“Sağlam, konstruktiv tənqidləri eşitməyə hazıram” Siyasət

“Sağlam, konstruktiv tənqidləri eşitməyə hazıram”

Mehriban Əliyeva: "Məqsədim odur ki, hətta tənqidə ən çox meyl edən təbəqələrin də bir müddətdən sonra tənqid üçün daha az əsası olsun"

"Məni ölkənin Birinci vitse-prezidenti postuna təyin etmək qərarı Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü olub. Əlbəttə, uzun illər ərzində təkcə Prezidentin xanımı deyil, həm də onun silahdaşı olmağım da yəqin ki, öz rolunu oynayıb".
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Rossiya 1" telekanalına müsahibəsində belə deyib.
Birinci vitse-prezident müxbirin "Siz dərhal razılaşdınızmı?" sualına cavabında deyib ki, yeni postunda Prezidentin, ən başlıcası isə ona inamı, ümidləri olan insanların etimadını doğruldacaq: "Biz müzakirələr aparır, götür-qoy edirdik. Mənim əsas tərəddüdüm üzərimə qoyulan bu məsuliyyətin öhdəsindən nə dərəcədə gələ biləcəyim müstəvisində idi. Mən birmənalı şəkildə bilirəm və əminəm ki, dövlətin maraqları ilə həyat yoldaşımın mənə tövsiyələri və deyəcəkləri tamamilə üst-üstə düşəcək. Deməli, yanımda onun simasında birmənalı şəkildə mənə kömək edəcək, hər hansı çətinliyim olarsa, məni dəstəkləyəcək, düzgün yol göstərəcək bir şəxsiyyət var. Mən Prezidentin etimadını, ən başlıcası isə inamı, ümidləri olan insanların etimadını doğrultmalıyam. Mən sağlam, konstruktiv tənqidləri eşitməyə hazıram. Hakimiyyətə müxalif olmaq olar, amma öz ölkəsinə qarşı müxalif olmaq olmaz. Bu, ən dəhşətli haldır. Mənim məqsədim odur ki, hətta tənqidə ən çox meyl edən təbəqələrin də bir müddətdən sonra tənqid üçün daha az əsası olsun." Mehriban Əliyeva bildirib ki, ilk işi respublikadakı sosial vəziyyət və əhalinin aztəminatlı hissəsi ilə bağlı problemlərin həlli olacaq. Onun sözlərinə görə, ən dəhşətlisi ictimai xadim, yaxud dövlət xidmətində işləyib-işləməməyindən asılı olmayaraq, bu problemlərə laqeyd qalmaqdır.
Mehriban Əliyeva "Rossiya 1" telekanalına müsahibəsində gələcəkdə Prezident olub-olmayacağı barədə məsələyə aydınlıq gətirib. Jurnalistin "Nə vaxtsa bu ölkəyə rəhbərlik etmək, Prezident olmaq barədə düşünmüsünüzmü?" sualına cavabında Azərbaycanın birinci xanımı deyib: "Bilirsinizmi, mən bu barədə fikirləşməmişəm və fikirləşmirəm. Bəli, mən Azərbaycanın mənafelərini müdafiə edəcəyəm. Bəli, mən Azərbaycan xalqının mənafelərini müdafiə edəcəyəm. Azərbaycan xalqı üçün önəmli olan xeyirxah işlər məhz budur. Odur ki, gələcəkdə nə olacağı barədə indidən fikir söyləmək tamamilə səmərəsiz məşğuliyyətdir".