Əli Həsənov: "Bölgədə işğalçılıq siyasətinin, özgə torpaqlarına iddia siyasətinin perspektivi yoxdur"
"Ötən 20 ildə Azərbaycan bütün dünyaya Dağlıq Qarabağ məsələsində özünün beynəlxalq hüquqlarını, ermənilərin Azərbaycanın torpaqlarının işğal etməsi faktını, Dağlıq Qarabağ problemi ətrafında cərəyan edən proseslərin ermənilərin Azərbaycan ərazi iddiası üzərində bərqərar olduğunu sübut etdi".
Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Ermənistan və Azərbaycan arasında 1994-cü ildə atəşkəs rejiminin əsasını qoyan Bişkek protokolunun imzalanmasından ötən 20 ilin Azərbaycana nə verdiyi barədə sualı cavablandırarkən deyib.
Ə.Həsənov qeyd edib ki, Azərbaycan atəşkəsə nail olaraq bölgədə böyük transmilli layihələrin təşəbbüskarı kimi çıxış etdi və bu layihələrin reallaşdırılmasına nail oldu.
"20 ildə Azərbaycan və Cənubi Qafqaz, o cümlədən Xəzər hövzəsi Azərbaycanın yürütdüyü transmilli siyasət nəticəsində dünyanın əsas geoiqtisadi bölgələrindən birinə, əsas beynəlxalq transmilli layihələrin reallaşdırıldığı məkanlardan birinə çevrildi və Xəzər hövzəsi dünyanın enerji təhlükəsizliyinin təminatı istiqamətində mühüm bir mənbə oldu", - administrasiya rəsmisi deyib.
Onun sözlərinə əsasən, 20 ildə Azərbaycanın siyasəti imkan verdi ki, Cənubi Qafqaz ölkələri özlərinin iqtisadi, siyasi yönlərini, regional və beynəlxalq siyasətlərinin əsas istiqamətlərini müəyyən etsinlər.
"20 ildə bir daha sübut olundu ki, bölgədə işğalçılıq siyasətinin, özgə torpaqlarına iddia siyasətinin perspektivi yoxdur", - deyə Ə.Həsənov bəyan edib.