90 milyonluq qrant ətrafında qalmaqal Siyasət

90 milyonluq qrant ətrafında qalmaqal

Əliməmməd Nuriyev: "Avropa İttifaqının Azərbaycan vətəndaş cəmiyyətinə münasibətində subyektivlik yoxdur"

"Başqa donorlardan fərqli olaraq Avropa İttifaqının Azərbaycan vətəndaş cəmiyyətinə münasibətində subyektivlik yoxdur, sui-istifadə hallarına yol vermir".
"Konstitusiya Araşdırmaları" Fondunun rəhbəri Əliməmməd Nuriyev Avropa İttifaqının Azərbaycana ayırdığı 90 milyon avro qrantla bağlı sosial şəbəkədə aparılan müzakirələrə münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycan vətəndaş cəmiyyəti ilə yaxından işləyib və əməkdaşlıq müddətində çoxsaylı layihələr icra edilib: "Ayrı-ayrı QHT-lərin illik büdcələri bəzi hallarda 1 milyon avroya çatırdı. İcmaların inkişafı da daxil olmaqla, sosial layihələrə çoxsaylı maliyyə ayrılıb, jurnalist təşkilatlarına, iqtisadi xarakterli təşkilatlara milyonlarla vəsaiti nəzərdə tutan qrantlar verilib. Sosial şəbəkələrdəki müzakirələrdə iş yerlərinin açılması barədə danışılır, bundan söhbət gedə bilməz.
Çoxmilyonlu qrant layihəsinə şübhəsiz ki, müxtəlif ekspertlər cəlb edilir, amma buna kiminsə daimi iş yeri kimi baxmaq düzgün deyil. Regionlardakı layihənin həyata keçirilməsi üçün bölgələrdən işçilər götürülürdü. Bəzi təşkilatların 60-dan artıq işçisi vardı. Bu isə davamlı qrantlar hesabına mümkün olurdu".
Əliməmməd Nuriyev əlavə edib ki, Avropa İttifaqının sərt monitorinq siyasəti var, orada hər bir layihə auditdən keçirilir, nəticələr Avropa İttifaqına təqdim edilir: "Bildiyim qədər yerlərdə çoxsaylı treninqlər keçirilib. Regional təşkilatlar da aqrar, sosial sahələrdə, məişət zorakılığının azaldılması, qadın hüquqlarını əhatə edən layihələr üzrə qalib olublar. Biz paralel götürsək, Gürcüstan və Ermənistana 3 və daha artıq dəfə vəsait ayrılıb. Azərbaycan vətəndaş cəmiyyətinin qazandığı qrant müsabiqələrinin maliyyəsi qonşu dövlətlərdən aşağıdır, onların layihəsi daha çox dəstəklənib".
O, bəzi layihələrin icrasında beynəlxalq QHT-lərin də iştirak etdiyini bildirib: "Açıq müsabiqələr olub, yaxşı layihə yazıb qalib gəliblər. Onların yerli partnyorları olub, amma peşəkar olduqlarından böyük layihələri qazanıblar".
QHT sədri rəhbərlik etdiyi təşkilatın operator təşkilat kimi Aİ-dən qrant almadığını vurğulayıb: "Yalnız bir dəfə başqa QHT ilə partnyorluq etmişik, bizə ayrılan qrant 29 min avro məbləğində olub. Bir çox hallarda Avropa İttifaqının elan etdiyi qrant müsabiqələrində iştirak etsək də, uğur qazanmamışıq".
Əliməmməd Nuriyevin sözlərinə görə, digər donorlarla müqayisədə Avropa İttifaqı subyektivliyə yol verməyib, yalnız müxalifətə yaxın təşkilatları maliyyələşdirməyib: "Bəzi donor təşkilatlar var ki, onların layihələrində bu hallara rast gəlinib, hətta sonradan layihələr dayandırılıb. Bir neçə QHT-yə böyük məbləğdə vəsaitlər ayrılmışdı, ancaq təyinatı üzrə xərclənməmişdi. Avropa İttifaqı bu məsələlərə yanaşmada daha ədalətli olub".
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard 2007-ci ildən indiyə kimi Azərbaycanda vətəndaş sektorunun 70-dək layihəsinə 90 milyon avro qrant ayrıldığını deyib.
Onun sözlərinə görə, bu vəsait qadınların kənd yerlərində işlə təmin olunması, sosial işçilər, hakimlər, jurnalistlərə treninqlərin keçirilməsi və s. layihələrə verilib. Avropa İttifaqının 90 milyon avroluq qrantının təyinatı üzrə xərclənmədiyinə dair sosial şəbəkələrdə tənqidi müzakirələr başlayıb.