22 il Şuşasız Siyasət

22 il Şuşasız

Əli Həsənov: "Şuşalılara "məcburi köçkün" ifadəsi yaraşmır"

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Əvvəlcə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin üzvləri, millət vəkilləri, Şuşa və Xankəndi ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər.
APA-nın məlumatına görə, ziyarətçilər "Əbədi məşəl" kompleksi önünə əklil qoyub, şəhidlərin ruhuna dualar oxuyub.
"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə açıqlamasında işğal olunmuş torpaqlarımızın tezliklər azad olacağına ümid etdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Şuşada, Xankəndində və digər işğal olunmuş torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq: "Azərbaycan ordusu istər sülh, istərsə də hərb yolu ilə işğal olunmuş torpaqlarımızı azad edəcək. Cənab prezidentimizin siyasəti və ordumuzun gücü ilə işğal olunmuş torpaqlarımıza qayıdacağıq".
B.Səfərov qeyd edib ki, Şuşa şəhərinin əhalisi 1989-cu ildə təxminən 20 min olub. Amma indi 31 500 nəfərdir: "O vaxt Şuşada 3000 erməni yaşayıb. Hamı bilir ki, bu gün Azərbaycan əhalisi 10 milyona çatıb. Bu ordu, inşallah, torpaqlarımızı azad edəcək. Bu gün Azərbaycan Ordusuna ayrılan vəsait Ermənistanın büdcəsindən artıqdır. Ordumuz müasir silahlarla təmin olunub. Buna görə də biz torpaqlarımızın azad olunacağına inanırıq".
Bayram Səfərov bildirib ki, 1988-ci ildən başlayaraq ermənilərin təcavüzü nəticəsində Azərbaycanın 20%-i işğal olunub, Ermənistan Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti aparıb: "BMT-nin qətnamələrinə və tələblərinə baxmayaraq, Ermənistan bu gün də işğalçılıq siyasətini davam etdirir. Bu işğalçılıq xalqımıza böyük maddi-mənəvi ziyan vurub, 1 milyon 200 min soydaşımız öz yurd-yuvasından didərgin düşüb. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur".
B.Səfərov qeyd edib ki, Şuşa Azərbaycan tarixinə dahi insanlar bəxş edib. Onun sözlərinə görə, respublikada ilk teatr, nəşriyyat, kitabxana Şuşada açılıb. Sənətkarlığın və əhalisinin çoxluğuna görə respublikada ilk yeri tutan Şuşada ermənilər 8 mədəniyyət evi, 25 tibb mərkəzi, 7 uşaq bağçası, 2 mehmanxana, Şuşa televiziyası və bir sıra tarixi mədəniyyət abidələri talan edib, yandırıb və dağıdıblar.
B.Səfərov deyib ki, bu gün qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində lazımi addımlar atılır: "Dövlət tərəfindən məcburi köçkünlərə diqqət və qayğının nəticəsi olaraq bütün qaçqın şəhərcikləri ləğv olunub. Məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində də mühüm addımlar atılıb".
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə çıxışında Dağlıq Qarabağ, o cümlədən Şuşanın işğalının müvəqqəti olduğunu və torpaqlarımızın işğaldan azad olunacağını vurğulayıb: "Şuşanın işğalı müvəqqətidir. Şuşa yerindədir və Azərbaycan ərazisidir. Ermənilər Şuşaya müvəqqəti olaraq erməniləri yerləşdirərək, orada doğulan uşağın xanəndə və ya hansısa məşhur olacağını düşünürlərsə, səhv edirlər. Orada o havanı udmaq, orada böyümək hələ şuşalı olmaq deyil. Şuşalıların üzündə bir nur var. Ermənilər orda yaşamaqla nurlu olacaqlar? Bunlar hamısı genetik proses və genetik məsələdir. Başqasının evində, yerində yaşamaq necə mümkündür? Şuşanın böyük tarixi var. Şuşa nəinki Azərbaycan, bütün türk dünyası və bəzi müsəlman dövlətlərini çıxmaq şərtilə, bütün müsəlman dünyası üçün müqəddəs şəhərdir".
Komitə sədri vurğulayıb ki, şuşalılara "məcburi köçkün" ifadəsi yaraşmır: "Çünki bu işğal müvəqqətidir. Bu gün Şuşanın yaddan çıxarılması qeyri-mümkündür. Şuşa 170 il Qarabağın mərkəzi olub. Şuşanın başı bəlalıdır, ona görə ki, dünyanın gözü ordadır. Məndəki məlumata görə, bu gün artıq xarı bülbül də Şuşada yetişmir. Bunun səbəbini bilmirəm. Bəlkə də işğala görə xarı bülbül də yetişmir".
Əli Həsənov daha sonra deyib: "Ermənilər Şuşanı işğal altında saxlamaqla nə qazanır? Heç bir şey. Biz hesab etmirik ki, Rusiya Ermənistana bizdən daha yaxşı münasibət bəsləyir. Təbii sərvəti yox, beynəlxalq nüfuzu yox".
Baş nazirin müavini bildirib ki, Azərbaycan Rusiya üçün daha əhəmiyyətlidir: "Azərbaycan Rusiyanın tərkibində müəyyən müddət olub. Biz bu gün xalq olaraq, Rusiya üçün daha əhəmiyyətli və daha faydalıyıq. Hesab edirəm ki, artıq Ermənistan Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir. Bütün hallarda dünya ermənilərin ikiüzlülüyündən yaltaqlığından istifadə edir. Ancaq müasir dünyada bunların artıq əhəmiyyəti qalmayıb. Bu baxımdan hesab edirəm ki, bugünkü Ermənistan Rusiya üçün tam faydasızdır".