“Bu, məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürüdür” Siyasət

“Bu, məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürüdür”

"Azərbaycan prezidenti İlham Əliyev bu gün imzaladığı "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" fərmanı dövlət başçısının məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür".
Bunu Millət vəkili Elman Nəsirov deyib.
E. Nəsirov bildirib ki, prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Dövlət başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayıb, bu məsələlərə qayğı ilə yanaşıb, onların həlli ilə bağlı zəruri tədbirlər görüb: ""Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli fərmanla bağlı bir sıra məsələlərə aydınlıq gətirilməsi zəruri idi. Bu, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində, yəni keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınması ilə ödəniş məsələlərini əhatə edirdi. Bir çox halda sayğacların quraşdırılması, ödənişlərlə bağlı problemlər mövcud idi. Bu gün imzalanan fərmanda bu məsələlərə aydınlıq gətirilir. Fərmana əsasən məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğacların quraşdırılması mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlər 1 yanvar 2017-ci il tarixinədək olan mərkəzləşdirilmiş qayda ilə müəyyən olunmuş limitlər əsasında həyata keçiriləcək. Bu norma məcburi köçkünlər yeni yaşayış sahələrinə köçürülənə qədər qüvvədə qalacaq. Digər tərəfdən, fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödəniləcək. Çünki bu məcburi köçkünlər hazırda təbii qaz olmadığı üçün yalnız elektrik enerjisindən istifadə edir. Bu məcburi köçkünlərə bu halda elektrik enerjisi ilə bağlı hansı limitin müəyyənləşdirilməsi də həllini tapmamışdı. Son fərmanda bu məsələ də öz əksini tapıb. Eyni zamanda fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində, yəni keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər 1 fevral 2017-ci il tarixdən köhnə qayda ilə 20 manat müavinət alacaq.

Bu, qazlaşdırılmayan müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlərə də şamil edilir. Dəyişikliyə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi həmin kontingentin siyahısını və məskunlaşma yerlərini müəyyənləşdirərək icraya başlayacaq. Nazirlər Kabineti 3 gün ərzində limitləri müəyyən edəcək və 15 gün ərzində qazlaşma proqramını və Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb razılaşdırmaq üçün dövlət başçısına təqdim edəcək. Hesab edirəm ki, bu, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət başçısının atdığı növbəti addımdır".
Deputat Aqil Abbas da fərmanı yüksək qiymətləndirib: "Yataqxana və pansionatların bir hissəsində fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün deyildi. Elə yataqxanalar, pansionatlar da var ki, ümumiyyətlə, təbii qaz yoxdur, elektrik enerjisindən istifadə edilir. Məsələn, Azərbaycan Texniki Universitetinin yataqxanalarında seçicilərim olan məcburi köçkünlər yaşayır, mən tez-tez o yataqxanalarda oluram. O köhnə binalara qaz verilməsi belə təhlükəlidir. Bu, məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürü və vacib bir fərmandır".