfərlər icra etmiş və səfərlərin əsas mahiyyəti COP29 ilə bağlı ümumi fəlsəfəni izah etmək olub. Belə gözləyirəm ki, ölkəmizə çoxsaylı dövlət və hökumət başçıları təşrif buyuracaq. Artıq onların Azərbaycana səfər etməsi ilə bağlı təsdiq məlumatları gəlir və bu da çox sevindiricidir. Ölkəmiz nə qədər güclü olacaqsa, dünya erməniliyi bundan narahat olacaq və hücuma keçəcək”.
İ.Hüseynov sonda qeyd edib ki, biz öz işimizi elə qurmalıyıq ki, ölkəmizin uğurlarına heç bir xələl gəlməsin, Azərbaycan qarşısına qoyduğu məqsədlərə və hədəflərə nail olsun.

“Fransa üzləşdiyi biabrçılığı kompensasiya etmək istəyir”

Siyasi şərhçi Turan Rzayev COP29 ilə bağlı Azərbaycana qarşı başladılan məqsədyönlü qarayaxma kampaniyalarının gözlənilən olduğunu, xüsusilə bu kampaniların kimlər tərəfindən aparıldığına baxmaq lazım olduğunu bildirərək əlavə edib ki, biz burada daha çox Qərbi, daha dəqiq desək Fransanı, ABŞ-nı, erməni lobbisi diaspora və kilsəni görə bilərik. O bildirib ki, onların hər birinin məqsədləri fərqli olsa da, əslində ortaq maraqlar çərçivəsində hərəkət etdikləri bariz şəkildə görünür: “Xüsusilə qeyd etmək lazımdır ki, Fransa Paris 2024 Yay Olimpiya Oyunlarında üzləşdiyi biabrçılığı Azərbaycanın da COP29-u keçirə bilməyəcəyi kimi qarayaxma kampaniyaları apararaq kompensasiya etmək istəyir”.

“Erməni lobbisi başa düşür ki...”

T.Rzayev həmçinin qeyd edib ki, erməni lobbisi başa düşür ki, bu tədbirin keçirilməsi Azərbaycanın prestijini artıracaq: “Çünki bu, ele belə bir tədbir deyil. Planetar səviyyədə məsələlərin müzakirə edildiyi platformadır”.
O əlavə edib ki, təbii olaraq da tədbirin keçirilməsində hər hansı bir nöqsan və ya əskiklik prestij baxımdan Azərbaycana zərər verə bilər: “Amma əksi olarsa bu, Azərbaycanın xeyrinə olacaq. Həm də bu, Azərbaycana yeni investisiyaların cəlb edilməsi baxımından da olduqca mühüm bir tədbirdir. Hesab edirəm ki, Azərbaycanın prestijinin azaldılması, regiona yeni investorların gətirilməsinin qarşısının alınması və təbii ki, Fransanın özünün üzləşdiyi biabrçılığın unudulması baxımından bu tədbirin qarşısı alınmağa çalışılır”.

“İdeoloji müstəvidə çox ciddi kampaniya aparılır”

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər söyləyib ki, Azərbaycan nə qədər müstəqil siyasət yürüdəcəksə, nə qədər Avropanın, Amerikanın, ümumilikdə Qərbin maraqları təmin olunmayacaqsa, bu hücumların olması normaldır. O bildirib ki, Formula 1 vaxtı da, həmçinin Azərbaycanda təşkil edilən digər mötəbər tədbirlər zamanı da eyni hücumlardan, taktikalardan istifadə olunub: “COP29 dünyanın ən mötəbər tədbiridir və bu tədbirdə dünyanın əksər liderləri iştirak edirlər. Belə bir nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi təbii ki, Azərbaycanın düşmənlərini qıcıqlandırır, üstümüzə daha çox gəlməyə çalışırlar”.
A.Ələsgər qeyd edib ki, bir həftə əvvəl Varşavada ATƏT-in İnsan Haqlarına dair illik hesabatı keçirilirdi, yəni fransızın, erməninin, hətta amerikalının Azərbaycana qarşı aqressiyasını başa düşürük: “Amma məsələn Zambiyadan, Nikaraquadan olan adamlar da bir çox məsələlərdə öz ölkələrindəki hər hansı bir problemi dilə gətirəndə onun yanında mütləq şəkildə Azərbaycanı misal kimi çəkirdilər. Bu da bir daha göstərir ki, Azərbaycana qarşı ideoloji müstəvidə çox ciddi kampaniya aparılır. Qərb dairələri bizə qarşı neytral ölkələrdən olan insanları belə bu kampaniyanın təsirinə sala bilirlər və Azərbaycana qarşı təzyiq kimi istifadə edirlər. Təbii ki, buna qarşı ideoloji mübarizəmizi aparmalıyıq. Vətəndaş cəmiyyəti, mediamız buna hazırlıqlı olmalıdır. Onların cavabı verilməlidir”.
O əlavə edib ki, bizim üzərimizə düşən vəzifə bu məsələlərdə ayıq-sayıq olmaqdır.

Röya